Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-403/2022 15.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuş, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində sürücülük hüququ olmadan faktiki olaraq sahibliyində olan Murovey markalı motosikleti idarə edərək Qəbələ rayon Həmzəlli kəndində hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini pozmaqla əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmiş, nəticədə, motosiklet yol kənarında olan ağaca dəymiş, yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı motosikletdə olan sərnişin Zərərçəkmiş şəxs Bayraməli oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almış, sürücü Şəxs isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 339.1-ci və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis leytenantı X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində sürücülük hüququ olmadan faktiki olaraq sahibliyində olan Murovey markalı motosikleti idarə edərək Qəbələ rayon Həmzəlli kəndində hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini pozmaqla əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmiş, nəticədə, motosiklet yol kənarında olan ağaca dəymiş, yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı motosikletdə olan sərnişin Zərərçəkmiş şəxs Bayraməli oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almış, sürücü Şəxs isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti almışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, özünə məxsus olan Muraveyin dövlət qeydiyyat nişanları yoxdur. Onu təxminən 1 il əvvəl Qax rayon sakinindən adını xatırlamadığı şəxsdən 3000 manat müqabilində sənədsiz almışdır. Motosikleti idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 16 iyun 2022-ci il tarixdə günorta saatlarında həmin Murovey markalı motosikleti idarə edərək rayonun Həmzəlli kəndində işə gedirdi. Belə ki, həmin vaxt yük yeri qumla dolu olmuş, həmçinin, 4 kisə torba, əlavə olaraq 2 litr su var idi. İş yoldaşı Cabir adlı şəxs də yük yerində idi. Motosikletini idarə edərək Həmzəlli kəndində üzü Cığatelli kəndi istiqamətdə təxminən 30-40 km/saat sürətlə hərəkətdə idi. Həmin vaxt sağa yol döngəsindən təxminən 12-15 metr məsafədən qarşısına mal qara və yanı ilə də adlarını bilmədiyi uşaqlar qaçaraq yola daxil oldular. Həmin uşaqları və inəkləri vurmamaq üçün tormozu basdı, ancaq motosikletin tormozu tutmadı, motosiklet əks zolağa çıxaraq oradan ön hissəsi də həmin yolun kənarındakı ağaca dəyərək dayandı. Hadisə nəticəsində özü və Cabir xəsarətlər aldı, orada işçilərdən Sərxan adlı şəxs onları xəstəxanaya apardı. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 16 iyun 2022-ci il tarixdə tanışı Şəxs idarə etdiyi Murovey markalı avtomobilin yük yerində rayonun Həmzəlli kəndində işə gedirdilər. Həmzəlli kəndində üzü Cığatelli kəndi istiqamətdə təxminən 30 km/saat sürətlə hərəkətdə idilər. Motosikletin yük yerində təxminən 10 kisə civarında açıq vəziyyətdə qum, 3 kisə sement var idi. Hərəkətdə olduqları yol eniş olduğundan hərəkət üzüaşağı olmuşdur. Bu zaman yol döngəsində motosiklet qəflətən sürətləndi, Sərvər idarəetməni itirdi, motosiklet əks istiqamətli yola çıxaraq həmin yolun kənarındakı kolluğa girərək dayandı. Həmin vaxt özü və Sərvər xəsarətlər aldılar. Bu zaman oradan iş yoldaşı Sərxan adlı şəxs zəng edərək hadisə yerinə çağırdı. Sərxan oraya gələrək onları Qəbələ rayon mərkəzi xəstəxanasına apardı. Xəstəxanada ona tibbi yardım edildikdən sonra evə buraxılmışdır. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə, Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis leytenantı X2 tərəfindən tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 339.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.2-ci və 339.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən saat 11:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-403/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-403/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver