Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-409/2022 19.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1986-ci il aprelin 12-də Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 sentyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq 300 (üç yüz) manat pulunu ələ keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 19 sentyabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Eyni zamanda 19 sentyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 dələduzluq yolu ilə aldadaraq 152 (bir yüz əlli iki) manat pulunu ələ keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 19 sentyabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)-410/2022 nömrəli qərardadı ilə 3(025)-409/2022 və 3(025)-410/2022 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş işə 3(025)-409/2022 saylı nömrə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq 300 (üç yüz) manat pulunu ələ keçirmişdir. Eyni zamanda Şəxs xx.xx.2022-ci il tarixdə X2 dələduzluq yolu ilə aldadaraq 152 (bir yüz əlli iki) manat pulunu ələ keçirmişdir. Həmin faktlar üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda zərərçəkmiş şəxslərə İnzibati xəta haqqında protokolun surəti rəsmi şəkildə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, əvvəllər ev kirayə verilməsi ilə məşğul olmuş, belə ki, evlərini kirayə verənlərə müştəri taparaq qazanc əldə edirmiş. Tap.az saytına və Lalafo.az saytına Qəbələdə kirayə evlərin elanını, elana özünə məxsus 050 968 48 75 və 070 266 20 40 saylı mobil nömrələri qoymuşdur. xx.xx.2022-ci il tarixdə 070 266 20 40 saylı mobil nömrəsinə 055 207 74 60 saylı mobil nömrədən zəng gələrək özünü Tamerlan kimi təqdim etmiş və Qurban bayramı vaxtı 3 günlük Qəbələ rayonunda ev kirayələmək istədiyini bildirmişdir. Ona problem yoxdu, boş evlər var, siz 300 manat beh göndərin demiş və qardaşı X7 məxsus özü istifadə etdiyi **********995646 saylı hesab nömrəsi Kapital Bank kartının şəklini votsapda atmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında həmin karta 300 manat pul yüklənmiş, həmin gün həmin kartı Vəndam qəsəbəsindəki bankomata daxil edərək oradan 300 manat pul çıxartmış, pula ehtiyacı olduğu həmin pulu xərcləmişdir. Pula ehtiyacı olduğu üçün xx.xx.2022-ci il tarixdə Tamerlana zəng edərəkevə soyuducu lazım olduğunu, buna görə 200 manat əlavə pul lazım olduğunu bildirmiş və tanışı X1 şəklinin ondan istəyərək şəklini ona göndərmiş, lakin Tamerlan ona pul göndərməmişdir. xx.xx.2022-ci il tarixdə 050 968 48 75 saylı mobil nömrəsinə 050 513 29 68 saylı mobil nömrədən zəng gələrək bir nəfər şəxs özünü Orxan kimi təqdim etmiş və Qurban bayramı vaxtı 3 günlük Qəbələ rayonunda ev kirayələmək istədiyini bildirmişdir. Ona “problem yoxdu, 150 manatdan boş evlər var, sizə kart şəkli atacam, 152 manat beh göndərin, 2 manat komissiya haqqı olacaq demiş, o da razılaşmış, taksi sürücüsü, tanıışı X4 yanacaqdoldurma məntəqəsinin yanında görmüş və kartını istəmiş ki, beh göndərəcəklər. Həbib kartını vermiş, həmin şəxsin kartıı Orxan adlı şəxsin votsapına atmış, günorta saatlarında sonra Həbibə zəng edərək karta pul yüklənib-yüklnmədiyini soruşmuş, o da yükləndiyini bildirmiş, onun yanına gəlmiş, birlikdə Vəndam qəsəbəsindəki Kapital Bankın bankomatına getmiş, lakin bankomatda pul olmamış, o, öz cibindən 80 manat pul vermiş, qalan pulu da kartından çıxarıb verəcəyini bildirmişdir. Həbib bir gün sonra onun 70 manat pulunu da vermişdir. xx.xx.2022-ci il tarixdə əvvəlcədən ev kirayələmək üçün ona pul göndərmiş şəxslər Qəbələ rayonuna gəlmişlər, pula ehtiyacı olduğu üçün pulları xərcləmiş və ev tapa bilməmişdir. Buna görə də həmin şəxslər ona zəng edən zaman onlara müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış, daha sonra məcbur olub zənglərə cavab verməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Əgər vaxt verilərsə dəymiş ziyanı ödəyə bilər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxlər X5 və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Lakin məhkəməyə yazdıqları ərizlərində protokolun surətinin elektron qaydada onlara göndərildiyini, işləri ilə bağlı Qəbələ rayon Polis şöbəsinə və Qəbələ rayon məhkəməsinə gələ bilmədiklərini, Şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və sonuncudan şikayətçi olduqlarını, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə işə zərərçəkmiş şəxlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələn RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X8 19 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Qəbələ RPŞ-nin TB-də toplanmış HK-1/918, HK-1/919 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə araşdırması zamanı “Elektron məhkəmə” sistemindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)-334/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını ələ kəçirərək Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respulikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 117-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bundan başqa həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadığından, bu, xırda talama hesab edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 ay (otuz gün) müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 sentyabr 2022-ci il saat 12:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-409/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-409/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver