Məhkəmə qərarları › İş №3(025)-41/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-41/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-41/2025 06.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1998-ci il iyulun 03-də Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 fevral 2025-ci il tarixdə Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı kənd ərazisində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi və ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 06 fevral 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Cavanşir Quliyev raportla Qəbələ rayon Polis şöbəsinə müraciət etmişdir. Raportun araşdırılması ona həvalə edilmiş və məlum olmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı kənd ərazisində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi və ictimai qaydanı kobud surətdə pozmuşdur. Bu səbəbdən həmin şəxs Qəbələ RPŞyə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-cü il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı kənddə yerləşən ailəsi ilə birlikdə yaşadığı evdə spirtli içki olan "GO" qəbul etmişdir. Spirtli içkinin təsiri altında etdiyi hərəkətlərin fərqində olmadan polisin qaynar xəttinə müraciət etmişdir. Ünvanına polis əməkdaşları yaxınlaşan zaman o, öz həyət qapılarının qarşısında imiş. Orada özündən asılı olmayaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdur. Səsinə çıxan qonşular onu sakitləşdirməyə çalışmışlar. O isə spirtli içkinin təsiri altında etdiyi hərəkətlərin fərqində olmamışdır. Həmin yerə yaxınlaşan polis əməkdaşları özlərini təqdim edərək onu sakitləşdirməyə çalışsalar da, o, spirtli içkinin təsiri altında olduğu üçün sakitləşməmiş və öz hərəkətlərini davam etdirmişdir. Buna görə də polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Sərxoş olduğu üçün etdiyi hərəkətlərin fərqində olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Şəxs onun oğludur. O, mütəmadi olaraq spirtli içki qəbul edir. Spirtli içkinin təsiri altında öz hərəkətlərini idarə edə bilmir. Demək olar ki, evə hər gün içkili gəlir. Onu söyüb təhqir edir. Daha qonşularda onun səsindən təngə gəlir. O, xadimə işlədiyi restorandan əziyyətlə qazandığı pulu əlindən alır, gedir özünə spirtli içki alır. Gəlir onu sözlə hədələyir və əlində olan pulları alır. O da bu barədə əvvəllərdə polisin qaynar xəttinə müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2025-cü il tarixdə evə spirtli içki alıb gəlmiş və evdə onu qəbul etmişdir. Ona qarrşı nalayiq ifadələr işlədərək onu söyüb təhqir etməyə başlamış və onu ölümlə hədələmiş, o da bu barədə qaynar xəttə müraciət etmişdir. Həmin vaxt oğlu həyət qapılarının yanında uca səslə nalayiq ifadələr işlətmişdir. Səs gələn qonşular onu sakitləşdirməyə çalışmışlar. Bu zaman polis əməkdaşları həmin yerə gəlmişlər. Onu sakiləşdirməyə çalışmışlar, lakin o, sakitləşməmişdir. Oğlunun həbs olunmasını istəyir. Fikirləşir ki, oğlu həbs olarsa əməlindən peşman olar və belə hərəkətlərə yol verməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Qədir Muradxanov ilə 6 saylı dislokasiya üzrə avtopatrul xidmətində olarkən saat 00:27 radələrində Qəbələ RPŞ-nin məsul növbətçisi polis leytenantı Əmrah Mustafayev telefonla zəng edərək Qəbələ rayon Mıxlıqovaq kənd sakini Şəxs AR DİN-nin "102" xidmətinə müraciət etdiyini, onun yaşadığı ünvana yaxınlaşmalı olduqlarını bildirmişdir. Onlar həmin ünvan yaxınlaşan zaman sonuncunun həyət qapılarının qarışında olduğunu, yanında kənd camaatından bir neçə nəfərin olmasını, onun uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini, ətrafda olan insanların onu sakitləşdirməyə çalışmasını görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim edərək onu sakitləşdirməyə çalışmışlar, lakin onun nəfəs qoxusundan spirtli içkinin təsiri altında olması açıq aydın hiss olunmuşdur, uca səslə nalayiq ifadələr işlətməyə davam etmiş, belə hərəkətləri ilə ictimai asayişi və ictimai qaydanı kobud surətdə pozmuşdur. Buna görə də həmin şəxsi barəsində tədbir görülməsi üçün Qəbələ rayon Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli, 30 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş olmuşdur və qanında alkoqolun miqdarı 1,3 % olmuşdur. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli, 022613 nömrəli “X9 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən yaşadığı evin qarşısında ictimai qaydanı pozaraq və nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 fevral 2025-ci il saat 06:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar