Məhkəmə qərarları › İş №3(025)-35/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-35/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-35/2023 23.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, X6 katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X8 oğlunun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxx 1974-cü il tarixdə Qəbələ rayonu Zirik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 yanvar 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytnantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs Qəbələ rayonu Zirik kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yerləşən yaşayış həyətində yerləşən evinin zirzəmisindən 1 (bir) ədəd “Vaz 2106” markalı avtmobilə məxsus akmulyatoru oğurlayaraq 90 (doxsan) manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 23 yanvar 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytnantı X5 göstərdi ki, Şəxs Qəbələ rayonu Zirik kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yerləşən yaşayış həyətində yerləşən evinin zirzəmisindən 1 (bir) ədəd “Vaz 2106” markalı avtmobilə məxsus akmulyatoru oğurlayaraq 90 (doxsan) manat maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Şəmkir Qasımov onun həmkəndlisidir, əmiuşağıdırlar və onun ilə arasında əvvəlcədən heç bir ədavəti olmamışdır. Təxminən bir ay əvvəl Şəmkir Qasımov ona “mən öz avtomobilimi satmışam, lakin onun üzərində olan akmulyatoru satmamışam, yaxşı işlək vəziyyətdədir” demişdir. Onun da avtomobilinin akmulyatoru zəif olduğu üçün onu almaq qərarına gəlmişdir. X9 ilə Hacallı kəndinə getmiş, orada öz avtomobilində olan akmulyatoru 25 manata satmış, Şəmkir Qasımovda olan akmulyatoru alaraq öz avtomobilinin üzərinə qoymuşdur. Həmin vaxt o, Şəmkir Qasımova 15 manat pul vermiş, lakin akmulyatoru ümumilikdə 40 manata almışdır. Belə olan halda onun 25 manat borcu qalmışdır. xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs 10 manat pul vermiş, ona 15 manat borcu qalmış, həmin pulu az vaxta verəcəyini bildirmişdir. Lakin həmin gün Şəmkir Qasımov sərxoş halda ona zəng edərək təhqir etmişdir. X1 şikayət etdiyini öyrənmişdir. O, oğurluq etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, ona məxsus “Vaz 2106” markalı avtomobil vardır və həmin avtomobil ilə dəmir yığıb daşıyaraq özü üçün dolanışıq əldə edir. Lakin son günlər maşın xarab olduğu üçün işləməmiş, bir müddət evdə qalmışdır. O, maşını satmamışdan 2 ay əvvəl həmin maşına istifadə olunmuş halda, lakin işlək vəziyyətdə akmulyatoru yeznəsi Əfqan Abdullayevdən 90 manata almışdır. Lakin sonradan maşın xarab olduğu üçün istifadə etməmiş, sonradan avtomobilini satmışdır. Avtomobilini satan zaman maşının akmulyatorunu satmamış, üzərindən çıxarıb evin zirzəmisinə qoymuşdur. Onu da pul lazım olan zaman satmaq istəmiş, həmin vaxt onun yanında həmkəndlisi Şəxs olmuşdur. O, akmulyatoru zirzəmiyə qoyan zaman görmüş, Qafar ona həmin akmulyatoru ona satmasını demişdir. Həmin gündən bir neçə gün sonra o zirzəmiyə girən zaman akmulyatorun orada olmadığını aşkar etmişdir. Həmin vaxtdan bir neçə gün sonra akmulyatoru Qafarın avtomobilinin üzərində aşkar etmişdir. Ona akmulyatoru nə üçün icazəsiz götürdüyünü demiş, o isə götürmədiyini bildirmişdir. Buna görə də AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Şəxs tərəfindən ona məxsus akmulyatorun oğurlanması nəticəsində dəymiş 90 manat ziyan ödənilməmişdir. Şəxs şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 12 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, HK-1/07 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respulikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadığından, bu, xırda talama hesab edilir. Odur ki, məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar