Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-388/2023 14.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5, şikayət vermiş şəxs X3 iştirakları ilə X3 Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətə cəlb edilərək, barəsində 80 manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Qəbələ RPŞ-nin 31-ci PB-nin sahə rəisi, polis leytenantı X5 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi, polis-leytenatı X5 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü iİ tarixli, MN ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi, polis-leytenantı X5 İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ona rəsmi qaydada təqdim edilməmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə barəsində İXM-nin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında işə baxılarkən iş materialları ilə tanış olan zaman qərarla tanış olmuşdur. Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi, polis-leytenantı X5 İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarını, aşağıda qeyd olunan səbəblərə görə əsassız, qanunsuz və ləğv edilməli hesab edir. O, 7 aydır ki, Qəbələ rayonu Zarağan kəndində yerləşməklə xüsusi mülkiyyətimdə olan torpaq sahəsinin hüdudları daxilində yerləşən əmlakında, xüsusi mülkiyyətinin sərhədlərindən zərrə qədər kənara çıxmadan mövsümü meyvə tərəvəz məhsulunun satışı ilə məşğuldur. 21 iyul 2023-cü il tarixdə səhər saatlarında həmin ünvana satış məqsədi ilə qarpız-yemiş məhsulu gətirərək, obyektin içərisinə yığdıqdan sonra, satışa başlamışdır. Bir müddət sonra əvvəldən tanıdığı Çingiz adlı şəxs və onun yanında gələn adını bilmədiyi, sonradan soyadının Ququşov olduğunu bildiyi şəxslə obyektə yaxınlaşmışdır. Onlar gəldiyi vaxt obyektin girişini bağlamamaq üçün onlardan məhsula nəzarət etməyi xahiş edərək təbii ehtiyacımı ödəmək məqsədi ilə satış yerindən yaxınlıqda olan digər obyektinə getmişdir. Bir neçə dəqiqədən sonra, geri qayıtdıqda (günün birinci yarısında) həmin ərazidə xidmət aparan, əvvəldən tanıdığı və onların da onu tanıdığı Qəbələ RPŞ-nin əməkdaşları Rasimli Fəxrəddin və Qafarov Səxavət tərəfindən onun obyektində videoçəkiliş apardıqlarını görmüşdür. O, yaxınlaşdıqda, polis əməkdaşları çəkilişi davam etdirərək protokol tərtib edəcəklərini bildirdilər. O, polis əməkdaşlarından hansı əsasla barəsində protokol tərtib edəcəklərini soruşduqda, polis əməkdaşları ona bildirmişlər ki, artıq vəziyyət dəyişib, onlara tapşırıq veriblər ki, obyekti bağlasınlar. Onlara bildirmiş ki, protokol tərtib edirsiz edin, lakin o əsassız olaraq tərtib etdikləri protokoldan şikayət edəcəkdir. Eyni zamanda o, DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının xüsusi mülkiyyətində olan obyektini bağlamağa hüquqlarının olub olmadığını öyrənəcəyini onlara bildirmiş və xx.xx.2023-cü il tarixdə saat 11:36 da DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşının onun xüsusi mülkiyyətnidə olan obyektini bağlamağa hüququnun olub olmadığını soruşmuşdur. Həmin vaxt operatorda bu sualı cavablandıra bilməyəcəyini deyərək aidiyyatı əməkdaşla əlaqələndirilməşi üçün bir müddət sonra təkrar zəng etməyi tövsiyyə etmişdir. Şikayəti olduğu halda bildirməyi və daha sonra həmin suala cavab verəcək əməkdaşla əlaqələndirəcəyini qeyd etmişdir. Həmin vaxt polis əməkdaşları hələ barəsində protokol tərtib etmədiklərinə görə hazırda heç bir şikayətinin olmadığını 102 xidmətinə bildirmişdir. Bu zaman polis əməkdaşları videoçəkilişi davam etdirirdilər. Sonradan barəsində açılmış inzibati xəta haqqında hazırkı işin materiallarına əlavə edilmiş fotoşəkillər də həmin videoçəkilişdən surətçıxarma üsulu ilə əldə edilmiş fotoşəkillərdir. Bundan sonra polis əməkdaşları barəsində İXM-nin 454-cü maddəsi ilə protokol tərtib edərək həmin protokolla tanış olmaq üçün ona təqdim etmişlər. O, protokola öz etirazını yazılı olaraq qeyd etmək istədikdə polis sahə rəisi Səxavət Qafarov protokolu dartaraq zorla əlindən almış və etirazını yazmağa imkan verməmişdir. Bundan sonra o, saat 11:53-də təkrarən 102 xidmətinə zəng edərək, barəsində qanunsuz olaraq tərtib edilmiş protokoldan və protokola etiraz yazmaq istədiyi zaman polis əməkdaşının imkan verməyərək protokolu zorla əlindən almasından şikayətçi olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşlarının məcburi tələbinə əsasən obyekti bağlayaraq bir müddətdən sonra Cümə namazına getmişdir. Namazdan sonra obyektə qarpız və yemiş məhsulunu topdan gətirən Xəqani adlı şəxsin ***- ***-**-** nömrəli mobil telefonuna zəng edərək polislərin ona obyekti bağlayaraq satışa imkan vermədiyini bildirərək məhsulunu geri götürməsini xahiş etmişdir. Xəqani uzaqda olduğunu və yaxın bir neçə saat ərzində gələ bilməyəcəyini bildərərək məhsulu, xarab olmaması üçün havalandırmağını ondan xahiş etmişdir. O da bu məqsədlə obyektin girişini açaraq, Rafail adlı dostu ilə əvvəlcədən planlaşdırdıqları ünvana qonaq getmək üçün hazırlaşmaq məqsədi ilə evə getmişdir. Qəbələ RPŞ-nin əməkdaşlarının bu hərəkətləri qanunsuz olmaqla yanaşı tamamilə əsassızdır. O, Qəbələ rayonu Zarağan kəndində yerləşməklə xüsusi mülkiyyətində olan əmlakında hüdudları daxilində, xüsusi mülkiyyətinin sərhədlərindən zərrə qədər kənara çıxmadan mövsümü meyvə tərəvəz məhsulunun pərakəndə satışı ilə məşğul olmuşdur. 21 iyul 2023-cü il tarixdə Qəbələ RPŞ-nin əməkdaşlarının ona küçə ticarəti ilə məşğul olduğunu bildirərərək barəsində İXM-nin 454-cü maddəsi ilə protokol tərtib etmələri tamamilə qanunsuz olmuşdur. Göründüyü kimi barəsində Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi, polis-leytenatı X9 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında onun inzibati qaydada 80 manat cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2023 cü il tarixli, MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X4 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, meyvətərəvəz məhsullarının satışı ilə bağlı VÖEN-i (Vergi ödəyəcisinin eyniləşdirmə nömrəsi) yoxdur. Qərarı barəsində şikayət verilən Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 qeyd edilən qərarın qanuna uyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayətin əsassız olduğunu, ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, inzibati icraatın materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,038 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) tam mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 tərəfindən X3 xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində olan və sonuncu tərəfindən meyvə-tərəvəz məhsullarının satışı üçün istifadə olunan qeyri-yaşayış obyektinə, yəni heç bir rəsmi sənədi olmayan tikiliyə baxış keçirilmiş, nəticədə X3 Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsi qənaətinə gəlinərək İXM-nin 454-cü maddəsinə əsasən 80 manat cərimə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. X4 məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətməməsini o əsasla izah edir ki, meyvə-tərəvəz satdığı obyekt onun xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bu səbəbdən hesab edir ki, o, qanunsuz küçə ticarəti ilə məşğul olmur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, İXM-nin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə -səksən manat məbləğində cərimə edilir. İXM-nin 454-cü maddəsinin dispoziyasından görünür ki, qanunverici “küçə ticarəti” dedikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasını və ya işlərin (xidmətlərin) görülməsini nəzərdə tutur. Bu səbəbdən X3 xüsusi mülkiyyətində olan torpaq sahəsində meyvə-tərəvəz satması, həmin ticarətin məhz “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yerdə” həyata keçirilməsi mənasına gəlmir. İlk növbədə məhkəmə qeyd edir ki, X3 şikayətə əlavə etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,038 ha torpaq sahəsinin təyinatı “yaşayış məntəqələrinin torpaqları” kimi nəzərdə tutulmuşdur. Yəni həmin torpaq sahəsində hər-hansı ticarət və s. obyektin tikintisinə qanunla icazə verilməmişdir. İkinci növbədə məhkəmə qeyd edir ki, X1-tərəvəz məhsullarının satışı ilə bağlı adına VÖEN (Vergi ödəyəcisinin eyniləşdirmə nömrəsini) olmasını təsdiqləyən heç bir sübut təqdim etməmiş, eyni zamanda məhkəmə iclasında başqa sahələrlə bağlı VÖEN-ni olduğunu, lakin Meyvə-tərəvəz məhsullarının satışı ilə bağlı VÖEN-nin olmamasını etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarının: 19.1-ci maddəsinə əsasən Meyvə-tərəvəzlərin, meyvə-tərəvəz yarımfabrikatlarının, yabanı meyvələrin və giləmeyvələrin təzə, qurudulmuş, emal edilmiş, konservləşdirilmiş şəkildə pərakəndə satışı pərakəndə satış bazarlarında, kənd təsərrüfatı məhsulları bazarlarında, yaşıl marketlərdə, fermer mağazalarında, yarmarkalarda, meyvə-tərəvəz mağazalarında, pavilyonlarda və digər ticarət obyektlərində həyata keçirilir. [49] 19.2-ci maddəsinə əsasən Ticarət obyektlərində, eləcə də mövsümi və səyyar ticarət obyektlərində, arabalarda, açıq tərəvəz bazarlarında təzə meyvə-tərəvəz məhsullarının qəbuluna və satışına həmin məhsullar Agentlik tərəfindən yoxlanıldıqdan sonra icazə verilir. [50] 19.3-cü maddəsinə əsasən Meyvə-tərəvəz satışını həyata keçirən obyektlər texniki normalara uyğun lazımi mexaniki vasitələrlə və inventarlarla təmin edilməlidir. 19.5-ci maddəsinə əsasən Qablaşdırılmış meyvə-tərəvəz məhsulları haqqında istehlakçılara onların xüsusiyyətləri nəzərə alınmaqla, məhsulun etiketində göstərilən məlumatlarla yanaşı, məhsulun emalının xüsusi üsulları, reklam xarakterli məlumatlar, yığım (tədarük) tarixi, qablaşdırma tarixi, saxlanma şərtləri, malların normativ tələblərin məcburi şərtlərinə uyğunluğunu təsdiq edən sənəd barədə də məlumat verilməlidir. [51] 19.6-ci maddəsinə əsasən Meyvə-tərəvəz məhsulları ticarət zalında xüsusi ayrılmış yerlərdə çıxdaş olanlar ayrıldıqdan sonra satışa çıxarılmalıdır. 19.7-ci maddəsinə əsasən Meyvə-tərəvəz məhsulları rəflərdə, piştaxtalarda, kasetlərdə, zənbillərdə, yeşiklərdə yerləşdirilməlidir. 19.8-ci maddəsinə əsasən Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, ədədlə və ya çəki ilə satış qiyməti göstərilməlidir. 19.9-cü maddəsinə əsasən Satış prosesində keyfiyyəti aşağı düşən meyvə-tərəvəz məhsulları müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək satışa təqdim oluna bilər. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. topdansatış – şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti; 2.1.2 pərakəndə satış – bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti; 2.1.3. ictimai iaşə – yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar sahibkarlıq fəaliyyəti; 2.1.4. ticarət (xidmət) obyekti – ticarət, ictimai iaşə, məişət və digər növ xidmət fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadə edilən, ticarət təşkilatlarına və (və ya) fərdi sahibkarlara mülkiyyət hüququ əsasında icarə hüququ, əməli idarəetmə hüququ ilə və ya digər qanuni əsaslarla məxsus olan əmlak kompleksi; 2.1.4-1. bazar – müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksi; 2.1.4-2. topdansatış bazarı – ticarət yerlərinin 80 faizdən çoxunu topdansatış yerləri təşkil edən bazar; 2.1.4-3. pərakəndə satış bazarı – ticarət yerlərinin 80 faizdən çoxunu pərakəndə satış yerləri təşkil edən bazar; 2.1.4-4. kənd təsərrüfatı məhsulları bazarı – ticarət yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış ixtisaslaşdırılmış bazar; 2.1.4-5. yaşıl market – yalnız bitkilərin, bitkiçilik məhsullarının və heyvan mənşəli məhsulların satışını həyata keçirən ticarət obyekti; 2.1.4-6. fermer mağazası – yerli fermer, ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışının həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyekti (mağaza); 2.1.4-7. yarmarka – müəyyən edilmiş ərazidə və müddətdə malların satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir; 2.1.4-8. kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları – müəyyən edilmiş ərazidə və müddətdə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir; [3] 2.1.4-9. kənd təsərrüfatı kooperativi bazarı – kənd təsərrüfatı kooperativi kimi dövlət qeydiyyatından keçmiş hüquqi şəxs tərəfindən idarəedilən kənd təsərrüfatı məhsulları bazarı. Göründüyü kimi X3 Meyvə-tərəvəz məhsullarının satışını həyata keçirdiyi yer Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarının 2-ci bəndində göstərilmiş anlayışlara uyğun gəlmir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X3 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Ona görə də haqlı olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Göründüyü kimi X3 İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və sair. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 Yasər Seyidməmməd oğlunun Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X4 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-388/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-388/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver