Məhkəmə qərarları › İş №3(025)-358/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-358/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-358/2025 06.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə, saat 04:00 radələrində Qəbələ şəhərində Zərərçəkmiş şəxs kirayə yaşadığı evin pəcərəsini sındırmaqla 25,0 manat dəyərində maddi zərər vurmuşdur. İşdə olan AR DİN Qəbələ RPŞ TB-nin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 iyul 2025-ci il tarixli qərarının surətinə əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixdə mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs kirayə yaşadığı evin pəncərəsini qəsdən sındıraraq 25,0 manat dəyərində maddi zərər vurmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 232-1-ci özgənin əmlakını qəsdən məhv etməyə və zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2020ci il təvəllüdlü X1 adından uşağı vardır. Himayəsində bir nəfər azyaşlı uşağı olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaların xarakteri nəzərə alaraq Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmalı və cərimənin miqdarı müəyyən edilərkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və 25,0 (iyirmi beş) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar