Məhkəmə qərarları › İş №3(025)-325/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-325/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-325/2024 27.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X10 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə İmişli rayonunda anadan olmuş, AR vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə saat 05-00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində ictimai məkanda ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə, saat 05-00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində ictimai qaydanı qoruyan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə 1 il 6 ay bundan əvvəl bacısı Ülviyyə Mütəllimova halhazırda cəza çəkmə müəssiəsində olan Cahangir adlı şəxsdən almışdır. xx.xx.2024-cü il tarixdə Ülviyyə ona zəng edərək Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən evinin kənar şəxslər tərəfindən tutulduğunu bildirmiş və o, Bakı şəhərindən çıxaraq Qəbələ rayonu, Vəndam qəsəbəsinə gəlmişdir. Həmin vaxt bacısı Ülviyyəyə məxsus olan həyətdə kənar adamlar olmuş və darvaza bağlı olmuşdur. Ülviyyənin küçədə dayanıb həyədkəki qadınlarla mübahisə etdiyini görmüş, onu sakitləşdirərək həyətə keçmiş və içəridə olan kənar şəxsləri qorxudaraq həyətdən çıxarrtmaq məqsədilə yerdən götürdüyü kəsici predmetlə sol qolunu yaralamışdır. Bundan sonra ora polis əməkdaşları gəlmiş, kənar şəxsləri həyətdən çıxatrmiş və onu polis şöbəsinə gətirmişlər. Həmin vaxt o, onun tərəfindən nalayiq ifadələr işlədilməmiş və polis əməkdaşlarına tabesizlik göstərilməmişdir. İş üzrə şahid X4 izahatında göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin baş serjantı vəzifəsində işləyir və xx.xx.2024-cü il tarixdə polis nəfəri X3 ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində xidmətdə olmuşdur. Həmin gün saat təxminən 03 radələrində üç nəfər onlara yaxınlaşıb evlərinə kənar şəxslərin daxil olduğunu bildirərək köməklik göstərmələrini xahiş etmiş, onlar nə baş verdiyini öyrənməkdən ötrü həmin şəxslərin arxası ilə qeyd olunan ünvana getmiş, növbətçi hissəyə bu barədə məlumat vermişdilər. Az müddət keçəndən sonra növbətçi hissənin polis əməkdaşları hadisə yerinə gəlib orada olan vətəndaşlarla proflaktiki söhbət aparmış və onlara xidmətin həmin yerdə aparılmasını tapşırmışlar. Saat 05-00 radələrində “Mercedes” markalı avtomobil həmin yerə yaxınlaşmış, avtomobildən iki nəfər düşüb yaxınlığındakı kafedə olan şəxslərlə söhbət etdikdən sonra təkrar avtomobilinə minib həmin ünvana tərəf getmişlər. Onlardan biri (Şəxs ) avtomobildən düşərək həyətə girmək istəmiş və darvazanın bağlı olduğunu görüb nalayiq sözlər işlədərək darvazanı döyəcləmişdir. Onunla gələn şəxsə hasardan aşaraq qapını açdıqdan sonra Atabəy içəri keçərək həyətdə olan şəxslərdən evi tərk etmələrini tələb etmiş və yerdən götürdüyü kəsici predmetlə özünə xəsarət yetirmişdir. Onlar Atəbəyi sakitləşdirə bilməyərək vəziyyətin ağırlaşdığını görüb rabitə ilə kömək çağırmış, hadisə yerinə əlavə polis əməkdaşları gəlmiş və Atabəylə proflaktik söhbətlər apardıqdan sonra onu Qəbələ RPŞ-ə gətirmişlər. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 şahid X1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid X5 izahatında göstərmişdir ki, o, Qəbələ Rayon Polis Şöbəsi PPXB-nin tağım komandiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən saat 06-15 radələrində Qəbələ rayon Vəndam qəsəbəsi üzrə avtopatrul xidmətində olan PPXB-nin polis nəfəri, polis baş serjantı Valeh Mirzəyev əl rabitə vasitəsi ilə əlaqə saxlayaraq kömək istəmiş və o, polis əməkdaşları ilə birlikdə qeyd olunan ünvana yaxınlaşmışdır. Həmin ünvanda olan qadınların biri-biri ilə mübahisə etdiklərini, bir nəfərin isə (Şəxs) həyətdə dayanıb yüksək səslə qışqıraraq evdə olan şəxslərin ünvanına nalayiq ifadələr işlədə-işlədə onların çıxmalarını tələb etdiyini müşahidə etmiş, ona mübahisənin məhkəmə yolu ilə həll olunacağı bildirilmiş, həmçinin səs-küy salmaması və nalayiq ifadələr işlətməməsi tələb olunmuşdur. Lakin Atabəy sakitləşməmiş və həyətdən götürdüyü kəsici predmetlə sol qol nahiyəsinə xəsarətlər yetirmişdir. Bundan sonra o, proflaktik söhbətlər aparılaraq sakitləşdirilmiş və Qəbələ RPŞ-ə gətirilərək Növbətçi hissəyə təhvil verilmişdir. İşdə olan xx.xx.2024-cü tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin gün saat 07:10-da inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 05-00 radələrində Qəbələ rayon Vəndam qəsəbəsində ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və inzibati qaydada tutulmuşdur. Həmin tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının Qəbələ rayonu Vəndam qəsəbəsində ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs hərəkətləri AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmur. Ona görə də,o, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın motivi və məqsədinin əmlak xarakterli mülki mübahisənin mahiyyəti ilə əlaqədar olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edərək barəsində İXMnin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar