Məhkəmə qərarları › İş №3(025)-383/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-383/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-383/2021 23.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1989-cu il mayın 22-də Qəbələ rayonu Bayramkoxa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Bayramkoxa kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 avqust 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 12.07.2021-ci il tarixdə Bayramkoxa kəndində öz həyətlərinin qarşısında saat təxminən 06 radələrində qonşusu Zərərçəkmiş şəxs sillə ilə vuraraq fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 23 avqust 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 göstərdi ki, Şəxs 12.07.2021-ci il tarixdə Bayramkoxa kəndində öz həyətlərinin qarşısında saat təxminən 06 radələrində qonşusu Zərərçəkmiş şəxs sillə ilə vuraraq fiziki ağrı yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxslər barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Şəmsəddin İsayev və onun arvadı Zərərçəkmiş şəxs ilə arasında əvvəllər ədavət və prinsip olmamışdır. 11.07.2021-ci il tarixdə gecə spirtli içki içib gec saatlarında evə gəlmiş, özünə məxsus traktorun kabinasında yatmışdır. 12.07.2021-ci il tarixdə səhər saat 06 radələrində qonşusu Şəmsəddin arvadı Töhvə İsayevanın onun qapısının qarşısından inəklərini sürüb aparan zaman onun rəhmətə gedən atasının ünvanına ünvanına nalayiq söyüşlər işlətdiyini eşitmiş, buna görə o qapıdan çölə çıxmışdır. Töhvə İsayevaya nə üçün onun atasının ünvanına söyüşlər söyürsən demişdir. Töhvə İsayeva isə ona nalayiq söyüşlər söymədiyini bildirmiş, həmin vaxt onların arasında sözlü mübahisə olmuşdur. Təkrar Zərərçəkmiş şəxs onun və rəhmətə gedən atasının ünvanına nalayiq söyüşlər işlətmişdir. O da buna görə Töhvənin sinəsindən itələyib yerə yıxmış, bu zaman Töhvənin əri Şəmsəddin yola çıxmış, onun yanına gəlmiş, onun üzünün sağ və sol tərəfindən sillə ilə bir neçə dəfə vurmuşdur. O, yerə yıxılmış, sonra Şəmsəddin arvadı Töhvəni yerdən ayağa qaldırıb evləri tərəfə aparmış, həmin vaxt onun arvadı Zöhrə Məhərrəmova onun yanına gəlmişdir. O da onu evlərinə aparmış. Buna görə AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra isə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. O, Töhvə İsayevanın saçından tutub yolmamış, onu yerə yıxıb döyməmiş, sadəcə olaraq yerə yıxmışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasının nəzərə alınmasını və daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qonşusu olmuşdur. Şəxs ilə onun arasında əvvəllər heç bir ədavət və münaqişəsi olmuşdur. 12.07.2021-ci il tarixdə səhər saat 06 radələrində öz təsərrüfatında olan inəkləri tövlədən çıxarmış yol ilə kəndin otlaq sahəsinə ötürüb geri qayıdan zaman Firiddunun qapısının qarşısından keçəndə heç bir səbəb olmadan Firiddun öz qapısından çıxıb onu arxadan “Töhfə” deyib çağırmışdır. Sonra isə onun ünvanına nalayiq söyüşlər və təhqirlər edərək onun arxası ilə gəlmişdir. O Firiddun söyüşlərinə görə dayanmış, ona heç bir qarşılıq verməmişdir. Firiddun həmin vaxt onun yanına gəlmişdir, bu zaman Firiddunun anası və arvadı da onun arxası ilə gəlmişdir. Firidduna geri gəlməsini bildirmiş, Firiddun onun yanına çatıb təkrar ona təhqiramiz sözlər demişdir. Sonra isə ona yoldakı iti göstərib itin onun atasına oxşadığını bildirmişdir. O, həmin vaxt ona “Firiddun get burdan” demiş, sonra isə Firiddunun arvadı və anasına “bu bizdən nə istəyir” demişdir. Həmin vaxt çevriləndə Firiddun onun üzünün sağ tərəfinən bir dəfə sillə ilə vurmuşdur. Sonra isə sağ qolundan tutub dartaraq onu yerə yıxmışdır, yerdə saçından tutub yolmağa başlamışdır. Bu zaman Firuddun anası və arvadı onu tutub kənar etmişlər. O, öz qapısına gəlmiş, qapıdan əri Şəmsəddini çağırmışdır. Həmin vaxt əri Şəmsəddin və uşaqları qapıya gəldiyini, nə olduğunu soruşmuşdur. Bu zaman Firiddun anası “Firiddunduda içibdir baş qoymayın” demişdir. Bu zaman əri Şəmsəddin “içkili adamın sahibi olan şey deyil” demişdir. Anası isə sahibi olmadığını bildirmişdir. O da buna görə AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Firidduna qarşı heç bir fiziki güc tətbiq etməmişdir. Onlar arasında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. O, Firuddun ilə mübahisə edən zaman əri Şəmsəddin onun yanında olmamış, lakin sonradan gəlmişdir. Şəxs cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 12.07.2021-ci il tarixli 296 nömrəli rəyindən görünür ki, Məhərrəmov Firiddun Fərhad oğlunun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 13.07.2021-ci il tarixli 298 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın sağ təpə nahiyyəsinin, sol bazunun bayır aşağı 1/3-nin, sol dirsək və sol diz nahiyyəsinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitində, yəni 12 iyul 2021-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/790 və HK-1/791 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək X1 və Məhərrəmov Firiddun Fərhad oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar