Məhkəmə qərarları › İş №3(025)-349/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-349/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-349/2023 25.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 2001-ci il oktyabrın 22-də Oğuz rayonu Kərimli kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 iyul 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 25iyul 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs telefonla danışarkən yol polisini əməkdaşı barəsində dəfələrlə “qanmır” ifadəsin işlətmişdir. Nəticədə həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə Qəbələ şəhərində olarkən yol patrul xidməti əməkdaşı İbrahim adlı şəxs ona məxsus “Mercedes” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Buna səbəb avtomobilinin ön buferinin olmaması səbəbindən nömrə nişanın qabaq alın şüşəsinə taxmaması və avtomobildə icazə verilməyən pərdədən istifadə etməsi olmuşdur. Polis əməkdaşı ona nömrəni taxmasını bildirdikdə “baş üstə” deyərək cavab vermişdir. Eyni zamanda pərdələrin sökülməsini tələb etmiş, yanında olan dostları pərdələri dərhal çıxartmışlar. Daha sonra polis əməkdaşından ona protokol tərtib etməməsini xahiş etmişdir. Polis əməkdaşının onun barəsində protokol tərtib etməsini görərək atasına zəng vurmuş, atası ilə polis əməkdaşı ilə danışmaq istədiyini bildirmişdir. Polis əməkdaşı atası ilə danışmaq istəməmiş, bu zaman atasına telefonda “ata bu qanmır” ifadəsindən istifadə etmişdir. Lakin heç bir tabesizlik göstərməmişdir. İİ Qarabağ müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin DYPB-nin polis baş serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-də X2 üzvü olmuşdur və buna görə də xidməti Qəbələ şəhər ərazisində təşkil etmişdir. Saat təxminən 16:00 radələrində Qəbələ şəhər, A.Səhhət küçəsində xidmətdə olarkən “Mercedes Benz” markalı avtomobilin qabaq dövlət qeydiyyat nişanı olmadan və icazə verilməyən örtükdən, yəni pərdədən istifadə etdiyi üçün avtomobil tərəfindən saxlanılmışdır. O, sürücü və yanında əyləşən şəxslərə yol verdikləri qanun pozuntusunu izah etmiş, eyni zamanda sürücüyə barəsində inzibati protokol tərtib ediləcəyini bildirmişdir. Həmçinin pərdələrin sökülməsini, dövlət qeydiyyat nişanının isə avtomobilin ön hissəsinə bağlanmasını tapşırmışdır. Sürücü Şəxs barəsində protokol tərtib edən zaman sürücü atası ilə əlaqə saxlamış, telefonu ona verərək atası ilə danışmaq istədiyini bildirmişdir. O isə telefonla danışmaq istəməyəndə barəsində “qanmır” ifadəsindən istifadə etmişdir. Daha sonra isə sürücü Şəxs bu ifadədən bir neçə dəfə istifadə edən zaman post-patrul əməkdaşlarını hadisə yerinə çağırmışdır. Həmçinin sürücünün yanında olan Ümid Bəyzadə ona qarşı kobud davramış, onun işini yerinə yetirməsinə maneəçilik törətmişdir. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, Şəxs yol patrul əməkdaşının pərdələri sökülməsi barədə tələblərini dərhal yerinə yetirmiş, eyni zamanda avtomobilin ön hissəsinə dövlət qeydiyyat nişanının taxılması barədə tələbinə “başüstə” deyərək cavab vermişdir. O, yalnız polis əməkdaşından onun barəsində protokol tərtib edilməməsini xahiş etmiş və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli “X5 Haqqında” protokoldan görünür ki, Şəxs 24 iyul 2023-cü il tarixdə, saat 19:00-da tutulmuş, xx.xx.2023-cü il saat 10:00-da azad edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas vermir. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi hallar mövcud deyil və bu hallar öz təsdiqini tapmadı. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Şəxs yol patrul əməkdaşının pərdələri sökülməsi barədə tələblərini dərhal yerinə yetirmiş, eyni zamanda avtomobilin ön hissəsinə dövlət qeydiyyat nişanının taxılması barədə tələbinə “başüstə” deyərək cavab vermişdir. O, yalnız polis əməkdaşından onun barəsində protokol tərtib edilməməsini xahiş etmiş və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi Şəxs birinci polis işçilərinə qarşı heç bir tabesizlik etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs yalnız atası ilə danışan zaman polis əməkdaşı barəsində “qanmır” ifadəsi işlətmişdir.Göründüyü kimi Şəxs polis əməkdaşları ilə sözlü mübahisəsi yaransa da, polis işçisinin qanuni əməlinə tabe olmaması işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Şəxs üzərinə düşmədiyindən və məhkəməyə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında ŞəxsİXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İş materiallarından, barəsində inzibati icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər etməmişdir. İşdəki materiallarla isə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut olunmur. Əksinə iş materiallarına əlavə edilmiş “CD” diskə baxış keçirilən zaman Şəxs polis əməkdaşlarının hansı qanuni əmrinə tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar