Məhkəmə qərarları › İş №3(025)-312/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-312/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-312/2021 16.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzbati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X3, Müdafiəçi – Qəbələ rayon Vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1963-cü il avqustun 01-də Qəbələ rayonu Hacallı kəndində doğulmuş, ali təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Hacallı bələdiyyəsinin sədri vəzifəisndə işləyən, Qəbələ rayonu Hacallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi S.Ə.Quliyevin tərtib etdiyi 16 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-622/2019 saylı, 27.02.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Qəbələ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 16.06.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-622/2019 saylı, 27.02.2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs və X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 2(025)- 87/2018 nömrəli qətnaməsinin qismən - X2 münasibətdə ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Şəxs və X2 qarşı "vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiasının cavabdeh X2 münasibətdə rədd edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması, qətnamənin dəyişdirilmədən saxlanılmış hissəsi ilə cavabdeh Şəxs 72558,00 (yetmiş iki min beş yüz əlli səkkiz) manat məbləğində pul və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat olmaqla, cəmi 72578.00 (yetmiş iki min beş yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi 26.08.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və 27.08.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədi ilə müxtəlif idarələrə sorğular verilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə 62228 manat borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun çağırışlarına gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu çağırışlara gəlmədiyindən “borclunun axtarılması haqqında” qərar qəbul olunmuş və Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Borclunun izahatı alınmış və borcunu 5-6 il ərzində ödəmək imkanında olduğunu bildirmişdir. Həmçinin borclu icra sənədini icra etməkdən müxtəlif vasitələrlə yayınmışdır. Belə ki, icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədi ilə müxtəlif idarələrə sorğular verilmişdir. Şəxs adına Qəbələ rayon Hacallı kəndində mülkiyyətində olan 0,08 ha torpaq sahəsi və 4 nəfər ailə üzvü ilə birlikdə 0,34 ha həyətyanı torpaq sahəsi müəyyən olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli 8(025)-144/2019 nömrəli qərardadına əsasən Şəki Apellyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2(107)-622/2019 saylı icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu Şəxs Qəbələ rayonu Hacallı kəndində mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına (q/n – ********* olan çıxarış) və ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,34 ha kənd təsərrüfatlı torpaq sahəsinə onun payına düşən hissədə həbs qoyulması qərara alınmışdır. Sözügedən qərardaddan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 10.02.2020-ci il tarixli 8(107)-8/2020 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli 8(025)- 144/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-nin 070/21 saylı 11.01.2021-ci il tarixli rəyinə əsasən 0,34 ha torpaq sahəsi 34000 manat və 0,08 ha torpaq sahəsinin ümumi dəyəri 8664 manat müəyyən edilmişdir. Üzərinə həbs qoyulmuş və qiymətləndirilmiş torpaq sahəsi tələbkar X7 təklif edilmiş, tələbkar borcluya düşən payını almaqdan imtina etmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Hazırda Dadaşov X4 İbahim Umud oğluna bu günə qədər heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs isə borcunun ödənilməsini tələb edir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmır. Onun zərərçəkmiş şəxs X7 qarşı əslində hal-hazırda icra sənədində göstərilən qədər pul öhdəliyi olmamışdır. Lakin onun hal-hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Gələcəkdə, 5-6 il ərzində borcunu hissə-hissə ödəyə bilər. Özü İİ qrup əlildir və qərardan qəbul edilərkən bu halların nəzərə alınmasını, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi - Qəbələ rayon Vəkil bürosunun vəkili Qəribov X1 İntiqam İkram oğlunun maddi vəziyyəti ilə əlaqədar borcunu ödəməkdə çətinlik çəkdiyini, borcunu ödəməkdən qəzərli şəkildə yayınmadığını, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X8 izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-622/2019 saylı, 27.02.2019-cu il tarixli icra sənədinin icrasını borclu şəxs bilərəkdən icra etmir. Borclunun əməllərində qərəzlilik olduğunu, ona görə də, Şəxs inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesində borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Şəki Apellyasiya Məhkəməsinin 2(107)-622/2019 saylı, 27.02.2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs və X6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 2(025)- 87/2018 nömrəli qətnaməsi qismən - X2 münasibətdə ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Şəxs və X2 qarşı "vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiasının cavabdeh X2 münasibətdə rədd edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması, qətnamənin dəyişdirilmədən saxlanılmış hissəsi ilə cavabdeh Şəxs 72558,00 (yetmiş iki min beş yüz əlli səkkiz) manat məbləğində pul və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat olmaqla, cəmi 72578.00 (yetmiş iki min beş yüz yetmiş səkkiz) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin 27.08.2019-cu il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-622/2019 saylı, 27.02.2019-cu il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - Qəbələ Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli 8(025)-144/2019 nömrəli qərardadına əsasən Şəki Apellyasiya Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 2(107)- 622/2019 saylı icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclu Şəxs Qəbələ rayonu Hacallı kəndində mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına (q/n – ********* olan çıxarış) və ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,34 ha kənd təsərrüfatlı torpaq sahəsinə onun payına düşən hissədə həbs qoyulması qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin 10.02.2020-ci il tarixli 8(107)-8/2020 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 18.12.2019-cu il tarixli 8(025)-144/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, 27.08.2019-cu il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında maddi imkanı zəif olduğundan borcunu ödəyə bilmədiyini bildirmişdir. - Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş “Elektron sistem”dən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə hesab edir ki, borcunu ödəmək üçün maddi imkanının zəif olması barədə Şəxs dəlilləri qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun hal-hazırda maddi imkanın aşağı olması barədə dəlili onu borc öhdəliyindən azad etmir. Bundan əlavə borclunun borcunu faktiki olaraq işləyərək ödəməsi barədə dedikləri heç bir sübutlarla təsdiq olunmur. Göstərilən xüsusatlar Şəxs maddi durumunun ağır olmasına yox, borc öhdəliyinə səhlənkar yanaşmasına və borcunu ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Çünki borclu borcundan bu günə qədər heç bir ödəniş etməmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə borcu ödəməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxsnın icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini, yaşını, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar