Məhkəmə qərarları › İş №3(025)-321/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-321/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-321/2024 24.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyон Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərkər oğlu və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qəbələ rayonu Bayramkoxa kəndində yaşayan Şəxs Sərkər oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Sərkər oğlu barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 2012640) tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Qəbələ şəhəri M.Abduyev küçəsi bina 53, mənzil 117-də yerləşən evlərində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Sərkər oğlu özünü inzibati xəta törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2006-cı il tarixdə evlənmiş, həmin nikahdan iki uşaqları olmuş və ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri M.Abduyev küçəsi bina 53, mənzil 117-də yaşamışlar. 08 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixdə, saat 01:30 radələrində yaşadıqları evdə olarkən Validənin yataq otağında təmizlik işləri görərək səs salmasına görə aralarında mübahisə başlamış və o, həmin vaxt döşəməsiləni Validənin əlindən alaraq dəstəyi ilə onun sol ayağının dizdən aşağı tərəfinə bir dəfə vurmuşdur. Hadisədən dərhal sonra əməlindən peşman olmuş və Zərərçəkmiş şəxs üzr istəsə də, onunla barışa bilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Şəxs Sərkər oğlu ilə 2006-cı il tarixdə evlənmiş, həmin nikahdan iki uşaqları olmuş və ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri M.Abduyev küçəsi bina 53, mənzil 117-də yaşamışlar. 08 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixdə, saat 01:30 radələrində yaşadıqları evdə, o, yataq otağında təmizlik işləri görərkən Şəxs Sərkər oğlu sərxoş olduğuna görə onunla mübahisə etməyə başlamış və həmin vaxt döşəməsiləni onun əlindən alaraq dəstəyi ilə onun sol ayaq nahiyəsindən vurmuşdur. Şəxs Sərkər oğlu mütəmadi olaraq sərxoş olduğu vaxtlarda onu döydüyünə görə ondan şikayətçidir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 270 saylı ekspert rəyinə əsasən 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində sol baldırın ön yuxarı 1/3-nin qançırı kimi xəsarəti, vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən törənmişdir. Həmin xəsarət xx.xx.2024-cü il tarixdə, göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Sərkər oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Əməlindən səmimi peşmançılıq çəkməsi Şəxs Sərkər oğlunun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta törədən şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alıb barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Sərkər oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 300 ( üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İPŞ-ə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəmənin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar