Məhkəmə qərarları › İş №3(025)-31/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-31/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-31/2024 31.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyindən xüsusi icazə alaraq əldə etdiyi 1 ədəd “Adler Tulpar” markalı, təklülə, 12 kalibrli, 21AZ-0120 nömrəli mülki ov silahını saxlama və gəzdirmə qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 29 noyabr 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 3(025)-668/2023 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd “Adler Tulpar” markalı, təklülə, 12 kalibirli, 21AZ-0120 nömrəli mülki ov silahı və 5 (beş) ədəd patron müsadirə edilməklə, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-5/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 3(025)-668/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi X5 izahatında göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi Səxavət Qafarov, sahə rəisi Rübail Əbdürəhimov və polis serjantı Fəxrəddin Rasimli ilə birlikdə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində reyd keçirmişdilər. Nəticədə onlar tərəfindən 5 nəfər kənd sakini saxlanılmışdır. Onlardan biridə Şəxsdur. Valeh Ədillovdan 1 ədəd “Adler Tulpar” markalı, təklülə, 12 kalibrli, 21AZ-0120 nömrəli mülki ov silahı və 5 ədəd patron götürülərək Polis Şöbəsinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyindən xüsusi icazə almış və mülki ov silahının saxlanması və gəzdirməsi qaydalarını pozduğu üçün həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində ov etmək məqsədilə Qəbələ rayonu Vəndam qəsəbəsində dağlıq meşəlik əraziyə getmişlər. Onlar 5 (beş) nəfər oraya hər biri özlərinə məxsus mülki ov silahlarını çexolda sökülü vəziyyətdə əllərində daşımaqla piyada getmişlər. Qanunsuz ov etmişdir, yəni ov etmək üçün lisenziyası olmamışdır. Bunun üçün də özünü təqsirli bilir. Silah tam sökülü halda çexolun içində olmuşdur. Silahın sənədələri vardır. Polis şöbəsində ona “silahı yığ, fotoşəklini çəkəcəyik” deyə bildirmişdilər, ona görə də işdə olan fotoda silah yığılmış halda olmuşdur. Ona protokol qanunsuz ov etdiyi üçün tərtib olunduğunu bildirmişdilər. Ona polis şöbəsində silahla bağlı heç nə bildirməmişdirlər. Protokola sadəcə imza etmişdir. Məhkəmədən ona məxsus ov tüfənginin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi Rübail Əbdürəhimov izahatında göstərmişdir ki, Qəbələ rayonu ərazisində ov üçün icazə verilməyən yerdə bir neçə şəxsin ov etməsi ilə bağlı məlumat daxil olmuşdur. Məruzə edib və özü ilə əlavə kömək götürərək həmin əraziyə getmişlər. Bir müddət sonra həmin şəxslərin dağdan düşdüyünü gördülər. Bir neçə nəfərin silahı yığılı vəziyyətdə idi, digərlərinin isə sökülü vəziyyətdə idi. Onlar ovdan gəldiklərini etiraf etdilər, lakin ov edə bilmədiklərini dedilər. Ov etmək üçün heç bir icazələri olmamışdır. Həmin şəxslərlə birlikdə Qəbələ rayon polis şöbəsinə gəlmişdirlər. Polis şöbəsində araşdırma zamanı həmin şəxslər izahatlarında ov etmək məqsədi ilə əraziyə yollandıqlarını, lakin ov edə bilmədiklərini etiraf etmişlər. Silahın gəzdirmə və saxlanma qaydalarını pozduqlarından qanunvericiliyə uyğun barələrində protokol tərtib olunmuşdur. Şəxs dağdan düşən zaman özünə məxsus mülki ov silahı sökülü vəziyyətdə çexolun içində idi. Ov etmək hüququ olmayan şəxs ümumiyyətlə silahı üzərində yığılı və ya sökülü vəziyyətdə gəzdirə bilməz, onu yaşadığı evdə təhlükəsiz şəraitdə (seyfdə) saxlamalıdır. Məhkəmə iclasında şahid Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşı polis baş serjantı X3 izahatında göstərmişdir ki, onlara Vəndam qəsəbəsi ərazisində dağda qanunsuz ov olması ilə bağlı məlumat daxil olmuşdur. Həmin ərazinin sahə rəisi Rübail Əbdürəhimovla və Səxavət Qafarovla birlikdə ora yaxınlaşıb 5 nəfər şəxsi saxlamışlar. Onlarda lazımi sənədlər olmadığına görə polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişlər. Həmin şəxsləri saxlayarkən Şəxs qaz durbasının üzərində oturmuş və silahı da əlində idi. Tam xatırlamasa da, zənnincə silah sökülməmişdir, yığılı vəziyyətdə idi. Əgər vətəndaşın ov etmək üçün icazəsi yoxdursa silahı üzərində gəzdirə bilməz. Məhkəmə iclasında şahid Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı Səxavət Qafarov izahatında göstərmişdir ki, digər polis əməkdaşına Qəbələ rayonu Vəndam qəsəbəsində ov etmək məqsədi ilə dağa gedən 5 nəfər barəsində məlumat daxil olmuşdur. Onlar deyilən əraziyə yaxınlaşmış, həqiqətən də dağdan gələn 5 nəfərin əlində mülki ov silahın olduğunu görmüşlər. Onları polis şöbəsinə təhvil vermiş, silah üzrə inspektorun otağında yoxlama aparılmışdır. Silahlardan ikisinin həqiqətən də qeydiyyatının olduğu aşkar edilmiş, digər 3 silahın polis şöbəsinin silah qeydiyyatı kitabında qeydiyyatı olmadığından qanunsuz olması nəticəsinə gəlinmişdir. Bu barədə materiallar toplanıb Qəbələ Rayon Məhkəməsinə təqdim olunmuşdur. Şəxs də onlar digər şəxslərlə birlikdə saxlamışdırlar. Valehin silahı yığılı vəziyyətdə idi. Səhv etmirsə Rəşad adlı şəxsdə silah sökülü idi. Şəxs ov üçün icazəsi olması barədə heç bir sənəd təqdim etməmişdir. Ov üçün icazəsi olmayan şəxs mülki ov silahını gəzdirə bilməz, həmin silah sökülü vəziyyətdə vətəndaşın yaşadığı evdə, dəmir seyfdə saxlanılmalıdır. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X5 tərəfindən tərtib edilmiş 29 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli özünün və şahidlərin izahatları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, işdə olan 29 noyabr 2023-cü il tarixli MN1828031 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə DİN-dən xüsusi icazə alaraq əldə etdiyi 1 ədəd 12 kalibrli, Adler Arms markalı 21AZ-0120 nömrəli yivsiz lüləli ov tüfənginin saxlama və gəzdirmə qaydalarını pozmuşdur. Şəxs inzibati xəta haqqında protokolla tanış olmuş, həmin inzibati xətanın törətdilməsi barədə qeydlər aparmış və imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 vermiş olduğu izahatında inzibati xətanın törədilməsində özünü təqsirli bilmişdir. İşdə olan 28 noyabr 2023-cü il tarixli “Mülki ov silahının, ov alətlərinin təhvil götürülməsi və növbətçi hissəyə təhvil verilməsi barədə” aktlardan görünür ki, Şəxs məxsus olan 1 ədəd “Adler Tulpar” markalı, təklülə, 12 kalibrli, 21AZ012Q nömrəli mülki ov silahını və 5 (beş) ədəd patron həmin şəxsdən təhvil götürülərək, növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 1832 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli “Adler-Arms” markalı, 21AZ-0120 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” haqqında Qaydalarının 3.2-ci maddəsinə əsasən bu Qaydaların 3.1-ci bəndində göstərilən bütün subyektlər silahları və onların döyüş sursatlarını onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalıdır. Həmin Qaydaların 3.13-cü maddəsinə əsasən vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin silahların qeydiyyatda olduğu daxili işlər orqanları vətəndaşlara məxsus olan silah və döyüş sursatının saxlanma şəraitini yoxlamaq hüququna malikdir. Yoxlama bu Qaydaların 3.10-cu və 3.11-ci bəndlərinin tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 4.4-cü maddəsinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. Göründüyü kimi yuxarıda qeyd olunan qaydalara əsasən vətandaşlar odlu ov silahını müvafiq olaraq ovla məşğul olduqları zaman gəzdirə bilər, digər hallarda isə odlu ov silahını özlərinin yaşayış yerlərində onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs ov etmək hüququnun olmadığını bildiyi halda, özünə məxsus odlu ov silahını (istər yığılı vəziyyətdə, istərsə də sökülmüş vəziyyətdə - Qaydalara görə hər iki halda yolverilməzdir) üzərində gəzdirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunur və inzibati xətanın törədilməsini tam olaraq müəyyən etmək mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi və patronlar müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd “Adler Tulpar” markalı, təklülə, 12 kalibirli, 21AZ-0120 nömrəli mülki ov silahı və 5 (beş) ədəd patron müsadirə edilməklə, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəkil Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar