Məhkəmə qərarları › İş №3(025)-309/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-309/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-309/2021 09.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin, barəsində inzibati qaydada icraat aparılan şəxs X2 və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli 09.06.2021-ci il tarixdə X2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3855/2016 nömrəli, 13.04.2016-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından 03 mart 2011-ci il tarixdə anadan olmuş X7 anası Zərərçəkmiş şəxs yanında qalması, 03 mart 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay sabit pul məbləğində 117 (yüz on yeddi) manat aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmiş, mütamadi olaraq aliment ödəməmişdir. Halhazıradək borclunun bu günkü tarixə 3269 manat aliment borcu vardır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs X5 verdiyi izahatında göstərmişdir ki, o, İİİ qrup əlildir. Sözügedən icra vərəqəsi üzrə alimenti mütamadi olaraq ödəmişdir. Lakin pandemiya səbəbi ilə maddi imkanı olduqca ağır olduğundan bir müddət ödənişləri edə bilməmişdir. Son 5 ayda aliment ödəyə bilməmişdir. Hal-hazırda işsizdir və əlil olduğuna görə səhhətinə uyğun iş yeri tapa bilməmişdir. Sözügedən alimenti ödəməkdən yayınmır. Əlilliyə görə pensiya alır və hər ay pensiyasından tutmalar aparılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X5 alimenti ödəməkdən qəsdən boyun qaçırmamışdır. 01.02.2021-ci il tarixə kimi aliment ödənilmişdir. Borclu İİİ qrup əlil olduğundan iş tapmaqda çətinlik çəkir. Hal-hazırda onun maddi imkanı olduqca aşağıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3855/2016 nömrəli, 13.04.2016-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından 03 mart 2011-ci il tarixdə anadan olmuş X7 anası Zərərçəkmiş şəxs yanında qalması, 03 mart 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay sabit pul məbləğində 117 (yüz on yeddi) manat aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli **********4 saylı arayışdan görünür ki, X5 həmin filialdan əlilliyə görə pensiya alırdı. Qəbələ rayon İcra və Probasiya şöbəsindən daxil olan təklifə əsasən 01.05.2018-ci il tarixdən 01.02.2021-ci il tarixə kimi 3848.21 (üç min səkkiz yüz qırx səkkiz manat 21 qəp) manat aliment tutularaq Zərərçəkmiş şəxs bank hesabına köçürülmüşdür. 01.02.2021-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün aliment ödənişi də dayandırılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu X5 tələbkar Zərərçəkmiş şəxs 01.05.2018-ci il və 01.02.2021-ci il tarixlər arasında 3848 manat 21 qəpik aliment ödəsə də, halhazıradək 3269 manat aliment borcu qalmışdır. Bununla da borclu X4 icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar