Məhkəmə qərarları › İş №3(025)-362/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-362/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-362/2020 25.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytnantı X1, Müdafiəçi –Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1986-ci il noyabrın 05-də İsmayıllı şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 15, mənzil 3 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2020-ci il tarixdə saat 02:45 radələrində İsmayıllı şəhər sakini Şəxs PPXB-nin polis nəfəri, polis serjantı Valeh Mirzəyevin qanuni tələbinə qəsdən tabe olmayaraq inzibati xətaya yol vermişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 25avqust 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X5 göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 02:45 radələrində İsmayıllı şəhər sakini Şəxs PPXB-nin polis nəfəri, polis serjantı Valeh Mirzəyevin qanuni tələbinə qəsdən tabe olmayaraq inzibati xətaya yol vermişdir. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, gecələr axşam saat 21 radələrindən sonra qardaşına məxsus VAZ 21099 markalı ** DC *** nömrəli avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə gecə saat 2-yə qalmış İsmayıllı rayon sakini X2 ona İsmayıllı şəhərində Bərəkət marketin qarşısında yaxınlaşaraq “Bunud kəndinə neçəyə apararsan” deyə soruşmuş və onun ilə 10 manatdan onu Bunud kəndinə düşürüb qayıtmaq üçün razılaşmışdır. Süleyman ona bir qədər qabağa sür, fəhlələr var onları götürüb gedək demiş, təxminən 30 metr irəlidə 4 nəfər şəxs də avtomobilə minmiş və Qəbələ rayon Bunud kənd istiqamətində getmişlər. Qəbələyə gəlmiş və Fil restoranına gedən yolda həmin 4 nəfər şəxsi maşından düşürmüşdür. Daha sonra Süleyman ona dön geri qayıdaq kafedə çay içək demiş və belə olub kafeyə çay içməyə getmişlər. Çay içdikləri zaman kafeyə motorlu mişar səsi gəldiyini eşitmişdir. Təxminən yarım saat sonra Süleyman ona fəhlələri düşürdükləri yerə getmələrini və kimsə gəlsə xəbər etmələrini bildirmişdir. Təxminən 2 dəqiqə sonra avtomobilin yanında polis əməkdaşları dayanmış, onlar xidməti avtomobildən düşərək biri meşə istiqamətinə, digəri isə onun tərəfdən maşına yaxınlaşmış, polis əməkdaşları gələn zaman Süleyman oradakı şəxslərdən birinə zəng edərək “motoru dayandırın gələn var qaçın” demişdir. Daha sonra Süleyman ona maşını işə sal gedək burdan demiş, polis əməkdaşının ona bir dəqiqə gözlə dediyini eşitmiş və gözləmədən avtomobili idarə edərək çıxıb İsmayıllı istiqaməti tərəfə getmişlər. Polis əməkdaşları avtomobillərini onların arxasınca idarə edərək gəlsələr də, Buynuz kəndinin girəcəyində dayanmışlar.Təxminən 20 dəqiqə sonra Süleymana zəng gəlmiş, telefonda danışan şəxs ona “polislər yoxdur, gəlin məni götürün, yolun kənarında uzanmışam” demiş və geri əvvəl həmin şəxsləri düşürdüyü yerə qayıtmışdır.Yolun sağ tərəfində bir nəfər şəxs dayanmış, ona yaxınlaşaraq həmin şəxsi götürmüş və geri İsmayıllı istiqamətinə tərəf qayıtmışdır. Bu zaman yenə polis maşını gəlmiş və avtomobili idarə edib gedən zaman meşədən polis əməkdaşı yolun ortasına çıxmış, polis əməkdaşı ona saxlamağı üçün əl etmiş, lakin saxlamayaraq yoldan çıxıb sürüb getmişdir. Hal-hazırda əməlindən peşmandır. Polis əməkdaşlarından etdiyi hərəkətə görə üzr istəyir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf etməsinin nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri X3 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 09:00-dan xx.xx.2020-ci il tarixdə 09:00-a kimi Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri Qədir Rəsulzadə ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində və Bunud kəndində xidmətdə olmuşlar. xx.xx.2020-ci il tarixdə gecə saat 02:40 radələrində Bunud kəndinə meşədən motorlu mişar səsi eşitmişlər. Qədir Rəsulzadə avtomobildən düşərək səs eşidilən tərəfə getmişdir. O issə həmin zaman Xumar restoranının təxminən 100 metrlik məsafəsində yolun kənarında dayanmış yaşıl rəngli VAZ 21099 markalı avtomobil görmüş, həmin avtomobilin yanına getmiş və yerə düşərək avtomobilə sürücü tərəfdən yaxınlaşmışdır. Həmin zaman sürücü avtomobili işə salmış, ona bir dəqiqə gözlə demiş, lakin həmin şəxs avtomobili idarə edərək uzaqlaşmışdır. Həmin şəxsin tək olduğunu, xidməti avtomobili ilə nömrəsini öyrənmək üçün arxası ilə getmiş, həmin avtomobilin nömrəsinin ** DC *** olduğunu müəyyən etmiş və geri qayıtmışdır. Avtomobildən düşərək Qədir Rəsulzadəni çağırmış, Qədir ona ucadan səs ilə Axar su restoranı tərəfdən gəl, həmin tərəfə qaçan şəxslər var demiş və həmin istiqamətə getmişdir. Avtomobilin işığını meşəyə salmış, yerə düşərək Qədirə zəng etmiş və Qədir ona qayıt geri yola çıxırlar orada gözlə demiş, geri qayıdıb yola çıxan zaman əvvəl gördüyü VAZ 21099 markalı ** DC *** dövlət nömrə nişanlı avtomobilin yüksək sürət ilə getmişdir. Qədir yola çıxaraq həmin avtomobili saxlaması üçün əl etmiş, lakin saxlamayaraq Qədirin üzərinə idarə edərək yolun sağ tərəfinə çıxıb uzaqlaşmışdır. Yenə xidməti avtomobil ilə onun arxası ilə getmiş, avtomobilə saxla işarəsi vermiş, lakin dayanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri X4 izahatında Valeh Mirzəyevin dediklərini təsdiq edərək əlavə olaraq göstərmişdir ki, VAZ 21099 markalı avtomobilin yenidən Qəbələ istiqamətə gəldiyini görmüş, Fil restoranına gedən yolun qarşısında dayanaraq avtomobilə kimisə mindirmiş, geri İsmayıllı istiqamətində hərəkə etmişdir. Yola çıxaraq onu saxlaması üçün əl etmiş, lakin, həmin avtomobili saxlamayaraq yolun sağ tərəfinə çıxaraq getmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X6 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, HK-1/898 saylı materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə onun barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Qəbələ RPŞ-nin İTB-yə verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşman olmasını, ağacları kəsən şəxslərin müyyən edilməsində polis əməkdaşlarına köməyini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə saat 02:45 radələrində İsmayıllı şəhər sakini Şəxs PPXB-nin polis nəfəri, polis serjantı Valeh Mirzəyevin qanuni tələbinə qəsdən tabe olmayaraq inzibati xətaya yol vermişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar