Məhkəmə qərarları › İş №3(025)-336/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-336/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-336/2024 04.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu Bayramkoxa kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Bayramkoxa kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Bayramkoxalı kəndində ictimai məkanda ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Bayramkoxalı kəndində ictimai qaydanı qoruyan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, X3 ilə on səkkiz il bundan qabaq evlənmiş və onların üç uşaqları olmuşdur. Uşaqlardan biri ailə qurmuş, digərləri isə 12 və 14 yaşda olmaqla onunla birlikdə Qəbələ rayonu Bayramkoxa kəndində yaşayır. X3 bir ay bundan əvvəl uşaqları atıb Bakı şəhərinə getmiş və daha qayıtmamışdır. O, ayrıayrı şəxslərə məxsus olan torpaq sahələrində gözətçilik və fəhləlik edərək qazanc əldə edərək uşaqların maddi ehtiyaclarını təmin edir və eyni zamanda onların məişət problemləri ilə məşğul olur. Göstərilən səbəblərdən həmişə gərgin olduğuna görə xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvana gəlib ondan qanuni əsaslarla əldə etdiyi tüfəngi tələb edərkən ov silahını təqdim etməkdən imtina etmiş və bir qədər sərxoş olduğuna görə onlara qarşı kobudluq edib ünvansız nalayiq ifadələr işlətmişdir. Lakin az müddət keçəndən sonra etdiyi hərəkətlərə görə peşman olmuş və silahı gətirib təqdim edərək polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Bayramkoxalı kəndində ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmin tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının Qəbələ rayonu Bayramkoxalı kəndində ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs hərəkətləri AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmur. Ona görə də,o, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Himayəsində iki nəfər azyaşlı uşaqları olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXMnin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməli və həbsetmənin həddi müəyyən edilərkən iş üzrə məsuliyyəti yüngülləşdirən halın olması nəzərə alınmalıdır. hesab edərək barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,53.1.2, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 iyul 2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar