Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-367/2021 10.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxx 1988-ci il tarixdə Qəbələ rayonu Laza kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Star Petrol” yanacaq doldurma məntəqsində operator vəzifəsində işləyən, Qəbələ rayonu Laza kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barədə tərtib edilmiş 10 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 29 iyul 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı əsasında tərtib edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 19.07.2021-ci il tarixdə Qəbələ şəhəri, Şonqar bulağı adlanan yerdə qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmiş və satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs üzərində aşkar olunmuş narkotik vasitə hesab edilən marixuananın miqdarı şəxsi istehlak miqdarında olduğuna görə onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair 29.11.2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati xəta haqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 4 aya yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Keçən 4 ay ərzində bəzən narkotik vasitədən istifadə etdiyi üçün narkotik vasitədən asılılığ yaranmışdır. 19 iyul 2021-ci il tarixdə Qəbələ rayonu ərazisində yerləşən Şonqar bulağının yuxarı hissəsində sellofan kağız bükümə nəşəni dolduraraq tanışı Qəbələ rayon Vəndam qəsəbə sakini Müşfiq adlı şəxslə birlikdə çəkmişdir. Lakin nəşənin çox hissəsini özü çəkmişdir. Nəşəni təxminən bir ay bundan qabaq Nic qəsəbəsində yerləşən əkin sahəsində aşkar edib, yığıb qurudaraq saxlamışdır. Narkotik vasitəni heç kimdən almamışdır və heç kimə satmamışdır. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ PPXB-nin polis nəfəri X5 izahatında göstərmişdir ki, o, 19.07.2021-ci il tarixdə saat 17:30 radələrində post-patrul xidmətində olarkən Şonqar bulağının yaxınlığında “Vaz-2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında üç nəfər şəxsin şübhəli hərəkətlər etdiyini görərək onlara yaxınlaşaraq özünü təqdim etmişdir. Burada nə işlə məşğul olduqlarını soruşduqda həmin şəxslərdən özlərini Qəbələ rayon Laza kənd sakini Şəxs və Qəbələ rayon Vəndam qəsəbə sakini X1 təqdim edən şəxslər siqaretə nəşə bitkisini dolduraraq çəkdiklərini bildirmişlər. Şəxs üzərində narkotik vasitə olan marixuananı daşıması sübhəsi olduğundan həmin şəxsləri Qəbələ RPŞ-yə gətirmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, şahidin ifadəsi, işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X7 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: - Baxış keçirilməsi haqqında 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs məxsus gör rəngli şalvarın sağ cibindən 1 ədəd siqaret qutusundakı sellofan kağıza bükülü vəziyyətdə yarı çəkilmiş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi aşkar edilərək AR DİN-nin “103” saylı möhürü ilə möhürlənərək qablaşdırılıb götürülmüşdür. - Şübhəli şəxsin tutulması haqqında 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 19 iyul 2021-ci il tarixdə şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 29 iyul 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs və X7 barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 17/526 saylı, 22.07.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vəkil. /İmza/ R.Qəribov. Hal şahidi. İ.Əhmədov...Şübhəli şəxs /imza/ Şəxs..." sözləri və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd siqaret qutusundakı 01 (bir) ədəd papirosda, təmiz çəkisi – 0,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin papirosun içərisindəki, təmiz çəkisi – 0,07 qram olan digər bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Qəbələ rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş 19.07.2021-ci il tarixli 155 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Şəxs yüngül dərəcə narkotik sərxoşluq müəyyən edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə, Şəxs əməlini etiraf edib peşiman olmasını, ilk dəfə inzibati xəta törətməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut – HK-1/846 saylı rədd materialına əsasən Qəbələ rayon Polis şöbəsində saxlanılan qalıq çəkidə 0,05 qram narkotik vasitə olan – qurudulmuş marixuana məhv edilsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 17/526 saylı, 22.07.2021-ci il tarixli rəyinin ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-367/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-367/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver