Məhkəmə qərarları › İş №3(025)-354/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-354/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-354/2025 05.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin Dövlət yol polisi bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X1 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsindən daxil olmuş 18 iyul 2024-cü il tarixli, İXP7277142 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 (beş) gün müddətdə sürücü barədə məlumatları təqdim etməmişdir. Bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin Dövlət yol polisi bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2 göstərdi ki, Şəxs MMC barəsində 18 iyul 2025-ci il tarixdə tərəfindən İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilsə də, həmin tarixdə də MMC tərəfindən ona yol vərəqəsi təqdim edilmişdir. Şəxs MMC barəsində inzibati işə xitam verilməsinə etiraz etmir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını və müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qəbələ rayon Polis şöbəsindən Şəxs MMC-nə ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “VAZ 21214” minik markalı, **-PD-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, 18 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli İXH protokolda isə yol hərəkəti qaydalarını pozmuş fiziki şəxs barədə hüquqi şəxs tərəfindən 5 gün rəsmi məlumat verilməməsi göstərilmişdir. Eyni zamanda protokol tərtib edən şəxs məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə Şəxs MMC barəsində olan protokol məhkəməyə göndərildikdən sonra Yol vərəqəsinin təqdim edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yəni, birincisi, qeyd edilən sorğu hüquqi şəxsə rəsmi qaydada çatdırılmalı, ikincisi – sorğunun çatdırılmasını təsdiq edən xəbərnamədə əks etdirilən tarixdən 5 gün müddət gözlənilməlidir. Qanunun bu tələblərinə riayət edilməklə göndərilmiş sorğuya əsasən 5 gün müddətində hüquqi şəxs sürücü barədə məlumat vermədikdə, onun barəsində İXM-nın 347 maddəsi ilə İXH protokol tərtib edilməsinə yol verilir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib edən şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə Şəxs MMC tərəfindən mülkiyyətində olan “VAZ 21214” minik markalı, **-PD-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi barədə Qəbələ rayon Polis şöbəsinə məlumat verilməsi sübuta yetirildi. Bu halı inzibati xəta haqqında protokolu tərtib edən şəxs də öz izahatı ilə təsdiq etmişdir. Odur ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, məhkəmə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 18 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 18 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar