Məhkəmə qərarları › İş №3(025)-315/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-315/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-315/2023 03.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuş, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:45 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində sürücülük vəsiqəsi olmadan OPEL ASTRA minik markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, baş yolda hərəkət edən Zərərçəkmiş şəxs tərəfindən idarə olunan KİA CEED minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:45 radələrində Qəbələ rayonu, Nohurqışlaq kənd istiqamətində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan OPEL ASTRA minik markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə baş yolda hərəkət edən Zərərçəkmiş şəxs tərəfindən idarə olunan KİA CEED minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs hadisə yerindən yayınmışdır. Bir müddət keçdikdən sonra avtomobilsiz hadisə yerinə qayıtmışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 28 iyun 2023-cü il tarixdə saat 02:45 radələrində etibarnamə ilə sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə etdiyi OPEL ASTRA markalı ** EX *** dövlət qeydiyyat markalı avtomaşınla Qəbələ rayon Nohurqışlaq kəndində hərəkətdə olub. İdarə etdiyi avtomobilin qabaq sağ təkəri anidən boşluqa düşdükdən sonra, o, idarə etməni itirərək qarşı tərəfdən gələn KİA CEED markalı ** FA *** nömrəli avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı bədən xəsarəti almamışdır. Hadisədən sonra idarə etdiyi avtomaşını hadisə yerindən götürüb yaxınlıqda olan qohumunun həyətinə aparıb saxlamışdır. Sonra hadisə yerinə qayıtmışdır. Etdiyi əməldən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (KİA CEED minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 28 iyun 2023-cü il tarixdə saat 02:45 radələrində Bakı şəhərindən Qəbələ rayonu, Nohurqışlaq kənd istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn avtomobilə catmağa təxminən 10-15 metr qalmış qəfldən OPEL ASTRA markalı ** EX *** dövlət qeydiyyat markalı avtomobil sağ tərəfə keçərək onun avtomobilini vurmuşdur. 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisəni törədən şəxs ona “polisə ehtiyac yoxdur, mən düzəltdirəcəm maşını” desə də, o, cavabında “bu kiçik bir hadisə deyil qanunla həll olunmalıdır” demişdir. Polisi gözləyən zaman Tural avtomobilinə oturaraq hadisə yerini tərk etmişdir. Turalın içkili olması hiss olunurdu. Hadisə nəticəsində avtomobilə dəymiş ziyan aktda qeyd olunmuşdur. Avtomobilinə dəymiş ziyan Şəxs tərəfindən ödənilməyib, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 28 iyun 2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 iyul 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. . Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar