Məhkəmə qərarları › İş №3(025)-317/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-317/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-317/2022 03.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Masallı rayon, Kalinovka kəndində anadan olmuş, Masallı rayon, Kalinovka kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Qəbələ rayonu, Laza kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq inzibati xəta törətmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Elmar Sahib oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Qəbələ rayonu, Laza kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq inzibati xəta törətmişdir. Bu səbəbdən barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirmişdir ki, tanışı Vüqar təxminən 1 həftə əvvəl ona zəng edərək bildirdi ki, Qəbələ rayonuna dağ massivinə getmək üçün yol yerini düzəltmək üçün əlköməyinə ehtiyac var. O həmin şəxsin təklifini qəbul etdi və Qəbələ şəhərinə gəldi, onlar işə başladılar. Belə ki, Vüqar Ural markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə tur təşkil edərək adambaşı 20 manatdan Qəbələ rayonu, Laza kəndində yerləşən Mucuq şəlaləsinə tur təşkil edərək adamları aparıb gətirir. O da həmin yerdə yolu açanlara köməklik edirdi. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində polis işçiləri, yol patrul xidmət əməkdaşları Ural markalı avtomobili mühazirəyə aldığını görüb onlara yaxınlaşdı. Dedi ki mübahisəyə ehtiyac yoxdur, hara lazımdır özləri gedir. Lakin yol patrul xidmətinin əməkdaşları avtomobili cərimə meydançasına aparmalı olduqlarını bildirdikdə maşının açarının onda olduğunu bildirdi. Lakin ara qarışdı və onu 4 nəfər döyüb maşına basdılar. Məhkəmə iclasında şahid X10 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində birlikdə xidmətdə olduğu YPXİ polis baş serjantı Nəsibov Pərvizə telefon zəngi gəldi və Qəbələ rayon Laza kəndində köməyə ehtiyac olduğu bildirildi. Deyilən yerə dərhal getdilər. bu zaman 2 nəfər şəxsin – Kərimov Vüqar və Salmanov Elmanın yüksək səslə nalayiq ifadələr işlətdiyini, cəmiyyətə açıq-aşkar hörmətsizlik etdikləri, polisin qanuni tləbinə qanuni tələbinə tabe olmadıqlarını gördülər. onlar həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxslər öz hərəkətlərinə davam edirdi, öz üst-başlarını cırmağa başladılar. Onların hər ikisini Qəbələ RPŞ-nin növbətçi hissəsinə təhvil verdilər. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə dislokasiya üzrə ərazisi olan Qəbələ rayon Laza kəndində avtomobillərin sıxlığını nəzərə alıb həmin ərazidə bölmə rəisi polis mayori X4 və YPXBİ polis leytenantı X7 ilə birlikdə KİA markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət apardıqları zaman həmin ərazidə yerləşən Dəmiaparan çayının içi ilə Ural markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20-25 nəfər sərnişinin olduğu, heç bir təhlükəsizlik tədbirləri görülmədən kustar üsulla hazırlanmış yük yeri quraşdırılması aşkar edildi. Həmin avtomobili saxlayaraq sürücüyə yaxınlaşdılar. Özünü təqdim edərək müvafiq sənədləri təqdim etdi. Sürücü heç bir sənədin olmadığını bildirdi. O da maşını mühafizə olunan dayanacağa sürməsini tələb etdi. Bu zaman iki nəfər tanımadıqları şəxs özlərini tur rəhbəri kimi təqdim edərək avtomobilin dayanacağa aparılmasına maneə olmağa başladılar. Həmin şəxləri nizam intizama dəvət eləsələr də onlar qanuni tələblərə tabe olmadılar. Vüqar və Elmar nizam intizamı pozaraq səs-küy salaraq ətrafdakı insanları cəlb edirdilər. bu səbədən onlar polis şöbəsindən əməkdaşlarını dəvət etdilər. Həmin şəxsləri Qəbələ RPŞ-nin növbətçi hissəsinə təhvil verdilər. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan 02 avqust 2022-ci il tarixli ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X8 02 avqust 2022-ci il tarixdən saat 21:30-dan 03 avqust 2022-ci il tarixədək saat 10:35-dək inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, 02 avqust 2022-ci il tarixdən saat 21:30-dan 03 avqust 2022-ci il tarixədək saat 10:35-dək hazırki iş üzrə inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, Şəxs tətbiq edilən cərimənin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tədbiq olunaraq, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar