Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-337/2021 13.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1976-cı il noyabrın 25-də Qəbələ rayonu, Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Məlikli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X3 tərəfindən 02 iyul 2021-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün 13.07.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 02 iyul 2021-ci il tarixdə Qəbələ rayonu Yenikənd kəndində sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ 2101” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X3 göstərdi ki, Şəxs 02 iyul 2021-ci il tarixdə Qəbələ rayonu Yenikənd kəndində sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ 2101” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə özünü təqsirli bilib, göstərdi ki, 02.07.2021-ci il tarixdə sürücülük hüququ olmadan və etibarnamənin vaxtı bitdiyindən idarə etdiyi “VAZ 2101” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Yenikənd kəndində yolun solunda dayanmışdır. Öz yolunda hərəkətdə olan maşın görməmişdir. O, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, nəticədə “Mercedes Benz 220” markalı **-SZ-*** nömrəli avtomaşının arxa sol hissəsindən vurmuşdur. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Özü İİİ qrup əlildir və aldığı pensiya ailəsini dolandırmağa imkan vermir. Bu səbəbdən taksilik fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı hal-hazırda ödəməmişdir. Odur ki, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, 02.07.2021-ci il tarixdə saat təxminən 15:20 radələrində dostu X4 ilə birlikdə sonuncuya məxsus “Mercedes Benz 220” minik markalı **-SZ-*** avtomobillə Qəbələ rayonu Yenikənd kəndində hərəkətdə imiş. Solda dayanmış “VAZ 2101” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, nəticədə idarə etdiyi avtomobilin sol qapısından vurmuşdur. Nəticədə yolun sağında dəmir sexinin qarşısında dəmirlərə dəymişlər. Hadisə zamanı heç kim xəsarət almamışdır. Onlara dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Zərərçəkmiş şəxs ilə eyniməzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. - İşdə olan Qəbələ rayon Polis şöbəsinin X11 Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİNBDYPİ-nin X5 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. - İşdə olan 02 iyul 2021-ci il tarixli aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. - İşdə olan 02 iyul 2021-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. - İşdə olan Ziyan aktından görünür ki, hadisə nəticəsində “Mercedes Benz 220” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 920,0 manat məbləğində maddi zərər dəymişdir. - İşdə olan AA 662648 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 2101” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. - İşdə olan ƏN-Vİ 924295 nömrəli etibarnamənin surətindən görünür ki, X9 tərəfindən Şəxs verilmiş etibarnamənin müddəti 02.09.2020-ci il tarixdə bitmşdir. - İşdə olan AD 024822 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 220” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİnə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-337/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-337/2021
13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver