Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-348/2025 08.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xətalar üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi əsasında inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Nizami rayonu, B.Çobanzadə küçəsi Mangalüstü obyektinin fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin yol verilə bilən normativdən artıq olmuş, qaz toztutucu qurğunun quraşdırılmamışdır. Hesab edir ki, qeyd olunan qərar hüquqi və faktiki baxımdan əsassızdır. Belə ki, ətraf mühitə atılan zərərli maddələrin yol verilə bilən normativdən artıq olmasına münasibətdə qeyd etməlidir ki, Mangalüstü obyektinin yerləşdiyi ərazi - Nizami rayonu, B.Çobanzadə küçəsində bir-birinə bitişik çoxsaylı restoran fəaliyyət göstərir və bu obyektlərin fəaliyyətindən yaranan tüstü və qaz axını ətraf ərazidə ümumi atmosferə qarışmaqdadır. Bu obyektlərin hər biri qızdırıcı və bişirmə avadanlıqları vasitəsilə ətraf mühitə tüstü və qaz tullantıları buraxmaqdadır. Bu səbəbdən də, ərazi üzrə hava axınının və atmosferdə yayılan tüstünün konkret mənbəyinin hansı obyektə aid olduğunu müəyyənləşdirmək üçün müvafiq ixtisaslaşdırılmış ölçü cihazları, hava analizləri və texniki ekspertiza aparılmalı idi. Lakin qeyd olunan qərar, bu cür mühüm texniki və faktiki araşdırmalar olmadan, yalnız səthi müşahidələrə və subyektiv qənaətlərə əsasən qəbul edilmişdir. Əlavə olaraq, qeyd etmək istəyir ki, tərəflərindən aparılan etirazlar və ərazidə yerləşən digər obyektlərin də fəaliyyətindən ətraf mühitə yayılan tüstü və qazların təsiri ilə bağlı bildirir ki, sürülən arqumentlər araşdırmanı aparan orqan tərəfindən nəinki nəzərə alınmamış, hətta rəsmi vərəq sənədlərdə ümumiyyətlə əks olunmamışdır. Konkret olaraq, qonşuluqda yerləşən və fəaliyyət növü onların obyekti ilə eyni olan "Sapfir" adlı restoranın tullantılarının da atmosferə qarışdığı halda, bu faktların obyektiv qiymətləndirilməsi təmin edilməmişdir. Həmçinin, inzibati qərarın əsaslandırıldığı digər bir məqam - obyektə qaztoztutucu qurğunun quraşdırılmaması məsələsinə münasibətdə qeyd etmək istəyir ki, bu vəziyyət obyektiv səbəblərdən irəli gəlmişdir və onun subyektiv səhlənkarlığı nəticəsində baş verməmişdir. Belə ki, o, Seymur Nəbiyev, xx.xx.2025-ci il tarixində Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən "Mangalüstü" restoranını icarəyə götürmüş və fəaliyyətə başlamışdır. Yeni və gənc sahibkar olaraq obyektin əvvəlki vəziyyəti ilə bağlı texniki sənədlərə və əvvəlki icarədarın məlumatlarına çıxış imkanı olmadığı üçün ilkin mərhələdə bəzi texniki nasazlıqlarla, o cümlədən qaz-toztutucu qurğunun quraşdırılmaması ilə bağlı problemlərlə qarşılaşmış, obyektin texniki vəziyyəti, o cümlədən ekoloji standartlara uyğunluğu barədə əvvəlcədən dolğun məlumata malik olmamışdır. Bu səbəbdən, xx.xx.2025-ci il tarixində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi cənab Qafar Ağayevə rəsmi ərizə ilə müraciət edərək yaranmış vəziyyəti izah etmiş və bildirərək xahiş etmişdir ki, fəaliyyətə yeni başlamış sahibkar kimi vəziyyətlərinə anlayışla yanaşılsın, qaz-toztutucu qurğunun texniki baxış və quraşdırılması üçün zəruri vaxt və şəraitin yaradılması üçün müvafiq möhlət verilsin. Bütün məsuliyyətlə bildirir ki, obyektin çatışmazlıqlarını və texniki nasazlıqlarını mərhələli şəkildə aradan qaldırmaq üçün tədbirlər görür. Həmin müraciətdə həmçinin qeyd etmişdir ki, sözügedən qurğunu qanunvericiliklə müəyyən edilmiş ekoloji tələblərə uyğun şəkildə quraşdıracaqlarını və bu istiqamətdə bütün öhdəlikləri üzərinə götürdüyünü rəsmi şəkildə təsdiqləyir. Ərizədə açıq şəkildə vurğulanmışdır ki, problemin aradan qaldırılması üçün bütün tədbirlər tərəflərindən ən qısa müddətdə görüləcək və bu istiqamətdə inzibati tədbirə ehtiyac qalmadan məsələ könüllü şəkildə həll ediləcəkdir. Ərizədə xüsusi olaraq vurğulamışdır ki: “Qaz-toztutucu qurğu qanunvericiliyə uyğun şəkildə qısa müddətdə quraşdırılacaq; Texniki baxış və quraşdırma işləri üçün müvafiq şirkətlərlə danışıqlar aparılır; • Ekoloji öhdəliklərə riayət olunması üçün könüllü olaraq məsuliyyət daşıyıram”. Belə ki, müraciətindən dərhal sonra, 05 iyun 2025-ci il tarixində bu sahədə peşəkar fəaliyyət göstərən və ekoloji avadanlıqlar üzrə ixtisaslaşmış "xxxx" MMC ilə qaz-toztutucu qurğunun alqı-satqısına dair rəsmi müqavilə imzalanmışdır. Müqavilədə həm qurğunun texniki parametrləri, həm də ekoloji tələblərə tam cavab verməsi barədə xüsusi qeyd və öhdəliklər əks olunmuşdur. Bu müqavilə əsasında, qısa müddət ərzində, yəni təxirəsalınmadan, adıçəkilən qaz-toztutucu qurğu "Mangalüstü" obyektinə tam texniki tələblərə uyğun şəkildə quraşdırılmış və istismara verilmişdir. Quraşdırma işlərinin həyata keçirilməsi üçün heç bir inzibati məcburetmə tədbirinə ehtiyac olmamış, tamamilə könüllü, məsuliyyətli və vətəndaşlıq borcuna sadiq yanaşma ilə bu məsələ öz həllini tapmışdır. Bu hal bir daha sübut edir ki, o, gənc sahibkar olaraq, yalnız qanunvericiliyin tələblərinə riayət etməyə deyil, eyni zamanda, dövlət orqanları ilə konstruktiv əməkdaşlığa, şəffaflığa və ictimai məsuliyyətə böyük önəm verir. Ekoloji təhlükəsizlik məsələsində heç bir halda səhlənkarlıq və ya məsuliyyətsizlik nümayiş etdirməmiş, əksinə, məsuliyyəti tam şəkildə üzərimə götürərək problemi ən qısa zamanda və könüllü şəkildə həll etmişdir. Bu çətin başlanğıc mərhələsində dövlət orqanlarının gənc təşəbbüskar sahibkarlara daha anlayışlı, təşviqedici və hüquqi baxımdan dəstəkləyici münasibət göstərməsi, qanunvericiliyin tətbiqi ilə yanaşı, ədalət və insan yönümlü yanaşmanın da əsas götürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu hal, yəni şəxsin könüllü şəkildə problemi aradan qaldırmaq üçün aktiv təşəbbüs göstərməsi və müvafiq dövlət orqanına yazılı müraciət etməsi İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətin yüngülləşdirilməsinə əsas verə biləcək hal kimi qiymətləndirilməlidir. Lakin təqdim etdiyi izahat və xoşniyyətli davranış tamamilə nəzərə alınmamış, əksinə, heç bir möhlət verilmədən birbaşa sərt inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Böyük hörmət və məsuliyyət hissi ilə bir daha vurğulamaq istəyir ki, o, sadəcə bir sahibkar deyil, gənc, yeni nəsil sahibkarlığın təmsilçisidir, cəmi bir neçə ay əvvəl dövlətin yaratdığı hüquqi və iqtisadi şəraitdən faydalanaraq ilk dəfə olaraq müstəqil sahibkarlıq fəaliyyətinə başlayan, milli iqtisadiyyatlarına və sosial rifaha öz kiçik, lakin səmimi töhfəsini verməyə çalışan bir gənc vətəndaşdır. Onun bu fəaliyyəti, təkcə kommersiya maraqları ilə deyil, qanunvericiliyə, dövlətçiliyə, ictimai rifaha və ekoloji təhlükəsizliyə dərin hörmət prinsipi ilə formalaşır. Çünki yaxşı dərk edir ki, gənc sahibkar olmaq sadəcə bir obyekt işlətmək deyil, o həm də cəmiyyətin etimadını qazanmaq, qanunlara sadiqlik nümayiş etdirmək və nümunəvi davranışla dövlət- vətəndaş münasibətlərini möhkəmləndirmək missiyasıdır. Bütün çətinliklərə-texniki problemlərə, maliyyə sıxıntılarına, hüquqi təcrübə azlığına baxmayaraq, gənc yaşda risk edərək ilk biznes fəaliyyətimə başlamış və qarşılaşdığı obyektiv texniki çətinliklərə görə nəinki məsuliyyətdən yayınmağa çalışmamış, əksinə, məsuliyyəti tam şəkildə üzərinə götürərək problemi ən qısa zamanda və könüllü şəkildə həll etmişdir. Bu çətin başlanğıc mərhələsində dövlət orqanlarının gənc təşəbbüskar sahibkarlara daha anlayışlı, təşviqedici və hüquqi baxımdan dəstəkləyici münasibət göstərməsi, qanunvericiliyin tətbiqi ilə yanaşı, ədalət və insan yönümlü yanaşmanın da əsas götürülməsi mühüm əhəmiyyət kəsb edir. Unudulmamalıdır ki, bir sahibkarı cərimələmək asandır, lakin onu cəmiyyətə, iqtisadiyyata və dövlətə faydalı və məsuliyyətli bir subyekt kimi yetişdirmək, ona inam və fürsət verməklə mümkündür. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət verən şəxs X4 və inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin və şikayət verən şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati tənbehin tətbiq edilməsi haqqında 15 may 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, həmin qərar isə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 15 may 2025-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Nizami rayonu B.Çobanzadə küçəsi “Manqalüstü” və obyektinin fəaliyyəti zamanı ətraf mühitdə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, qaz toztutucu qurğunun quraşdırılması müəyyən edilmişdir. X4 Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X4 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış ərizədə göstərmişdir ki, "xxxx" şirkəti xx.xx.2025-ci il tarixind müvafiq müqavilə imzalanmışdır. Qurğunun quraşdırılması ilə bağlı texniki və təşkili səbəblərə görə əlavə müddətə ehtiyac yaranmışdır. Bu səbəbdən qurğunun tam və keyfiyyətli şəkildə quraşdırılması üçün əlavə vaxt ayrılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" şirkəti ilə “Manqalüstü” restoranı arasında bağlanmış xx.xx.2025-ci il tarixli “alqı-satqı” müqaviləsindən görünür ki, "xxxx" şirkəti tərəfindən “Manqalüstü” restoranının dəyəri 3500 (üç min beş yüz) manat olan qaz toztutucu qurğu satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Subicarə” müqaviləsindən görünür ki, X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2763.2 kv/m qeyri yaşayış binasının icarəsinə dair bağladığı 3M-623 reyestr nömrəli müqavilənin 1-ci bəndinə əsasən icarəyə götürdüyü 1500 kv/m qeyri yaşayış binasını X1 vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə hesab edir ki, inzibati qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları hər tərəfli araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, ilkin olaraq iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan və aktdan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Lakin, hazırki halda inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta haqqında protokol səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə inzibati xəta haqqında protokolun və bütövlükdə icraatın qanuniliyini müəyyən etməyə imkan vermir. Bundan başqa, Azərbaycan Respublikasında apanlan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, eləcə də yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, həmçinin sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun: 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. 4.2. Yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; 4.2.2. sahibkarın təqsirsizlik prezumpsiyası; 4.2.3. yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı; 4.2.4. sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi; 4.2.5. yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu; 4.2.6. eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması; 4.2.7. yoxlamanın təşkili və aparılması barədə normativ hüquqi aktların və digər məlumatların sahibkar üçün açıqlığı; 4.2.8. yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti; 4.2.9. qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü; 4.2.10. yoxlamanın yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi; 4.2.11. yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı; 4.2.12. yoxlamalar sahəsində risklərin idarə olunması sisteminin və yoxlama suallarının siyahısının tətbiqi;[13] 4.2.13. yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi; 4.2.14. yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi; 4.2.15. yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi. İşin araşdırılan hallarından göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Manqalüstü” restoranında aparılan yoxlama yoxlamanın məqsəd və prinsiplərinə xidmət etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, X4 tərəfindən “Manqalüstü” restoranı xx.xx.2025-ci il tarixdə icarəyə götürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yoxlama isə xx.xx.2025-ci il tarixdə aparılmışdır. Göründüyü kimi Seymur Nəbiyev tərəfindən restoranın icarəyə götürüldükdən təxminən 1 ay sonra aparılmışdır. Seymur Nəbiyev isə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yazdığı məktubda qaztutucu qurğunun quraşdırılması üçün ona vaxt verilməsini xahiş etmiş və yoxlamdan 20 gün sonra sözügedən qurğunu alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Nəticədə yoxlamanı aparan orqan tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş “yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi” prinsipi pozulmuşdur. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, şikayətçinin şikayətində qeyd etdiyi kimi Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində restoranlar fəaliyyət göstərməkdədir. Həmin ərazidə bir-birinə bitişik çoxsaylı restoran fəaliyyət göstərir və bu obyektlərin fəaliyyətindən yaranan tüstü və qaz axını ətraf ərazidə ümumi atmosferə qarışmaqdadır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən olunsa da, bu halın məhz “Manqalüstü” restoranının fəaliyyətindən əmələ gəlməsi sübuta yetirilməmişdir. Həmçinin ətrafda yerləşən digər restoranların da fəaliyyətlərinin yoxlanması və onların qarşılaşdırılması işin halları ilə sübuta yetirilməməkdədir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Beləliklə də, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi prinsipləri də pozulmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hətta təqsir sübut edilsə belə ““Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yoxlama həyata keçirilmədiyindən şəxs inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimaitəhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İşin araşdırılan halları onu deməyə əsas verir ki, X2 “ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması” inzibati xətanı təqsirli olaraq törədilməsi də sübuta yetirilmir. Əksinə müəyyən olunur ki, “manqalüstü” restoranını icrayəyə götürdükdən az müddət sonra restoranda qaz toztutucu qurğunu yerləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.2 və 135.1.3-cü maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X4 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və qeyd olunan xüsusatların araşdırılması üçün inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-348/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-348/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver