Məhkəmə qərarları › İş №3(025)-368/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-368/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-368/2022 09.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsi X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 16 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsidən daxil olmuş MN ******* nömrəli, 16 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən “Xarici avtomobillərə texniki xidmət” obyektinə aid 5,5 m2 ölçüdə fasad reklam, 1 m2 ölçüdə ayrıca dayaqlı reklam qurğusunun müvafiq icazə sənədləri olmadan yerləşdirilmiş və yayımlanmaqdadır. Bununla da X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi Nümayəndə protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərdi ki, X4 tərəfindən “Reklam haqqında” AR-nın qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda 1,10m x 5m x 1ədəd=5,50 m2 fasad, 0,50 m x 1,00m x 1 ədəd x 1 tərəf=0,50 m2 ayrıca dayaqlı 0,50m x 1,00m x1 ədəd x 1 tərəf = 0,50 m2 ayrıca dayaqlı reklamlarının müvafiq icazə sənədləri olmadan yerləşdirmişdir və yayımlanmaqdadır. Göstərilən halın nəzərə alınmasını və inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 həmçinin 50 222 11 97 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsi haqqında” 26 iyul 2022-ci il tarixli, İRY 002054 nömrəli aktdan görünür ki, X2 iştirakı olmadan X4 tərəfindən İXM-nin 428.7.1-ci maddəsinə zidd olaraq icazəsiz reklamları yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bu səbəblə akt tərtib edilmişdir. İşdə olan 26 iyul 2022-ci il tarixli İMG 002054 nömrəli göstərişdən görünür ki, X1 “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 3cü bəndini rəhbər tutaraq müvafiq aktda qeyd olunan qayda pozuntularını (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 (beş) gün ərzində aradan qaldırılması tələb olunmuş, ona əks halda İXM-nin 428.7-ci maddəsini əsas tutaraq barəsində protokol tərtib olunacağı izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsi tərəfindən X3 ünvanlanmış 27 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Zəka Qəribova akt və icrası məcburi olan göstərişin surəti göndərilərək icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün X7 İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuş, əks halda barəsində İXM-nin 428.7-ci maddəsinin uyğun bəndində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndəriləcəyi bildirilmişdir. Həmçinin inzibati işin materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlum olmuşdur ki, müvafiq məktubu X4 xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. İşdə olan İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları haqqında çıxarışdan görünür ki, X4 fiziki şəxs kimi 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və X4 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” qanunun 26.1-ci maddəsinin tələbinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinin tələbinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2- 2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Bu Qanunun 26.8-ci maddəsinin tələbinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - X4 müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsini almadan Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən “Xarici avtomobillərə texniki xidmət” obyektində 5,5 m2 ölçüdə fasad reklam, 1 m2 ölçüdə ayrıca dayaqlı reklam qurğusunu müvafiq icazə sənədləri olmadan yerləşdirilmiş və yayımlamış, bununla da Reklam haqqında Qanunun tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsiləşikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar