Məhkəmə qərarları › İş №3(025)-318/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-318/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-318/2021 22.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun və müdafiəçi Vəkil iştirakları ilə, 29.06.1973-cü ildə Rusiya Federasiyası, Krasnoyarsk şəhərində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan Şəxs oğlunun barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 iyun 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi polis baş leytenantı X7 tərəfindən Şəxs oğlu barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs oğlu 22.06.2021-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bununla da, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 22 iyun 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi polis baş leytenantı X7 göstərdi ki, Şəxs oğlu 22.06.2021-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs oğlu barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 22 ildir X4 ilə evlidir və onların birgə nigahdan iki qız övladı vardır. Cəmilə Xanaliyeva onun balaca qızıdır. Cəmilə onun ilə bir evdə yaşayır. Onlar evli olduqları müddətdə arvadı Qönçə ilə onların arasında mütəmadi olaraq ailə münaqişləri baş verir. 25.05.2021 -ci il tarixdə işdən çıxıb bir sipirtli içki qəbul edib evə gəlmişdir. Lakin həmin vaxt qızı Cəmilə ilə arasında heç bir münaqişə baş verməmişdir. O, qızı Cəmiləni döyməmişdir. Sadəcə olaraq o, spirtli içki qəbul etdiyi üçün arvadı Qönçə ona bu cür şər böhtan atır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X5 onun anası, X6 isə onun atasıdır. Atası Cəlillə və anası Qönçə ilə birlikdə yaşayır. X11 mütəmadi olaraq sipirtli içki qəbul edib evə gəlir və heç bir səbəb olmadan evdə münaqişə yaradır. 25.05.2021-ci il tarixdə saat 17 radələrində kursdan evə gəldi və gördü ki, atası sərxoş vəziyyətdə evdədir və evin qarşısında olan gül qablarını aşırıb içərisində olan gülü və torpağı yerə boşaldır. O, həmin vaxt atasına yaxınlaşıb dedi ki “ata sən nə üçün gülü yerə dağıdırsan”. Həmin vaxt atası “yaxşı edirəm” deyib onun üzərinə gələrək, başını əli ilə tutub evin qapısına vurmuş, o, başından və sağ əlinin baş barmağı qapının arasında qalaraq xəsarət almışdır. Saat 18:30 radələrində anası işdən evə gəlmiş, atası onunla da heç bir səbəb olmadan münaqişə etmişdir. Sonra o, anasına atasının onu döydüyünü bildirmişdir. Anası da buna görə AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verib, sonra isə ərizə ilə müraciət etmişdir. Sonda isə Şəxs oğlu ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 01.06.2021-ci il tarixli 208 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sağ qulaq seyvanının arxa yuxarı və sağ əlin İ barmağının əsas falanqasının üst səthinin sıyrıqdan sonrakı izi kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 25 may 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/542 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs oğlu həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdıran hal hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu ki, Qəbələ Rayon Məhkəməsinin 3(025)-476/2021 saylı 28 noyabr 2020-ci il tarixli qərarı ilə Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 iyun 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar