Məhkəmə qərarları › İş №3(025)-320/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-320/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-320/2025 08.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1995-ci il dekabrın 01-də Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru T.A.Həsənquliyevin tərtib etdiyi 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-837/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki Qəbələ Rayon Məhkəməsinin 2(025)-837/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədinə əsasən Cavabdeh Şəxs 25.000,0 (iyirmi beş min) manat və 165,0 (bir yüz altmış beş) manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün icra sənədi üzrə borcluların ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etmələri bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədi tam təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-837/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Lakin borclu icra sənədnin icrasını təmin etməyərək Qəbələ Rayon Məhkəməsinin 2(025)-837/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədi üzrə bu günə qədər heç bir ödəniş etməmişdir. Həmçinin “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlak aşkar edilməmişdir. Şəxs ölkədən getmək hüququ məhkəmə qərarı əsasında məhdudlaşdırılmışdır. Şəxs icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmişdir. Hətta tələbkar dəfələrlə icra şöbəsinə müraciət etdiyindən Qəbələ rayon Polis şöbəsinə müraciət edilərək axtarış tədbirlərinin gücləndirilməsi xahiş etmişdir. Bu gün isə axtarışla şöbəyə gətirilmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailə üzvlərinin zəbtində bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi vardır. Xeyli müddətdir ki, həmin torpaq sahəsinin sənədləşmə işlərini görürlər. Artıq sənədləşmə işləri yekunlaşmış və torpaq sahəsini satışa çıxarmışlar, hətta beh almışlar. Aldıqları behin müəyyən hissəsini isə bələdiyyəyə ödəmişlər. 10 gün ərzində isə alqı-satqı tamamilə yekunlaşacaqdır və onlara 19000 manat pul çatacaqdır. Həmin pulu tələbkara ödəyib qalan məbləğ barədə razılaşmaq istəyir. Özü Bakı şəhərində işləyir. Telefonunda nasassızlar olduğundan icra şöbəsinin zənglərinə cavab verə bilməmişdir. Ona vaxt verilərsə borcunu ödəyəcəkdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X2 Həmid Əlif oğlunun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs dəfələrlə vaxt vermiş, lakin heç bir nəticəsi olmamışdır. Həmid qaçaraq gizlənmiş, atası isə oğlunu pul öhdəliyindən yayındırmağa çalışmışdır. Özünün maddi imkanı və ailə vəziyyəti çox pis vəziyyətdədir. Həmid borcunu ödəmədiyinə görə onun da borclu olduğu şəxslər polis şöbəsinə müraciət edilər. Borcunun ödənilməsini xahiş edir. Əks təqdirdə Şəxs barəsində ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni zərərçəkmiş şəxs və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-837/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədinə əsasən Cavabdeh Şəxs 25.000,0 (iyirmi beş min) manat və 165,0 (bir yüz altmış beş) manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyevin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-837/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədləri üzrə tələbi yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında maddi imkanı zəif olduğuna görə borcularını ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hal-hazırda maddi imkanının olmaması barədə Şəxs dəlilləri əsaslı deyil və qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun hal-hazırda maddi imkanının olmaması barədə dəlili qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından, o cümlədən borc öhdəliyindən azad etmir. Göstərilən xüsusatlar Şəxs maddi durumunun ağır olmasına yox, borc öhdəliyinə səhlənkar yanaşmasına və borcu ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 iyul 2025-ci il saat 16:50-dən hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar