Məhkəmə qərarları › İş №3(025)-362/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-362/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-362/2025 28.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, AR DİN Qəbələ RPŞ-nin DYPB-nin İTÜBİ-nin polis kapitanı X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Tola kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Tövlə kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 334.1 və 332.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 7298796) tərtib edilmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Vaz 21013 Minik” markalı **-BT-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Qəbələ rayonu, Tola kəndi ərazisində sərxoş vəziyyətdə idarə etmiş və “Vaz 21063 Minik” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayon Tövlə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində Elnur Cəbrayılov adlı həmkəndlisi və dostu ona zəng edərək əmisigildə olduğunu və onu oradan götürüb yaşadığı evə aparmasını xahiş etmişdir. Həmin vaxt evdə imiş və evdə tək şəkildə spirtli içki hesab edilən araq içkisi içirmiş. Yaşadığı ev Tövlə kəndinin mərkəzi tərəfdədir. Elnur ondan xahiş etdiyi üçün həyətində olan və faktiki olaraq onun istifadəsində olan və ona məxsus olan, lakin dostu X6 adına etibarnamə olan VAZ 21O13 minik marka və modelli, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşmişdir. Daha sonra isə avtomobilin mühərrikini işə salmış və həyətdən çıxaraq Hacıalılı kəndi istiqamətində, yəni Elnurun əmisigil istiqamətində asfalt örtüklü yol ilə avtomobili idarə elmişdir. Gedib Elnuru əmisigilin qapısından götürmüşdür. Elnur Cəbrayılov avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Beləliklə o, həmin VAZ 21013 minik marka və modelli, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili Tövlə kəndinin mərkəzi istiqamətində saatda təxminən 70 km saat sürətlə idarə elmişdir. Tövlə kənd sakini X1 yaşadığı evin həyətinin qapısının qarşısına çatmağına yaxın əks istiqamətli hərəkət zolağından başqa bir avtomobilin uzaq işıqlarını yandırmaqla gəldiyini görmüş və o, həmin avtomobilin uzaq işıqlarını söndürməsi üçün marqat etmiş, yəni uzaq işıqların yandırıb söndürmüşdür. Həmin avtomobil də uzaq işıqlarını söndürmüşdür. Fərqanə Zeynalovanın qapısının qarşısına keçərkən həmin avtomobil sola, yəni onun hərəkət zolağına çıxmışdır. Nəticədə idarə etdiyi VAZ21013 minik marka və modelli, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tin hissəsi həmkəndlisi X2 idarə etdiyi VAZ 21-06 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə onun hərəkət zolağında toqquşmuşdur. Toqquşmanın təsirindən VAZ21063 markalı avtomobil təxminən 10-15 metr məsafə irəliyə sağda olan dərəlik kimi ehtiyat hisəyə düşmüş, onun avtomobili isə təxminən 10-15 metr məsafə asialı örtüklü yolda Tövlə kəndinin mərkəzi istiqamətində irəliyə gedərək asfalt örtüklü yolda dayanmışdır. Dərhal avtomobilindən yerə düşmüşdür. Avtomobilində olan Elnur Cəbrayılova bir-iki dəfə yüngül şillə vuraraq onu ayıltmışdır. Daha sonra VAZ2106 markalı avtomobilə tərəf getmiş və həmkəndlisi Ehsanın öldüyünü görmüşdür. Emin Muşdaqov və avtomobilin arxa sərnişin oturacağında olan Müslüm isə xəsarət, almışlar. Daha sonra onu və hadisə yerində xəsarət almış şəxsləri hadisə yerinə gələn kənd sakinləri Qəbələ RMX-ya aparmışlar. Hadisə zamanı sərxoş olmuş, yəni hadisədən əvvəl təxminən 100 qram spirtli içki sayılan araq içkisi içmişdir. Hadisə zamanı avtomobildə ondan başqa sadəcə X3 olmuşdur. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamış, avtomobili təxminən 4 ay əvvəl Afərin adına almış, sürücülük vəsiqəsi olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 8 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətinə əsasən müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (1,3 pr.m) aşkar edilmişdir. İşdə olan Qəbələ RPŞ İB-nin xx.xx.2025-ci il tarixli Qərarının surətinə əsasən xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində Qəbələ rayonu, Tola kəndi ərazisində Şəxs etibarnamə və sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21013 minik marka və modelli, ** BT *** dövlət nömrə nişanlı avtomobillə X2 idarə etdiyi VAZ 21-06 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəində Şəxs tərəfindən AR İXM-nin 334.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədildiyi aşkar edilmiş və barəsində həmin maddələrlə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, İXM-nin müvafiq maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2016cı il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X7 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması və hərəkətlərinə görə səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb barəsində İXM-nin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini (İXP 7298796) törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar