Məhkəmə qərarları › İş №3(025)-320/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-320/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-320/2022 04.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayon, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayon, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Qəbələ rayonu Nic qəsəbəsində ictimai yerdə uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 Vadim Voroşiloviçin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Qəbələ rayonu Nic qəsəbəsində ictimai yerdə uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində spirtli içki qəbul etmiş vəziyyətdə Nic qəsəbəsinin Qaçabəyli məhəlləsinə gedərək mərkəzi küçədə, 5 nömrəli məktəbin yanında ünvanlı və ünvansız söyüşlər söyərək, uca səslə təhqiramiz ifadələr işlətmişdir. Həmin vaxtı çox sərxoş olduğundan hadisənin çox hissəsi yadında qalmayıb. Daha sonra isə atası gəlib onu evə aparmışdır. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 21:30 radələrində spirtli içki qəbul edərək Nic qəsəbəsi, Qacabəyli məhəlləsi 5 mömrəli məktəbin qarşısında mərkəzi küçəyə gələrək ünvanlı-ünvansız uca səslə söyüşlər söymüşdür. Həmin vaxtı mərkəzi küçədə təxminən 50-60 nəfər var idi. Daha sonra təxminən 23:00 radələrində atası Voraş və qonşusu Vadimi götürərək evə aparmışdı. Məhkəmə iclasında şahid X7 şahid X3 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar