Məhkəmə qərarları › İş №3(025)-355/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-355/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-355/2021 28.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 28 iyul 2021-ci il tarixdə Qəbələ rayonu İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-1-ci maddəsinə əsasən inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar İXM-in 142, 143, 144.1, 145, 146.3, 147, 150-ci maddələrinin tələbləri nəzərə alınmaqla həmin Qanuna müvafiq icra olunur. İXM-in 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. İXM-in 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. İXM-in 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar icraya yönəldikdən sonra Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən 17.03.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarını icra etmədiyinə görə onun barəsində 1 il 4 ay 10 gün sonra, yəni 27 iyul 2021-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Halbuki, İXM-in 150.9-cu maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərməli idi. Bu halda İXM-in 150.9-cu maddəsində nəzərdə tutulmuş müddətlər pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyev tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin yuxarıda qeyd olunan normalarının tələblərinə riayət edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyev tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar