Məhkəmə qərarları › İş №3(025)-370/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-370/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-370/2022 23.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1991-ci il dekabrın 02-dəQəbələ rayonu Uludaş kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qəbələ rayonu Uludaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 avqust 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində saat təxminən 19:20 radələrində xidmət aparan polis əməkdaşının qanuni tələbini pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 23 avqust 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində saat təxminən 19:20 radələrində xidmət aparan polis əməkdaşının qanuni tələbini pozmuşdur. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə axsam saatlarında öz yaşayış evindən Uludaş kəndində yaşayan qardaşı Abduxalıqov İlqarın evinə gedən zaman qardaşı İlqarın yaşayış evinin çöl qapısında biri polis maşını olmaqla 3 maşın dayandığını görmüşdür. Həmin vaxt orada 4,5 polis əməkdaşı, tanımadığı 1,2 nəfər vətəndaş olmudur. Həmin vaxt qardaşı uşaqları ağlamış, polis əməkdaşları isə qardaşı İlqarla mübahisə etmişlər. Onların yanına yaxınlaşıb vəziyyət barədə məlumat almaq istəsə də, ona qarışmamağı bildirmişlər. O isə mübahisə qarışaraq İlqarın onun qardaşı, orda dayanan şəxslərin isə ailə üzvləri olduğunu bildirmişdir. Daha sonra qardaşı İlqarı evə göndərmiş, özü isə həmin yerdən uzaqlaşıb mağazaya getmişdir. Bu zaman onun arxası ilə polis maşını gələrək onunla polis şöbəsinə getməli olduqlarını bildirmişlər və o isə səbəbini soruşmuşdur. Polis əməkdaşları səbəbini polis şöbəsində deyəcəklərini qeyd etmişlər. Belə olub oradan ara yolla qaçaraq qardaşı İlqarın həyətinə gəlmişdir. İlqarla evdə oturan zaman İlqara polis əməkdaşları 3-4 dəfə zəng edərək qapıya çıxmalarını bildirmişlər. İlqar qapıya çıxdıqdan sonra qapıda səs-küy gəlmiş və belə olub o da çölə çıxmışdır. Çölə çıxan zaman polis əməkdaşlarının zorla İlqarı polis avtomobilinə mindirmək istədiyini görmüşlər. O isə İlqarı polis əməkdaşlarının əlindən almışdır. Bu zaman polis əməkdaşları onun bədəninin müxtəlif yerlərinə xəsarət yetirmişlər və həmin xəsarətlərdə bədənində qalmaqdadır. Bundan əlavə polis əməkdaşları anasına da xəsarət yetirmişlər. Onlar polis əməkdaşlarına müqavimət göstərməmişlər. Polis əməkdaşları onlara heç bir səbəb göstərmədən və onlara qarşı zor tətbiq etdiklərindən polis avtomobilinə minməkdən imtina etmişlər. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X9 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayon polis şöbəsinin İstintaq-Əməliyyat qrupunun üzvü olmuşdur. Təxminən saat 20:15 radələrində Qəbələ RPŞ-nin növbətçi hissəsindən daxil olmuş zəng əsasında Qəbələ rayonu Uludaş kəndinə çağırış üzrə kömək məqsədilə getmişlər. Onlar hadisə yerinə çatanda qeyd edilən ünvanda sonradan adları ona məlum olan Qəbələ rayonu Uludaş kənd sakinləri Şəxs və X5 uca səslə nalayiq ifadələr işlədir və kənd sakinlərinin ətrafa toplaşmasına səbəb olurdular. Qeyd edilən vətəndaşlarla söhbətlər aparılaraq araşdırma aparılması məqsədilə polis şöbəsinə dəvət olunsalar da, ətrafdakı kənd sakinlərinin və qohumlarının yanında nalayiq ifadələr işlədir və kənd sakinlərinin ətrafa toplaşmasına səbəb olurdular. Qeyd edilən vətəndaşlarla söhbətlər aparılaraq araşdırma aparılması məqsədilə polis şöbəsinə dəvət olunsalar da, ətrafdakı kənd sakinlərinin və qohumlarının yanında nalayiq ifadələr işlədərək və polisin nüfuzuna xələl gətirən hərəkətlər edərək qanuni tələblərinə qəsdən tabe olmamışlar. Qeyd edilən şəxslər araşdırma aparılması məqsədilə Qəbələ rayon Polis şöbəsinə gətirilməsi ilə bağlı müvafiq hərəkətlər həyata keçirilsə də, ətrafa toplaşan kənd sakinləri və qohumları qeyd edilən şəxslərin polis şöbəsinə gətirilməsinə maneçilik törətmişlər və onlar hadisə yerindən qaçaraq uzaqlaşmışlar və yaxınlıqdakı yaşayış evlərinə daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X10 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:50 radələrində Qəbələ RPŞ-nin İTB-nin icraatında olan xırda talama materialı ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialı ilə bağlı Qəbələ rayonu Uludaş kəndində küçə ticarəti ilə məşğul olan Türkiyə Respublikası vətəndaşı Çağlar Enginlə bağlı müvafiq tədbirlər həyata keçirilərkən heç bir səbəb olmadan həmin hadisəyə heç bir aidiyyatı olmayan Şəxs və X5 mübahisə yaradaraq xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törətmişlər, normal iş fəaliyyətini pozaraq Çağlar Enginin oradan qaçaraq uzaqlaşmasına şərait yaratmışlar. Bu barədə ona dəfələrlə bildirilsə də məhəl qoymayaraq hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq ifadələrlə uca səslə ünvanlıünvansız söyüşlər söyməyə başlamış və ətrafdakı kənd sakinlərinin və qohumlarının ünvanda toplaşmasına səbəb olmuşlar. O, Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə bu barədə məlumat verərək, polis əməkdaşlarının köməyə gəlməsini bildirmişdir. İstintaq-Əməliyyat qrupunun üzvləri və yaxınlıqda avtopatrulda xidmət aparan polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onlarla söhbət aparılaraq araşdırma aparılması məqsədilə polis şöbəsinə dəvət olunsalar da, ətrafdakı kənd sakinlərinin və qohumlarının yanında nalayiq ifadələr işlədərək və polisin nüfuzuna xələl gətirən hərəkətlər edərək qanuni tələblərinə tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X11 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Həmzəlli-Bum-Tikanlı-Uludaş kəndləri üzrə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 ilə avtopatrulda xidmətdə olmuşdur. Təxminən saat 20:15 radələrində Qəbələ RPŞ-nin Növbətçi Hissəsindən daxil olmuş zəng əsnasında Qəbələ rayonu Uludaş kəndinə çağırış üzrə kömək məqsədilə getmişlər. Onlar hadisə yerinə gedəndə Şəxs və Abduxalıqov İlqar həmin ərazidə olmamışlar. Belə ki, sonuncular onunla birlikdə xidmət aparan polis Təvətgül Zeynalovun qohumu olduğundan Təvətgüldən xahiş etmişlər ki, onları zəng edərək evdən çölə çağırsınlar. Təvətgül isə onlara zəng edərək çölə çağırmışdır. X1 və Şəxs nalayiq ifadələr işlədərək kənd sakinlərinin ətrafa toplaşmasına səbəb olmuşlar. Qeyd edilən şəxslərin araşdırma aparılması məqsədilə Qəbələ rayon polis şöbəsinə gətirilməsi ilə bağlı müvafiq hərəkətlər həyata keçirilsə də, ətrafa toplaşan kənd sakinləri və qohumları onların polis şöbəsinə aparılmasına maneçilik törətmişlər. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Hazırki halda X2 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlar məhkəməyəŞəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas vermir. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi hallarmövcud deyil və bu hallar öz təsdiqini tapmadı. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, X5 və Şəxs polis işçilərindən ilk növbədə Türkiyə Respublikasının vətəndaşı barəsində görüləcək tədbirlərinin onların qapısının qarşısında deyil, kənar ərazidə edilməsini xahiş etmişlər. Göründüyü kimi Şəxs birinci polis işçilərinə qarşı heç bir tabesizlik etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs evinə getdikdən sonra yenidən polis əməkdaşı vasitəsilə telefonuna zəng olunaraq qapıya çağırılmışdır. Göründüyü kimi Şəxs polis əməkdaşları ilə sözlü mübahisəsi yaransa da, polis işçisinin qanuni əməlinə tabe olmaması işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Şəxs üzərinə düşmədiyindən və məhkəməyə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında ŞəxsİXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İş materiallarından, barəsində inzibati icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər etməmişdir. İşdəki materiallarla isə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar