Məhkəmə qərarları › İş №3(025)-321/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-321/2022

07.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-321/2022 07.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Rusiya Federasiyası, Rostov vilayətində anadan olmuş, Rusiya Federasiyasında qeydiyyatda olan və Qəbələ rayon Nic qəsəbəsində yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Qəbələ rayon, Zarağan kəndində ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis baş leytenantı X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Qəbələ rayon, Zarağan kəndində ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayon, Zarağan kəndinin mərkəzində sonradan adı ona məlum olan Adil adlı şəxslə mübahisəsi düşdü. Belə ki, dayanacağın arxasında dostu Qeverkov Aleksandr ilə söhbət edən zaman Adil gəlib söhbətə qarışdı. Onlara erməni dediyinə görə aralarında dava başladı. Camaat onların ətrafına yığıldı. Qışqıra-qışqıra deyirdi ki, bunları tutun ermənidilər. Daha sonra polis əməkdaşı yaxınlaşdı və onları nizam intizama dəvət etdi. Həmin vaxt içkili vəziyyətdə idi, hərəkətlərinə nəzarət edə bilmirdi. Dostu Aleksandr da yanında idi və o da içkili vəziyyətdə idi. Heç bir səbəb olmadan Aleksandr ünvanlı-ünvansız söyüşlər söyürdü, o dostunu sakitləşdirməyə çalışırdı. Səs-küyə xeyli insan yığışdı. O, Aleksandırı sakitləşdirə bilmirdi. Polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, onlar içkili olduqlarından bu tələblərə məhəl qoymamışlar. Daha sonra isə polis əməkdaşları onları şöbəyə apardılar. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, Qəbələ rayonu Zarağan kəndinin mərkəzində yem məhsulları satır. Təxminən saat 19:30 radələrində onunla qonşuluqda işləyən Əhmədalı Cəbrayılovun iki nəfər sərxoş şəxslə mübahisə etdiyini gördü və onlara yaxınlaşdı, həmin iki nəfər şəxs Əhmədalı Cəbrayılovu yüksək səslə ictimai yerdə söyərək təhqir edirdilər. O, həmin şəxslərə ictimai yer olduğunu və söyüş söyməmələri barədə xəbərdarlıq etsə də onlar məhəl qoymadılar və o, AR DİN-nin “102” xidmətinə məlumat verdi. Təxminən bir neçə dəqiqə sonra adını sonradan bildiyi Daşqın adlı polis əməkdaşı onlara yaxınlaşaraq həmin iki nəfər şəxsə söyüş söyməmələrini, ictimai asayişi pozmamalarını xahiş etdi, lakin həmin iki nəfər şəxs polis əməkdaşının qanuni tələblərini qəsdən nümayişkaranə pozaraq onu söyüb təhqir etməyə başladı. Dəfələrlə polis əməkdaşları onları nizam intizama dəvət etsələrdə onlar bilərəkdən və qəsodən polisin qanuni tələblərini pozaraq onlara əməl etməyərək polis əməkdaşlarına əl-qol atmağa və onları təhqir etməyə davam edirdi. Sonra həmin yerə əlavə dəstək polis əməkdaşları gəldi və izahatlarının alınması üçün Qəbələ rayon polis şöbəsinə apardılar. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:15 radələrində Qəbələ rayonu Zarağan kəndində işdən evə gedərkən kəndin mərkəzində adları sonradan ona məlum olan Qəbələ rayon Nic qəsəbəsində yaşayan xx.xx.1996- cı il təvəllüdlü X1 və X3 uca səslə ünvanlı ünvansız nalayiq ifadələr işlətməsini, söyüşlər söyməsini, kənardakı şəxslərin ətrafa toplaşmasını gördü. Həmin şəxslərə yaxınlaşaraq törətdikləri əməlin hüquq pozuntusu olmasını, hərəkətlərinə son qaymasını bildirərək, onları nizam- intizama dəvət edərək sakitləşdirməyə çalışdı, Lkin həmin şəxslər ətrafdakı digər vətəndaşların nəzərini özünə cəlb edərək, nümayişkaranə hərəkətlər edərək qəsdən qanuni tələbimə tabe olmayaraq, hərəkətlərini davam etdirdi. Həmin şəxslər qəsdən qanuni tələblərimə tabe olmaq istəmir, polisin mənafeyinə xələl gətirəcək hərəkətlər edir, bununla da ətrafdakı digər vətəndaşlann nəzərlərini özlərinə cəlb edərək, qərəzli hərəkətlər edirdilər. Adları qeyd olunan şəxsləri təkrar, bir neçə dəfə nizam-intizama dəvət edərək onları sakitləşdirməyə çalışdı, lakin səyləri nəticə vermədi, buna görədə Qəbələ rayon polis şöbəsinin Növbətçi Hissəsinə bu barədə məlumat verərək digər əməkdaşları köməyə çağırdı, həmin şəxslər şöbəyə gətirilərək Növbətçi Hissəyə təhvil verildi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 06 avqust 2022-ci il tarixdən saat 23:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar