Məhkəmə qərarları › İş №3(025)-330/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-330/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-330/2023 24.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis mayoru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin iştirakları ilə, xx.xx.1970-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxsnin barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qəbələ RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 04 iyul 2023-cü il tarixli qərarı ilə, HK-1/932 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X9 tərəfindən 04 iyul 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nic qəsəbə sakinləri Şəxs, X2 və X7 ilə birlikdə X8 icarə əsasında işlətdiyi çayxanada qumar oyunu, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynayılan uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunu oynamışlar. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 04 iyul 2023-cü il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X9 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nic qəsəbə sakinləri X2 və X7 ilə birlikdə X8 icarə əsasında işlətdiyi çayxanada qumar oyunu, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynayılan uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunu oynamışlar. Həmin fakt üzrə Şəxs və digərləri barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Nic qəsəbəsinin mərkəzində həmkəndliləri Şahvələd Alxasov və Bəxtiyar Abdulhəlimov ilə olan zaman çay içmək qərarına gəlmişlər. Belə olub qəsəbəsinin mərkəzindəki Ruslan Muradariyə məxsus çayxanaya getmişlər. Çay pulunu vermək üçün 12 əli bir manatdan kartla oyun oynamağa başlamışlar. Bir neçə əl oynaqdıqdan sonra polis əməkdaşları daxil olaraq masanın üzərində olan oyun kartlarını götürmüş, daha sonra onları polis şöbəsinə aparmışlar. Oyunu tam başa vurmamışlar, kim uduzsaydı çayın pulunu verəcəkmiş. Çayxana sahibi Ruslana oyun oynadıqları üçün pul verməmişlər. Törətdiyi əməldən çox peşimandır, gələcəkdə bu hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 03 iyul 2023-cü il tarixli “Götürmə barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Nic qəsəbəsində Şəxsnin, X1 və X4 oynadığı qumar masasından 03 ədəd 10 manatlıq pul əskinası və 72 ədəd oyun kartı tərəflərindən götürülmüşdür. - Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs, X7 və X2 ilə birlikdə qumar oynaması müəyyən olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxsnin Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxsnin qumar oynaması özünün etirafedici izahatı, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən, Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXMin 525-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 3(025)-330/2023 saylı inzibati xətalar haqqında iş üzrə oyun ləvazimatı olan 72 (yetmiş iki) ədəd qumar kartlarının məhv olunması, 3 ədəd 10 (on) manatlıq pul əskinazının dövlət nəfinə müsadirə olunması qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 3(025)-330/2023 saylı qərarı ilə oyun ləvazimatı olan 72 (yetmiş iki) ədəd qumar kartlarının məhv olunması, 3 ədəd 10 (on) manatlıq pul əskinazının dövlət nəfinə müsadirə olunması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Məhkəməsinin 3(025)-330/2023 saylı qərarı ilə oyun ləvazimatı olan 72 (yetmiş iki) ədəd qumar kartlarının məhv olunması, 3 ədəd 10 (on) manatlıq pul əskinazının dövlət nəfinə müsadirə olunması nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar