Məhkəmə qərarları › İş №3(025)-345/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-345/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-345/2025 21.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1981-ci il mayın 01-də Qəbələ rayonu Tüntül kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına 21 iyul 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokolda göstərilir ki, Şəxs Qəbələ şəhərində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmənin icraatına 21 iyul 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində polis işçiləri ictimai qaydanı mühafizə vəzifələrini icra edən qanuni tələbinə qəsdən tabe olamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(025)-345/2025 nömrəli qərardadı ilə 3(025)-345/2025 və 3(025)-346/2025 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş işə 3(025)-345/2025 saylı nömrə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs Qəbələ şəhərində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bundan əlavə o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində polis işçiləri ictimai qaydanı mühafizə vəzifələrini icra edən qanuni tələbinə qəsdən tabe olamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, polis şöbəsinin adını bilmədiyi əməkdaşları onu meşəlik hissədə möhkəm döymüşlər. Vəziyyəti ağır olduğu üçün 3 gün evdən çıxa bilməmişdir. Daha sonra evdən çıxandan sonra polislərdən şikayət etmək üçün Qəbələ rayon prokurorluğuna yaxınlaşmışdır. Prokurorluğun qabağında onu görən polis əməkdaşları onu Qəbələ rayon Polis şöbəsinə aparmışlar. O, heç bir xuliqanlıq hərəkətinə yol verməmiş və polisə müqavimət göstərməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Cavadov Elşən ilə birlikdə xidmətdə olan zaman Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində xidmətdə olarkən Qəbələ şəhər sakini özünü Roma kimi təqdim edən Şəxs Qəbələ Rayon Prokurorluğunun qarşısında, ictimai yerdə uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona etdiyi əməlin inzibati hüquq pozuntusu olduğunu izah etmişlər, belə hərəkətlərə yol verməməsi barədə xəbərdarlıq etmişlər. Lakin o, onların sözlərinə əhəmiyyət verməyərək söyüşlər söyməyə davam etmişdir. "Siz kimsizniniz ki, mənə nə isə deyirsiz? özüm bilərəm nə edirəm, heç kim mənə heç nə edə bilməz." kimi ifadələr işlətmişdir. Həmin zaman ətrafda çox sayda insanlar var imiş. Biz onunla profilaktiki söhbətlərin aparılması məqsədilə Polis Şöbəsinə aparmaq istədik. Lakin o, onlarla gəlmək istəmədiyini bildirmişdir. Qanuni əmrə tabesizlik göstərərək ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Buna görə də şəxs barəsində qanuni tədbir görülməsi məqsədilə Qəbələ Rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Elşad Sərdar oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X8 21 iyul 2025-ci il tarixli, 18-1-52/2-1875/2025 nömrəli məktubdan göstərilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə Təcili yardım şöbəsinə müraciət etmişdir. Hazırda heç bir yeni xəsarəti yoxdur. İşdə olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur və Qəbələ şəhərində yaşadığı müddət ərzində özü haqqında Qəbələ şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə bir neçə hüquq pozma, söyüş və təhqirlərdən istifadə xarakterli məlumatlar daxil olmuşdur. İşdə olan 21 iyul 2025-ci il tarixli, 192 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sərxoşluq müəyyən edilməmiş və ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə Şəxs İXMnin 510-cu maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbiri təqbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Qəbələ şəhərində polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərəəhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, belə ki, Şəxs Qəbələ şəhərində ictimai yerdə ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlədərək ictimai qaydanı pozması, xırda xuliqanlıq etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 iyul 2025-ci il saat 15:25-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar