Məhkəmə qərarları › İş №3(025)-353/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-353/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-353/2020 14.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 İsrayıl Vəli oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X6 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs bu barədə xx.xx.2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o, özünə məxsus Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən evində olmuşdur. Arvadı Zərərçəkmiş şəxs mütəmadi olaraq qaynı X7 evinə gedib-gəlir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində arvadı Afət qardaşı Adil Umarovgildən evə gəldi. Həmin gün arvadı Afət öz evində yatdı. xx.xx.2020- ci il tarixdə isə arvadı Afət evdə olan geyim əşyalarını özü ilə götürərək saat 19 radələrində evdən çıxıb qardaşı Adil Umarovun evinə getmişdir. Həmin gün onların arasında heç bir münaqişə olmamışdır. Ümumiyətlə isə o nə arvadı Afətin saçından tutmamış, paltaryuyanı isə itələməmişdir. Eləcə də o oğlu İsmayıllı İsmayılın üzərinə qəndqabı atmamışdır. Onların dedikləri tamamilə yalandır. O, arvadı Afətdən boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində o, öz evində olan zaman oğlu İsmayılı kəndin mağazasına çörək almaq üçün göndərdi. Oğlu İsmayıl mağazadan 3 ədəd çörək alıb gəldikdə əri İsrail çörəyi oğlunun əlində götürərək çörəyi həyətə atdı, daha sonra isə digər otaqda olan meyvə-tərəvəz məhsullarını oradan götürərək həyətə atdı. Bu zaman onların arasında münaqişə yarandı. Əri İsrail onu və oğlu İsmayılı söyməyə başladı. Həmin vaxt əri İsrəil otaqda olan paltaryuyan maşını ayağı ilə itələdə, paltaryuyan onun sağ qıç nahiyyəsinə dəydi, daha sonra isə onun saçından tutaraq evdən çölə çıxartmaq istədi, lakin o, çıxmadı. Bu zaman əri İsrail evdə olan çayniki evin divarına ataraq qırdı, bu zaman çaynikin qulpu qırıldı, daha sonra isə əri İsrəil qənd qabını divara atdıqda qənd qabının qırığı oğlu İsmayılın qaş nahiyyəsinə dəydi. Bu zaman oğlu İsrəilin qaş nahiyyəsindən qan axmağa başladı. Saat 19 radələrində o, oğlu İsmayıl ilə birlikdə qardaşı Adil Umarovun həyətinə gəldi. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində o evdə olan zaman anası Zərərçəkmiş şəxs onu kəndin mağazasına çörək almağa göndərdi. Mağazadan 3 ədəd çörək alıb gəldikdə atası Şəxs çörəyi əlindən götürərək həyətə atdı. Daha sonra isə digər otaqda olan meyvə-tərəvəz məhsullarını oradan götürərək həyətə atdı. Bu zaman anası ilə atası arasında münaqişə yarandı. Atası onu Zərərçəkmiş şəxs söyməyə başladı. Həmin vaxt atası İsrayıl otaqda olan paltaryuyan maşını ayağı ilə itələdi, sözügüdən paltaryuyan maşın anası Zərərçəkmiş şəxs sağ qıç nahiyyəsinə dəydi. Daha sonra İsrayıl isə atası anası Afətin saçından tutaraq çölə çıxartmaq istədi. Lakin anası çıxmadı. Bu zaman İsrayıl evdə olan çayniki evin divarına ataraq qırdı. Daha sonra isə atası qənd qabını divara atdıqda qənd qabının qırığı onun qaş nahiyəsindən dəydi və qaş nahiyəsi qanamağa başladı. Saat 19:00 radələrində o anası ilə birlikdə dayısı Adil Umarovun həyətinə getdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 295 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səhtində aşkar edilmiş xəsarətlər- sol bazunun bayır yuxarı 1\3-nin və sağ baldırın ön yuxarı 1\3-nin sıyrığı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar