Məhkəmə qərarları › İş №3(025)-41/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-41/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-41/2024 26.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Bum kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına 26 yanvar 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 06 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu Uludaş kəndində yerləşən yaşayış evində əri Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 26 yanvar 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı Əmrah Rəhimov, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə əri Zərərçəkmiş şəxsı döyərək sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Onunla 2005-ci il tarixdə evlənmiş, iki övladı vardır. xx.xx.2024-cü il tarixdə boşanmaq üçün müraciət etmək məqsədilə Qəbələ rayon məhkəməsinə getmiş, ona iş günü deyil iş başlayanda gələrsiz bildirilmişdir. Belə olub evə getmiş, evə çatan zaman əri ona niyə məhkəməyə getmisən demiş belə olub aralarında mübahisə düşmüşdür. Lakin, əri onu vurmamış, xx.xx.2024cü il tarixdə səhər saat təxminən 08:30 radələrində əri ona “gəl belimi ovxala” demiş, aralarında olan mübahisələrə görə “ovxalamıram” demiş, buna görə mübahisə yaranmış, əri onun üzərinə gələrək üz nahiyəsinə sillə ilə bır dəfə vurmuşdur. Sonra yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, daha sonra evin tikinti materialı olan ağac parçası ilə boyun nahiyəsindən bir dəfə vurmuş, sonra oğlu Zülfüqar gəlmiş onları ayırmış, sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Özünü müdafiə etmək məqsədilə ərini itələmiş, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun arvadıdır. Onunla 2005-ci il tarixdə evlənmiş, iki övladı vardır. xx.xx.2024-cü il tarixdə arvadı boşanmaq üçün müraciət etmək məqsədilə Qəbələ rayon məhkəməsinə getmiş, oradan evə qayıdan zaman bu məsələyə görə mübahisə yaranmış, lakin dava-dalaş olmamışdır. xx.xx.2024-cü ıl tarixdə səhər saat 07 radələrində yoldaşını yuxudan qaldırmaq üçün çağırmış, o saat 08 radələrindən sonra yuxudan qalxmış, ona gəl belimi ovxala demiş, o isə ovxalamamış, onu təhqir etmişdir. Buna görə mübahisə yaranmış, əsəbiləşmiş, arvadının üzünə sillə ilə vurmuş, bu zaman arvadı onun sifətinə əl atmış, dodağı zədələnmiş, onun qolundan tutaraq evdən çıxartmaq istəmişdir. Evdən tikinti materialı olan ağac materialı ilə onun başına vurmuş, onun əlindən ağacı almaq istəyən zaman əli ilə qulağına xəsarət yetirmiş, sonra digər otağa keçib yeməyini yemiş, həyətdən çıxıb getmişdir. Arvadını ağac ilə vurmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ qulaqarxası nahiyyənin üzün sol tərəfinin, alının sağ qaşüstü nahiyəsinin sıyrığı və alt dodağın orta hissəsində sülikli qişaya qansızma kimi xəsarətin olduğu həmin xəsarətin küt alətin (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qeyd etdiyi şəraitdə törənə biləcəyi qeud olunan xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu müəyyən edilmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/38, 39 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar