Məhkəmə qərarları › İş №3(025)-32/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-32/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-32/2025 11.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1960-ci il iyunun 01-də Oğuz rayon Kərimli kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən 24 yanvar 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Zarağan 2, Qaçqın şəhərciyinin arxa tərəfində Dəmiraparan çayının sağ sahilində ov qaydalarını kobud şəkildə pozaraq 1 ədəd oxlu kirpini qanunsuz ovlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 24 yanvar 2025-ci il tarixdə MN ******* nömrəli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Zarağan 2, Qaçqın şəhərciyinin arxa tərəfində Dəmiraparan çayının sağ sahilində ov qaydalarını kobud şəkildə pozaraq 1 ədəd oxlu kirpini qanunsuz ovlamışdır. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokoll tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostu və həmkəndlisi Rizvan Kərimov ona zəng edərək Qəbələ rayonunda Oxlu Kirpinin yuvasını tapdıqlarını, bir yerdə gedib çıxardıb və bişirib yeməyi təklif etmişdir. O da razılaşmışdır. xx.xx.2025-ci il tarixdə ona məxsus avtomobillə Rizvanı da götürüb Qəbələ Rayonunda Hərbi Şəhərciyin qarşısına gəlib saat 10 radəsində Tərlanla görüşmüşlər və onunla birlikdə çay kənarına yuvanın yanına getmişlər. Birlikdə gətirdikləri əşyalarla quyunun, yəni yuvanın giriş hissəsinin ətrafını qazmağa başlamışlar. Təxminən 50-60 sm qazdıqdan sonra yuvanın içərisindən 1 ədəd Oxlu Kirpi üstlərinə gəlmişdir. Rizvan Kərimov əlindəki dəhrə ilə heyvanın baş nahiyyəsindən vurmuşdur. Heyvan yıxılandan sonra bıçaqla baş nahiyyəsini kəsmişdir. Təxminən 5 dəqiqə keçdikdən sonra polis əməkdaşları onlara yaxınlaşmışdır. Çöl heyvanı alan Oxlu Kirpinin ovlanması ilə bağlı rəsmi sənədlərimin olub-olmamasını soruşmuşdur. Ovla bağlı rəsmi icazə almadığından onu, Rizvanı və Tərlanı polis şöbəsinə gətirmişlər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 18 yanvar 2025-ci il tarixli “qanunsuz ov zamanı istifadə edilmiş ov alətləri və ovlanmış oxlu kirpinin götürülməsi barədə” aktdan görünür ki, Şəxs, X5 və X1 xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Zarağan kəndində Qaçqın şəhərciyinin arxa tərəfində Dəmiraparan çayının sağ sahilində qanunsuz oxlu kirpi ovu edərkən istifadə etdiyi bir ədəd bel, bir ədəd lapatqa, bir ədəd külüng, bir ədəd dəhrə və bir ədəd oxlu kirpi tərəflərindən götürülmüşdür. İş materiallarında olan 18 yanvar 2025-ci il tarixli “qanunsuz ovlanmış 1 baş oxlu kirpinin qidaya yararsız olub-olmamasının müəyyən olunması və məhv olunması barədə” aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə qanunsuz ovlanmış 1 baş oxlu kirpiyə orqanoleptik baxış keçirilmiş, baxış zamanı oxlu kirpinin əti iylənmiş vəziyyətdə olduğundan insan qidası üçün yararsız olduğu müəyyən olunmuş və tərəflərindən məhv olunaraq basdırılmışdır. İş materiallarında olan 18 yanvar 2025-ci il tarixli “ov alətlərinin təhvil verilməsi barədə” aktdan görünür ki, Şəxs, X5 və X1 xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Zarağan kəndində Qaçqın şəhərciyinin arxa tərəfində Dəmiraparan çayının sağ sahilində qanunsuz oxlu kirpi ovu edərkən istifadə etdiyi bir ədəd bel, bir ədəd lapatqa, bir ədəd külüng, bir ədəd dəhrə götürülərək araşdırma müddətində saxlanılması üçün saxlanca təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 23 yanvar 2025-ci il tarixli, 3-14-45/2-032/2025 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 176 saylı qərarına uyğun olaraq 1 (bir) baş oxlu kirpinin ovlanması zamanı təbiətə dəymiş ziyanın məbləği 11 (on bir) manatdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını və yaşını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən, Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ov etmək hüququ mövcud deyildir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd bel, bir ədəd lapatqa, bir ədəd külüng və bir ədəd dəhrə müsadirə edilməklə, 1000 (bir min) manat məbləğdə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd bel, bir ədəd lapatqa, bir ədəd külüng və bir ədəd dəhrə müsadirə edilməklə, 1000 (bir min) manat məbləğdə cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar