Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-359/2025 25.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1998-ci il martın 05-də Ağdaş rayonu Abad kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayon Abad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına 25 iyul 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə axsam saatlarında Qəbələ rayonu Zarağan kəndində Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobudcasına pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmiş, müqavimət göstərmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, ona 2 nəfər şəxsin Qəbələ rayonu Zarağan kəndində ictimai yerdə spirtli içki qəbul edərək ictimai asayişi pozması barədə məlumat gəlmişdir. Dərhal Post-Patrul əməkdaşlarına məlumat verərək həmin əraziyə yaxınlaşmalarını bildirmişdir. Post-Patrul xidmətinin əməkdaşları yaxınlaşda görmüş ki, Şəxs və Vüsal Cəbrayılov içki içərək ictimai yerdə söyüş söymüşlər və insanlara maneə olmuşlar. Həmçinin polis əməkdaşlarının qanuni əmrlərinə tabe olmamış, Şəxs polis maşının şüşəsini təpiklə vurub qırmışdır. Daha sonra onları çətinliklə Qəbələ rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində də Şəxs öz əməllərinə davam etmiş, başını müvəqqəti saxlama yerinin kamerasına vuraraq özünə xəsarət yetirməyə başlamışdır. Həmçinin sözügedən hadisə ilə bağlı Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırılma aparılaraq cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X2 barəsində AR İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. Belə olub, onlar barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Əlavə olaraq göstərdi ki, Şəxs əvvəllər də bu hərəkətlərə yol vermiş, lakin himayəsində azyaşlı uşaqları olduğuna görə və qadın olduğuna görə humanist addım atılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə sevgili münasibətində olduğu X5 ona zəng edərək Qəbələ rayonuna dəvət etmiş və Qəbələ rayonuna gəlmişdir. Qəbələ rayon Zarağan kəndində yerləşən sonradan adı ona məlum olan Elnur adlı şəxsin işlətdiyi kafeyə axşam saat 18 radələrindən sonra gəlmiş, orada 4 bakal pivə içmişdir. Daha sonra isə Vüsal Cəbrayılovu orada olan başqa bir şəxs narahat etmiş, daha sonra Vüsal Cəbrayılov nalayiq ifadələr söyləmiş, içkili olduğu üçün nalayiq ifadələr işlətməyə başlamış, uca səslə ünvanlıünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra isə kafedən çıxmaq istəyəndə polis əməkdaşları gəlmiş və özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Lakin içkili olduqları üçün qərəzli şəkildə nalayiq ifadələrinə davam etmişlər, daha sonra isə polis əməkdaşları onları xidməti nəqliyyat vasitələrinə mindirmişdir. Polis şöbəsinə gedərkən içkinin də təsiri altında polis şöbəsinin xidməti avtomobilinin arxa sol şüşəsini təpiyi ilə qəsdən sındırmış, daha sonra polis əməkdaşları onları Qəbələ RPŞ-yə gətirmişlər. Məhkəmədən azyaşlı uşaqlarının olmasının, əməlindən peşman olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə axşam saat 17 radələrində özünə məxsus olan çayxanada olarkən sonradan adı ona məlum olan Qəbələ rayon Aydınqışlaq kənd sakini X5 yanında adını bilmədiyi bir nəfər şəxslə işlətdiyi kafeyə gəlmişlər. Onlar orada pivə içkisi içməyə başlamışlar, sonra isə axşam saat 17:40 radələrində yaşadığı evə getmiş və axşam saat 20:00 radələrində işlətdiyi kafeyə yenidən gəlmişdir. Bu zaman Qəbələ rayon Aydınqışlaq kənd sakini X2 Ağdaş rayon sakini Şəxs ilə pivə içdiyini görmüşdür. Həmin şəxslər axşam saat 21:30 radələrində kafedən çıxmağa hazırlaşmış, hər ikisi sərxoş vəziyyətdə olmuş, buna görə də həm Şəxs, həm də X5 ünvanlı-ünvansız uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. O və yanında olan şəriyi X7 həmin şəxsləri sakitləşdirməyə çalışsalar da, sonuncular onlara tabe olmamış və bu zaman ictimai yerdə yenə öz nalayiq ifadələrinə davam etmişlər. Buna görə də ərazinin sahə rəisinə zəng edərək bu barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra isə polis əməkdaşları gələrək özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. İzahatlarının alınması üçün Qəbələ RPŞ-yə dəvət etmişlər, lakin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və nəqliyyat vasitəsinə əyləşmək istəməmiş, daha sonra polis əməkdaşları onları nəqliyyat vasitəsinə mindirmiş və onlar getmişlər. Vüsal Cəbrayılov və Şəxs onlara xəsarət yetirməmiş, obyektə hər hansı ziyan vurmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə polis nəfəri polis serjantı Əhməd Zeynalovla dislokasiya üzrə 7 saylı postda xidmətdə olduğu zaman Qəbələ rayon Zarağan kənd sakini X4 070- ***-**-** saylı mobil nömrəsindən zəng edərək şəxsiyyətləri sonradan onlara məlum olan Ağdaş rayon sakini Şəxs və Qəbələ rayon Aydınqışlaq kənd sakini X2 ucadan nalayiq ifadələr işlətdiklərini və bununla kafedə istirahət edən şəxslərin rahatçılığını pozduqlarını bildirmişdir. Daxil olmuş məlumat əsasında hadisə yerinə getmişlər və həmin şəxslərə özlərini təqdim edərək onları nizam intizama dəvət edərək ictimai yerdə söyüş söyməmələrini, bununla kafedə olan digər müştəriləri narahat etdiklərini, lakin həmin şəxslər yenə də nalayiq ifadələr işlətmiş, bu səbədən həmin şəxslərin barələrində araşdırma aparılması üçün polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxslər qəsdən onların qanuni tələblərinə tabe olmamış, bu səbədən həmin şəxslərin bu kimi əməlləri barədə araşdırma aparılması üçün Qəbələ RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Həmin şəxslərdən Şəxs polis şöbəsinə gətirilən zaman təpiklə xidməti avtomobilin sol arxa pəncərəsini vuraraq sındırmış, nəticədə xidməti avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, Qəbələ rayon Zarağan kəndində yerləşən meyvə tərəvəz dükanını işlədir. xx.xx.2025-ci il tarixdə axşam saat saat 21:30 radələrində dükanda olarkən çöldə səs-küy eşitmiş, sonradan adları ona məlum olan Qəbələ rayon Aydınqışlaq kənd sakini X5 ilə yanında olan 1 nəfər Ağdaş rayon sakini qadın Şəxs uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətiyini görmüşdür. Onlar Elnur və onun şəriyi Hacıyev Əliyəddinin kafesindən çıxaraq nalayiq ifadələr işlətdiyini görmüş, Əliyəddin və Elnur onları nizam-intizama dəvət edərək nalayiq ifadə işlətməmələrini bildirsə də, onlar öz hərəkətlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları da gəlmiş və həmin 2 nəfər şəxsi nizam-intizama dəvət etmiş, lakin, Şəxs və Vüsal Cəbrayılov da öz nalayiq ifadələrinə davam etmiş, polis əməkdaşları sonuncuları xidməti nəqliyyat vasitələrinə əyləşdirsələr də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Daha sonra isə polis əməkdaşları onları Qəbələ RPŞ-yə aparmaq üçün nəqliyyat vasitəsinə əyləşdirmişdir. Şəxs və Vüsal Cəbrayılov nalayiq ifadə işlədərkən və polis əməkdaşlarnın qanuni tələbinə tabe olmayarkən orada, Elnur, o, Hacıyev Əliyəddin, 2 nəfər polis əməkdaşları olmuş, yoldan da adını bilmədiyi kənar şəxslər keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə Qəbələ rayon Zarağan kənd sakini olan Elnur adlı şəxsin kafesinə axşam saat 17 radələrində pivə içməyə getmişdir. Pivə içdikdən bir neçə saat sonra əvvəldən tanıdığı Ağdaş rayon sakini Şəxs da onun yanına gəlmiş və onlar birlikdə pivə içməyə başlamışlar. Orada olan adını bilmədiyi bir nəfər şəxs də spirtli içki qəbul etmiş və orada onu narahat etmiş, içkinin də təsiri altında olduğu üçün nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra kafe sahibi gəlmiş, onu sakitləşdirməyə çalışmış, eyni zamanda yanında olan Ağdaş rayon sakini Şəxs da içkili vəziyyətdə olduğundan nalayiq ifadələr işlətməyə başlamış, kafe sahibi və onun yanında olan şəxs onları sakitləşdirməyə çalışmışdır. O və Şəxs nalayiq ifadələrinə davam etmişlər, daha sonra onlar çölə çıxmışlar və yenə öz nalayiq ifadələrinə davam etmişlər. Bu zaman polis əməkdaşları gəlmiş və özlərini təqdim etmiş, onları Qəbələ RPŞ-yə dəvət etmişlər, içkili olduqları üçün onların qanuni tələbinə tabe olmamışdır. Daha sonra isə polis əməkdaşları bir daha onları Qəbələ RPŞ-yə dəvət etmiş və onları Qəbələ RPŞ-yə gətirmişlər, yolda nəqliyyat vasitəsində olarkən Şəxs Qəbələ RPŞ-nin xidməti PPXB-nin nəqliyyat vasitəsinin arxa sol şüşəsini təpiklə vurub sındırmış, daha sonra onları Qəbələ RPŞ-yə gətirilmişdir. İşdə olan Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X8 25 iyul 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Qəbələ RPŞ-nin TB-də toplanmış HK-1/845 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 232-1, 510 və 535-ci maddələri ilə, X2 İXMnin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. İşdə olan 24 iyul 2025-ci il tarixli “X21 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində inzibati qaydada tutulmuşdur. İşdə olan 24 iyul 2025-ci il tarixli, 197 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş olmuşdur və qanında alkoqolun miqdarı 0,6 % olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli Ziyan Aktından görünür ki, “FİAT DOBLO” markalı, **- AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan qapının şüşəsi sınması nəticəsində 100 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2019-cu il təvəllüdlü X16, xx.xx.2020-ci il təvəllüdlü X17 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı üç azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində 3 azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Qəbələ rayonu Zarağan kəndində polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərəəhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, belə ki, Şəxs Qəbələ rayonu Zarağan kəndində ictimai yerdə ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlədərək ictimai qaydanı pozması, xırda xuliqanlıq etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-359/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-359/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver