Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-405/2022 15.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 İzzəd qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1988-ci il noyabrın 11-də Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Nic qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 sentyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 İzzəd qızı ilə əri Şəxs arasında ailə daxili münaqişə baş vermiş, Eyvaz oğlu Şəxs sonuncun sifət nahiyyəsinə sillə ilə vurmuşdur və Zərərçəkmiş şəxs1 burun nahiyyəsinə başı ilə zərbə vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 15 sentyabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 İzzəd qızı ilə əri Şəxs arasında ailə daxili münaqişə baş vermiş, Eyvaz oğlu Şəxs sonuncun sifət nahiyyəsinə sillə ilə vurmuşdur və Zərərçəkmiş şəxs1 burun nahiyyəsinə başı ilə zərbə vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qaynatası, Zərərçəkmiş şəxs2 isə onun arvadıdır. O, Zərərçəkmiş şəxs2 ilə 2015-ci ildə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurduğu vaxtdan təxminən bir il sonra onların arasında Günelin atası və anasının onların ailəsinə müdaxilə etməsi səbəbindən münaqişələr olmuşdur. Buna görə Zərərçəkmiş şəxs2 atası evinə getmiş, sonra isə geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ad günü olmuş, o, ailə üzvləri ilə Qəbələ şəhərinə gəlmişdir. Ad günü üçün hazırlıq etmək, həm də Günelin dişlərində olan dəmiri həkimin yanına gedərək sıxdırmaq istəmişlər. O, Günel ilə İlqar həkimin yanına getmiş, həkim “bu gün vaxtım yoxdur, həm də Günelin dişləri müalicə olunmalıdır, atasına demişəm, lakin mənə heç bir söz deməyib” demişdir. Onlar həkimdən çıxıb evə gələn zaman Günelin əmisi Ələsgər atası Eyvaza zəng edərək İzzədə həkim zəng edərək Günelin dişlərinin müalicə almasının lazım olduğunu demişdir. O da bunu eşidib, “biz həkimi dəyişirik” demişdir. Sonra onlar evə getmişlər, günorta yeməyi üçün hazırlıq görülmüş, onlar stol arxasında oturmuşlar, lakin Günel yemək üçün gəlməmişdir. O da buna görə anasına “Güneli çağır gəlsin” demiş, anası Güneli çağırmış, lakin o gəlməmişdir. O, yemək yeyib öz otağına getmiş, bir az uzanmış, həmin vaxt Günel ona “sən nə üçün həkimi dəyişirsən” dmeişdir. O da Günələ “mənim ixtiyarım var ki həkimi dəyişim, başqa həkimə sənin dişlərini göstərəcəm” demişdir. Həmin vaxt Günel ona “mən gedirəm atamın evinə” demiş, sonra isə evdən çıxıb həyətə qaçmışdır. O da onun arxası ilə çıxmış, yolda Günelin qolundan tutub saxlamış, qayıt evinə demişdir. Bu zaman Günel qışqırıb atasını çağırmış, həmin vaxt İzzət qapılarından çıxıb onlara tərəf gəlmiş, ona “Güneli buraq gəlsin” demişdir. Həmin vaxt atası Eyvazda onlara tərəf gəlmiş, İzzəd atasını görüb ona qarşı nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman o, İzzəd ilə mübahisə etmiş, İzzəd yerdən ağac götürüb onun sağ əlinin üst hissəsinə zərbə vurmuşdur. O da buna görə İzzədin sifət nahiyyəsinə başı ilə bir dəfə zərbə ilə vurmuşdur. Atası onu evə çağırmış və belə olub evlərinə getmişdir. Mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs2 sillə ilə vurmamış, onu döyməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şəxs onun kürəkənidir. Şəxs onun qızı Zərərçəkmiş şəxs2 ilə 2015-ci ildə ailə həyatı qurmuşdur. Son 2-3 ildir ki, qızı ilə kürəkəni Şaxmar arasında münaqişə baş verir. Günel onun evinə gəlmiş, lakin sonra ailə dağılmaması üçün qayıdıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində evdə olmuşdur. Qızı Günelin ərə getdiyi ev onun evindən təxminən 50 metr aralıda yerləşir. Həmin vaxt qızı Günelin qışqırıq səsi gəlmiş, o, nə baş verməsinə baxmaq üçün həyətdən yola çıxmış və bu zaman qızı Günel yolda olmuşdur. Əri Şaxmar qolundan tutub dartaraq evə aparmaq istəmiş, Günel isə “məni buraq” deyə qışqırmışdır. O da buna görə onların yanına getmiş, qızı Güneli tutmuş, Şaxmara “Güneli buraq mənim ilə gəlsin” demişdir. Həmin vaxt Şahmar onun burun nahiyyəsinə kəllə ilə zərbə vurmuş, o da Şaxmara “birdə vur” demişdir. Şaxmar ikinci dəfə kəllə ilə onu vurmuşdur. Bu zaman Şaxmarın atası Eyvaz onların yanına gəlmiş, Şaxmarı də çəkib evə aparmışdır. O da qızı Günel ilə evə gəlmiş, AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O isə Şaxmar Məmmədyarova qarşı heç bir fiziki güc tətbiq etməmişdir. Şəxs ilə barışmamış və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 İzzəd qızı izahatında göstərdi ki, o, Şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 2 uşaqları vardır. Son 2-3 ildir ki, onlar arasında sözlü mübahisələr baş verir. Buna səbəb isə onunla qaynanası Zəhra Məmmədova arasında ailədaxili söz-söhbətlərin yaranması olmuşdur. Şaxmar bir neçə dəfə onu döymüş, o buna görə ata evinə gəlmiş, lakin ailəsi dağılmaması üçün şikayət etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, Şaxmar və qaynatası, qaynanası ilə birlikdə Qəbələ şəhərində həkimə gəlmişlər. O, həkim müayinəsində olan zaman həkim onun yanından çıxıb əri Şaxmar ilə söhbət etmişdir. Hərəkətlərindən Şaxmar nəyəsə narazı olduğunu hiss etmiş, buna görə onların yanına getmiş, bu zaman Şaxmar ona “get sən otur gözlə” demişdir. Bir qədər sonra Şaxmar gəlib ona “həkimin işi çoxdur dişində olan dəmiri sonra çəkdirərik” demişdir. Daha sonra mağazadan alış-veriş edib evə qayıdan zaman əmisi Ələsgər qaynatası Eyvaza zəng etmiş, Eyvaza “Güneli diş həkiminə gətirmirsinizmi?” demiş, həmin vaxt Şaxmar “həkimi dəyişmişik, qələt edir, başqa həkimə aparacağıq” demişdir. Sonra onlar evə gəlmişlər. O, Şaxmardan “nə üçün belə etdiyini, həkimin pulunu atasının verdiyini” demiş, bu zaman Şaxmar ilə onun arasında mübahisə baş vermiş, Şaxmar onun üzünə sillə ilə vurmuşdur. Sonra isə yumruq ilə vurmaq istəyən zaman o kənara çəkilmiş, o da evlərinə çıxıb getmək istədiyini bildirmişdir. Sonra isə atası evinə getmək üçün yola çıxmış, bu zaman Şaxmar qaçaraq onun arxası ilə gəlmiş, o, qışqırıb atasını çağırmış, ona kömək etməsini istəmişdir. Şaxmar isə ona çataraq onun ağzından əli ilə tutub dartaraq evə aparmaq istəmişdir. Bu zaman atası onun səsinə onların yanına gəlmişdir. Şaxmar atasının sifət nahiyyəsinə iki dəfə kəllə ilə vurmuş, həmin vaxt qaynatası Eyvaz onların yanına gəlmiş, oğlu Şaxmarı evə aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 463 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində burun qanaması və burunun qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 17 avqust 2022-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 467 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 İzzəd qızının bədəni üzərində üzün sağ tərəfinin və sağ baldırın içəri yuxarı 3/1-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 17 avqust 2022-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1235 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Zərərçəkmiş şəxs1 və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-405/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-405/2022
15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver