Məhkəmə qərarları › İş №3(025)-352/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-352/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-352/2020 13.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1987-ci il oktyabrın 6-da Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytnantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs başından sillə vuraraq, çiynindən itələyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmşdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytnantı X3 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində Zərərçəkmiş şəxs döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 7 ildir ki evlidirlər və birgə nikahlarından iki övladları olmuşdur. Aralarında əvvəllər münaqişə baş verməmişdir. xx.xx.2020-ci il tarixdə arvadı Könülü evin eyvanına çağıraraq həyətdə olan ləyənin nə üçün şumda olduğunu və sözü gedən ləyəni şuma kimin atdığını soruşmuşdur. Könül ləyəni kimin atması barədə məlumatının olmadığım bildirmişdir. Daha sonra isə Vəndam kəndinin mərkəzinə getmiş, saat təxminən 22 radələrində yaşadığı evə gələn zaman Könül ona avtomobili həyətə salmamasını demişdir. Daha sonra isə onu evə çağıraraq sözünün olduğunu bildirmişdir. Könülün yanına getdikdə Könül ona bu evdə yaşamaq istəmədiyini, evdən çıxıb getmək istədiyini bildirmişdir. Daha sonra isə anası Təzəgülün otağına keçərək ondan məsələnin necə olduğunu soruşmuş, həmin vaxt anası ona evdən getdikdən sonra Könülün evdə söz-söhbət yaratdığını bildirmişdir. O da qızı Mehindən evdə sözsöhbəti kimin yaratdığını soruşmuş, qızı Mehin ona anası Təzəgülün dediklərini təsdiq edərək söz-söhbəti Könülün yaratdığını bildirmişdir. Bu zaman Könülə irad bildirmiş, Könül də ona evdən gedəcəyini, paltarlarının yığılı olduğunu bildirmişdir. Bu zaman Könülün ondan icazəsiz paltarları yığdığı üçün əsəbləşərək könülün alın nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Bu zaman Könül anası Təzəgülün otağına keçərək ondan “oğlun Hasil nə istəyir?” deyə soruşmuş, o da anası Təzəgülün otağına girmiş, həmin vaxt Könül otaqda divarın yaxınlığında olmuşdur. Könülə yaxınlaşaraq onun sağ qolundan itələyərək “söz-söhbəti nə üçün yaratdığını” soruşmuş, daha sonra da evdən həyətə düşmüş, aralarındakı münaqişə təxminən 15 dəqiqə davam etmişdir. Etdiyi əmələ görə peşmandır və Zərərçəkmiş şəxs üzr istəyir. Həmçinin Zərərçəkmiş şəxs halhazırda nikahın pozulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birgə nikahlarından doğulmuş uşaqları hal-hazırda onun himayəsindədir. Uşaqlarının onun himayəsində olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 7 ildir ki, Şəxs ilə evlidir. Həmin nikahdan iki qız övladları olmuşdur. Evli olduğu müddət ərzində əri Hasil və qaynanası Təzəgül ilə aralarında mütəmadi olaraq münaqişələr baş vermişdir. Aralarında olan münaqişələrin səbəbinin qaynanası Təzəgülün evdə söz-söhbət yaratması, onu nalayiq ifadələrlə təhqir etməsi olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində əri Hasil onu evin eyvanına çağıraraq həyətdə olan ləyənin nə üçün şumda olduğunu soruşmuş, əri Hasilə ləyəni kimin atması barədə məlumatının olmadığını bildirmişdir. Daha sonra əri Hasil Vəndam kəndinin mərkəzinə getmiş, Hasil evdən çıxdıqdan sonra qaynanası Təzəgül onun qolundan tutaraq ona baxmasını demiş, bu zaman qaynanası Təzəgül ona sözü gedən ləyəni həyətdəki şumluğa özünün atdığını bildirərək ondan evdən çıxaraq getməsini tələb etmişdir. O da öz yaşadığı otağa keçərək paltarlarını yığmağa başlamış, əri Hasili gözləmiş, saat təxminən 22 radələrində əri Hasilin yaşadıqları evə gələn zaman Hasilə avtomobili həyətə salmamasını demişdir. Daha sonra isə ərini evə çağıraraq ona sözünün olduğunu bildirmiş, lakin əri Hasil onun yanına gəlməyərək anası Təzəgülün qaldığı otağa keçmiş, o da ərinin arxası ilə həmin otağa keçmişdir. Həmin otaqda əri Hasil qaynanası Təzəgüldən məsələnin necə olduğunu soruşmuş, Təzəgül isə ona dediklərinin heç birini boynuna almamışdır. Bu zaman əri Hasil qızı Mehini çağıraraq onunla Təzəgülün dava edib-etmədiklərini soruşmuş, daha sonra Hasilə günahının olmadığını bildirmişdir. Lakin əri Hasil ona inanmayaraq onu nalayiq ifadələrlə təhqir etmiş, bir dəfə şillə ilə baş nahiyyəsindən vurmuş, saçından tutaraq itələmiş, yumruqla alın nahiyyəsindən vurmuş, daha sonra isə onu qaynanası Təzəgülün otağına itələmişdir. Beləliklə qaynanası Təzəgülün otağına keçmiş, həmin otaqda Hasilin onun saçından tutaraq dartmağa başlamış, evdən çıxıb getməsini tələb etmiş, lakin Hasilə evdən çıxmayacağını bildirmişdir. Daha sonra qızı Duyğunu qucağından əri Hasil götürərək divana qoymuş və onun üzərinə gəlmiş, onu divanla yataq dəstinin arasında olan zaman 4 dəfə baş nahiyyəsindən şillə ilə vurmuş, daha sonra isə qulağından tutaraq dartmağa başlamışdır. Boğaz nahiyyəsindən tutaraq sıxmış və özü tərəfə çəkmiş, daha sonra isə Hasil evdən çıxaraq getmişdir. Hasil onu döyən zaman yaxınlıqda iki azyaşlı qızları Duyğu və Mehin, eləcə də qaynanası Təzəgül olmuşdur. Hal-hazırda Şəxsla barışmamışdır və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 356 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alının, sol dirsək oynağının iç səthinin sıyrığı və başın sol təpə nahiyyəsinin qaçırı kimi xəsarət vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni, xx xxxx 2020-ci ildə törənə bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs Qəbələ RPŞ-nə yazmış olduğu ərizə əsasında toplanmış HK-1/819 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində hal-hazırda 2 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar