Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-313/2023 07.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil İsgəndər oğlunun iştirakları ilə Şəxs - 1952-ci il oktyabrın 23-də Qəbələ rayonu Bunud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 iyun 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Bunud kənd sakini Şəxs mərhum qardaşının oğlu Zərərçəkmiş şəxs çəkdiyi dəmir listlərdən və demir setkadan ibarət hasarı aşırmaqla sonuncuya 50 (əlli) manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 19 iyun 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Bunud kənd sakini Şəxs mərhum qardaşının oğlu Zərərçəkmiş şəxs çəkdiyi dəmir listlərdən və demir setkadan ibarət hasarı aşırmaqla sonuncuya 50 (əlli) manat maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs mərhum qardaşı Əlibabanın oğludur. Zərərçəkmiş şəxs 31 may 2023-cü il tarixdə DİN-in qaynar xəttinə etdiyi müraciətində qeyd olunan hasarı aşırmışdır. Buna səbəb həmin hasarın çəkildiyi xəttin hər iki tərəfində yerləşən torpaq sahələrinin ona məxsus olmasıdır. Elvin əsassız şəkildə sözügedən hasarı çəkməklə onun həyətinin qarşısını bağladığını və dəfələrlə Elvindən həmin hasarı sökməsini xahiş etməsinə baxmayaraq sonuncunun onun tələblərinə məhəl qoymadığına görə məcburən həmin hasarı özü aşırmışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil İsgəndər oğlu göstərmişdir ki, Şəxs tərəfindən aşırılmış hasar onun öz mülkiyyətində yerləşir və mülkiyyətində yerləşməsinə dair çıxarış da vardır. Əslində onlar arasında torpaq mabahisəsi vardır. Göstərilənləri nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əmisidir. Əmisi Maariflə aralarında mərhum atasından ona və ailə üzvlərinə miras qalmış torpaq sahələrinə sahiblənmək üstündə təxminən 4-5 il müddətdir ki, mübahisələri davam edir. Belə ki, Maarif dəfələrlə onların barəsində Qəbələ rayon məhkəməsinə müraciətlər edərək mərhum atasından ona və ailəsinə miras qalmış torpaq sahələrinə yiyələnmək istəmişlər. 31 may 2023-cü il tarixdə rəsmi iş yerim olmadığına görə Bakı şəhərində işlədiyim zaman anası Laləgül onun mobil nömrəsinə zəng vuraraq əmisi Maarifin onun çəkdiyi dəmir və setka hasarı yararsız hala saldığını bildirmişdir. Həmin gün Bakı şəhərində olduğuna görə bu barədə dərhal DİN-in qaynar xəttinə müraciət edərək məlumat vermiş, 03 iyun 2023-cü il tarixdə əmisi Maarif tərəfindən yararsız hala salınmış hasarının yerləşdiyi bağ sahəsinə getdiyi zaman hasarın özünə məxsus bağ sahəsi istiqamətində aşırdıldığına şahidlik etmişdir. Lakin hasarda olan dəmir listlərin və setkaların yerində olduğunu, sadəcə olaraq həmin hasarın yenidən əvvəlki vəziyyətində bərpa edilməsi üçün zəhmət haqqı formasında təxminən 50 (əlli) manat xərcin olacağını və buna əsasən əmisi Şəxs ona məxsus hasarı aşırması nəticəsində ona ümumilikdə təxminən 50 (əlli) manat maddi ziyan dəymişdir. Əmisi Şəxs barəsində etdiyi əməlinə görə şikayətçidir və həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK- 1/688 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti Qəbələ rayonu Bunud kəndində anadan olan və hal-hazırda ünvan 2 ünvanında yaşayan Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədi ilə Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-313/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-313/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver