Məhkəmə qərarları › İş №3(025)-335/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-335/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-335/2023 13.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1998-ci il aprelin 26-da Bakı şəhərində doğulmuş, evli, ali təhsilli,işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13iyul 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 13 iyul 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X6 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Qəbələ şəhərində dostu Bayramov Həbiblə əyləşib çay içmişlər. Bu vaxt yol patrul xidmətinin əməkdaşları yaxınlaşaraq nömrəsiz “Xəzər” markalı avtomobilin kimə məxsus olduğunu soruşmuşlar. O da avtomobilin ona məxsus olduğunu, nömrənin avtomobilin salonunda olduğunu bildirmişdir. Ondan hansı səbəbdən avtomobilin dövlət qeydiyyat nişanı avtomobilin üzərində olmadığını soruşduqda İİ qrup Qarabağ əlili olduğu, cərimə düşməsin deyə nömrələri çıxartmışdır. Ona avtomobili belə halda sürmək olmadığını bildirərək onu Qəbələ rayon Polis şöbəsinə dəvət etmişlər. Etdiyi əmələ görə peşmandır. Təzə ailə qurmuşdur. İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, müharibədə yaralanaraq İİİ qrup əlil olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf edərək peşiman olmasınınvə İİ Qarabağ müharibəsində iştirak edərək İİİ qrup əlil olmasının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində PPXB-nin polis nəfəri, polis baş serjantı Cəlilov Ruslan onunla telefon əlaqəsi saxlayaraq Qəbələ şəhəri, H.Əliyev prospektində "Baron" adlı kafenin qarşısında ağ rəngli "Xəzər" markalı avtomobilin dövlət qeydiyyat nişanı olmadan parklanma etməsini aşkar etməsi barədə məruzə etmişdir. Bundan sonra sözü gedən əraziyə yaxınlaşdığı zaman PPXB-nin əməkdaşları ilə adı ona sonradan məlum olan avtomobilin sahibi Şəxs mübahisə etməsini görmüşdür. Həmin şəxsi nizam intizama dəvət etmiş, lakin o, onları başa düşmək istəməmiş, müxtəlif bəhanələr edərək, qanuni tələblərinə qəsdən tabe olmamışdır.Qanuni tələblərinə tabe olmadığı üçün tərəflərindən müvafiq qaydada şöbəyə gətirilərək barəsində tədbir görülməsi üçün NH-yə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:10 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Hikmət Cumayev ilə Qəbələ şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman, "Baron" adlı kafenin qarşısında ağ rəngli "Xəzər" markalı avtomobilin dövlət qeydiyyat nişanı olmadan parklanma etməsini aşkar etmişlər. Bundan sonra sözü gedən avtomobilin sahibini müəyyən etmək məqsədi ilə yuxarıda adı qeyd olunan kafeyə daxil olmuşlar. Soraqlaşma edərkən adı onlara sonradan məlum olan Şəxs avtomobilin ona məxsus olmasını bildirərək, onunla söz mübahisəsi edib, 2 ildir ki, “mən maşını belə idarə edirəm, məni hamı yola verir, heç kim mənə heçnə etmir” demişdir. Onlar aşkar etdikləri faktla bağlı aidiyyəti üzrə şöbəyə məlumat vermişlər, lakin sürücü Ceyhun onlarla əsassız yerə münaqişə yaratmağa çalışır, onu sakitləşdirmək istədikdə qəsdən qanuni əmrlərinə tabe olmur və nümayişkaranə hərəkətlər edərək polisin və digər orqanların ünvanına müxtəlif ifadələr işlətmişdir. Bundan sonra onlar PPXB-nin bölük komandirinin müavini, polis baş leytenantı Asif Məsimova bu barədə məlumat vermişlər. Asif Məsimov hadisə yerinə gələrək Şəxs ilə profilaktiki söhbətlər aparsada, şəxs yenədə qanuni əmrlərinə tabe olmayaraq etdiyi əməllərə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Asif Arif oğlu oğlu və X7ilə oxşar məzmunlu izahat verərək onların dediklərini təsdiq etmişdir. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsində iştirakına görə yaralanaraq İİİ qrup əlil olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar