Məhkəmə qərarları › İş №3(025)-343/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-343/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-343/2025 21.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 2001-ci il avqustun 05-də Qəbələ rayonu Laza kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Laza kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 iyul 2025-ci il tarixdə Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə şöbənin inzibati binasının giriş postunda ünvanlı ünvansız ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 21 iyul 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə şöbənin inzibati binasının giriş postunda ünvanlı ünvansız ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, X5 ilə instagram sosial şəbəkəsində tanış olmuşdur. Daha sonra onun mobil nömrəsini alaraq əlaqə saxlamışdır. Onunla telefonda səmimi münasibət qursa da, üzbəüz görüşməmişlər. Onun evli olduğunu sonradan bilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə vatsap sosial şəbəkəsi vasitəsi zəng vurub əlaqə saxlamaq istəmiş, lakin cavab vermədiyi üçün sms yazmışdır. Daha sonra məlum olmuş ki, Mehranənin onunla yazışdığını həyat yoldaşı bilib və mobil telefonun əlindən alıb. xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng olunaraq özünü Qəbələ rayon Polis Şöbəsinin əməkdaşı Saqi Musayev kimi təqdim edən şəxs rayon Polis Şöbəsinə yaxınlaşmağını demişdir. Ona nə səbəbə gəlməyini bildirdikdə Vəndam qəsəbə sakini Rəşad Pənahlının barəsində şikayəti olduğunu bildirmişdir. O, həmin şəxsi tanımadığını və gəlməyəcəyini demişdir. X12 Pənahlının mobil nömrəsinə sms yazdığını və narahat edildiyini bildirdikdə onunla könüllü şəkildə yazışdığını və heç kimi narahat etmədiyini bildirib biraz sonra rayon Polis Şöbəsinə gələcəyini demişdir. Şöbənin inzibati binasının giriş postunda ona nə səbəbə və kimin yanına gəldiyini soruşmuşlar. O, polis tərəfindən çağrıldığını bildirmiş, daha sonra isə “danışmışam yaxşı eləmişəm kimisə zorlamamışam” kimi ifadələr işlətmişdir. Giriş postunda xidmət aparan polis əməkdaşları ona sakit olmağını, polis idarəsinin inzibati binasının olduğunu bildirdəndə cavab olaraq demiş ki, “kor deyiləm bilirəm hara gəlmişəm” kimi ifadə ilə cavab vermişdir. Həmin vaxtı əsəbi olduğu üçün onlarla mübahisə yaratmışdır. Əsəbi olduğu üçün orada ünvanlı ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, o, söyüşlərini davam etdirdiyi üçün onu Şöbənin inzibati binasının daxilinə aparmışlar. Etdiyi əməldən peşmandır. Müharibə iştirakçısı olmasının nəzərə alınmasını və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X2 Ruzigar Yaqub oğlunun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə rayon Polis Şöbəsinin inzibati binasının həyətində olarkən giriş postunda sonradan adı məlum olan Şəxs posta yaxınlaşaraq aqressiv şəkildə "məni nə səbəbə çağırmısız yaxşı edib danışmışam” kimi ifadələr işlətmişdir. Xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq sakit olmağını, polis idarəsində olduğunu, kim tərəfindən rayon Polis Şöbəsinə dəvət olunduğunu soruşmuşlar. Lakin Şəxs suallara doğru düzgün cavab verməyərək səs-küy salmış, ünvanlı-ünvansız nalayiq küçə söyüşləri işlədərək postun iş fəaliyyətini pozmuş, ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmişdir. Buna görə də polis əməkdaşları ilə birlikdə Şəxs aparıb rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 2024-cü il tarixdən X6 Qəbələ rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində xidmət aparır. xx.xx.2025-ci il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Fərhad Gəncimovla birlikdə 1 saylı şöbənin inzibati binasının giriş postunda xidmətdə imişlər. Xidmət zamanı saat 19 radələrində Şəxs posta yaxınlaşaraq aqressiv şəkildə "məni nə səbəbə çağırmısız yaxşı edib danışmışam” kimi ifadələr işlətmişdir. O, Yunis Mamedova yaxınlaşaraq sakit olmağını, polis idarəsində olduğunu, kim tərəfindən rayon Polis Şöbəsinə dəvət olunduğunu soruşmuşdur. Lakin Şəxs suallara doğru düzgün cavab verməyərək səs-küy salmış, ünvanlı-ünvansız nalayiq küçə söyüşləri işlədərək onların iş fəaliyyətini pozmuş, ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmişdir. Buna görə də Şəxs aparıb rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan 20 iyul 2025-ci il tarixli, 027691 nömrəli “X11 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:35 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Vətən müharibəsi iştirakçısı olduğuna görə 80 manat pensiya alır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Polis şöbəsinin inzibati binasının giriş postunda ünvanlı ünvansız ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Şəxs əməlindən peşman olmasını və İİ Qarabağ mübaribəsi iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 iyul 2025-ci il saat 19:35-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar