Məhkəmə qərarları › İş №3(025)-360/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-360/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-360/2025 25.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1998-ci il martın 05-də Ağdaş rayonu Abad kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 iyul 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Şəxs Post Patrul xidmətinə məxsus “FİAT DOBLO” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Polis şöbəsinə gətirilərkən qəsdən ayağı ilə avtomobilin şüsəsini sındırmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 25 iyul 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, ona 2 nəfər şəxsin Qəbələ rayonu Zarağan kəndində ictimai yerdə spirtli içki qəbul edərək ictimai asayişi pozması barədə məlumat gəlmişdir. Dərhal Post-Patrul əməkdaşlarına məlumat verərək həmin əraziyə yaxınlaşmalarını bildirmişdir. Post-Patrul xidmətinin əməkdaşları yaxınlaşda görmüş ki, Şəxs və Vüsal Cəbrayılov içki içərək ictimai yerdə söyüş söymüşlər və insanlara maneə olmuşlar. Həmçinin polis əməkdaşlarının qanuni əmrlərinə tabe olmamış, Şəxs polis maşının şüşəsini təpiklə vurub qırmışdır. Daha sonra onları çətinliklə Qəbələ rayon Polis şöbəsinə gətirmişlər. Şəxs Post Patrul xidmətinə məxsus “FİAT DOBLO” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Polis şöbəsinə gətirilərkən qəsdən ayağı ilə avtomobilin şüsəsini sındırmışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qəbələ RPŞ-nin İTB bölməsinə həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin avtomobilin güzgüsünə dəymiş ziyanın miqdarını müəyyənləşdirmək üçün Ziyan aktı almışlar və avtomobilə 100 manat ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə sevgili münasibətində olduğu X5 ona zəng edərək Qəbələ rayonuna dəvət etmiş və Qəbələ rayonuna gəlmişdir. Qəbələ rayon Zarağan kəndində yerləşən sonradan adı ona məlum olan Elnur adlı şəxsin işlətdiyi kafeyə axşam saat 18 radələrindən sonra gəlmiş, orada 4 bakal pivə içmişdir. Daha sonra isə Vüsal Cəbrayılovu orada olan başqa bir şəxs narahat etmiş, daha sonra Vüsal Cəbrayılov nalayiq ifadələr söyləmiş, içkili olduğu üçün nalayiq ifadələr işlətməyə başlamış, uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra isə kafedən çıxmaq istəyəndə polis əməkdaşları gəlmiş və özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Lakin içkili olduqları üçün qərəzli şəkildə nalayiq ifadələrinə davam etmişlər, daha sonra isə polis əməkdaşları onları xidməti nəqliyyat vasitələrinə mindirmişdir. Polis şöbəsinə gedərkən içkinin də təsiri altında polis şöbəsinin xidməti avtomobilinin arxa sol şüşəsini təpiyi ilə qəsdən sındırmış, daha sonra polis əməkdaşları onları Qəbələ RPŞ-yə gətirmişlər. Polis şöbəsində də etdiyi əməli etiraf etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə polis nəfəri polis serjantı Əhməd Zeynalovla dislokasiya üzrə 7 saylı postda xidmətdə olduğu zaman Qəbələ rayon Zarağan kənd sakini X4 070- ***-**-** saylı mobil nömrəsindən zəng edərək şəxsiyyətləri sonradan onlara məlum olan Ağdaş rayon sakini Şəxs və Qəbələ rayon Aydınqışlaq kənd sakini X2 ucadan nalayiq ifadələr işlətdiklərini və bununla kafedə istirahət edən şəxslərin rahatçılığını pozduqlarını bildirmişdir. Daxil olmuş məlumat əsasında hadisə yerinə getmişlər və həmin şəxslərə özlərini təqdim edərək onları nizam intizama dəvət edərək ictimai yerdə söyüş söyməmələrini, bununla kafedə olan digər müştəriləri narahat etdiklərini, lakin həmin şəxslər yenə də nalayiq ifadələr işlətmiş, bu səbədən həmin şəxslərin barələrində araşdırma aparılması üçün polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxslər qəsdən onların qanuni tələblərinə tabe olmamış, bu səbədən həmin şəxslərin bu kimi əməlləri barədə araşdırma aparılması üçün Qəbələ RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Həmin şəxslərdən Şəxs polis şöbəsinə gətirilən zaman təpiklə xidməti avtomobilin sol arxa pəncərəsini vuraraq sındırmış, nəticədə xidməti avtomobilə maddi ziyan dəymişdir. İşdə olan Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 25 iyul 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Qəbələ RPŞ-nin TB-də toplanmış HK-1/845 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 232-1, 510 və 535-ci maddələri ilə, X2 İXMnin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. İşdə olan 24 iyul 2025-ci il tarixli, 197 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş olmuşdur və qanında alkoqolun miqdarı 0,6 % olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli Ziyan Aktından görünür ki, “FİAT DOBLO” markalı, **-AP- *** dövlət qeydiyyat nişanlı avtomobilin yan qapının şüşəsi sınması nəticəsində 100 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2019-cu il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı üç azyaşlı uşaqları vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində 3 azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli – 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar