Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-376/2025 19.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1985-ci il oktyabrın 20-də Qəbələ rayonu Mamaylı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Mamaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəsisi T.A.Həsənquliyevin tərtib etdiyi 19 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Şəxs 20 iyul 2023-cü il tarixdən başlayaraq, 08 mart 2019-cu il təvəllüdlü X4 və 19 oktyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X3 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 2290 manat borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmişdir. Borclunun heç bir iş yeri yoxdur. Borclu aliment borcundan 5710 manat ödəmiş, 2290 manat isə ödənilməmiş qalıq borcu isə əvvəlcədən yığılmış borc olmuşdur. Borclu Şəxs ödənilməmiş qalan aliment borcunu halhazırda ödəyə bilmədiyini, 1 ay ərzində ödəyə biləcəyini qeyd edir. Tələbkar bütün aliment borcunun ödənilməsini tələb edir. Odur ki, müvafiq qərar qəbul edilmıəsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onun 2290 manat məbləğində borcunun olmasını qəbul edir. Lakin həmin borcunu ödəyə bilməməsinə səbəb qərəzlilik deyil, maddi imkanının olmamasıdır. Hal-hazırda heç bir yerdə işləmir. Anasının pensiyası ilə dolanmaqdadır. Buna baxmayaraq məhkəmə qətnaməsi çıxandan bu günə qədər aliment ödənişlərini vaxtında etmişdir. 2290 manat isə məhkəmə qətnaməsi çıxana qədər yığılmış aliment borcudur. Bu gün 320 manat aliment ödəyə bilər. Qalan hissəsini isə 1 ay ərzində tam ödəyəcəkdir. O, aliment borcunun ödənilməsindən yayınmır. Hesab edir ki, onun əməlində qərəzlilik yoxdur. Əgər əməlində qərəzlilik olsa ümumiyyətlə heç bir ödəniş etməzdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirdi ki, icra məmurunun və Şəxs izahatından müəyyən olundu ki, tələbin yönəldilə biləcəyi heç bir əmlak yoxdur. Hər ay davamlı olaraq aliment borcunu ödəmişdir. Əvvəldən yığılmış aliment borcunu isə yaxın vaxtlarda ödəməsinə dair öhdəlik götürmüşdür. İcra məmuru da izahatında həmin məbləğin qərəzli olaraq Şəxs tərəfindən ödənilməməsini sübut edə bilməmişdir. Zərərçəkmiş şəxsin təqdim etdiyi “hesabdan çıxarış”dan da görünü ki, borclu hər ay aylıq ödənişlərini etmiş, həmçinin bir çox hallarda qalıq borcundan da ödənişlər etmişdir. Bu isə onun əməlində qərəzlilik olmamasını göstərir. Hesab edir ki, Şəxs əməlində qərəzlilik sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, əvvəldən yığılmış 2290 manat aliment borcu vardır ki, həmin borcun bir dəfəyə ödənilməsini tələb edir. Əks halda borclu barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə icra məmurunu və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-1069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Şəxs 20 iyul 2023-cü il tarixdən başlayaraq, 08 mart 2019-cu il təvəllüdlü X4 və 19 oktyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X3 verilməlidir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyevin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-1069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - “Elektron icra sistem”indən Çıxarışlardan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. - Qəbələ Rayon İcra və probasiya şöbəsinin 19 avqust 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs tələbkara 5710 manat aliment ödəmiş, 2290 manat ödənilməmiş aliment borcu qalmaqdadır. - "xxxx" ASC-yə məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 2024-cü ilin yanvar ayının 17-dən davamlı olaraq hər ay ödənişlər edilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclu Şəxs icra məmurunun çağırışlarına vaxt-vaxtında gəlmiş və izahat vermişdir. İkincisi, borcunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göründüyü kimi, borclu tərəfindən, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi kimi qərəzli hərəkətlərə yol verilməmişdir. Üçüncüsü, "xxxx" ASC-yə məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 2024-cü ilin yanvar ayının 17-dən davamlı olaraq hər ay ödənişlər edilmişdir. Nəhayət, məhkəməsinin qənaətincə, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə olan borcunu ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, aliment borcundan hər ay ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-1069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-376/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-376/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver