Məhkəmə qərarları › İş №3(025)-414/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-414/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-414/2023 04.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X5, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1985-ci il oktyabrın 21-də Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ü.S.Həmidlinin tərtib etdiyi 04 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-449/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-1472/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-449/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2280 (iki min iki yüz səksən) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 2310 (iki min üç yüz on) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1472/2021 nömrəli, xx.xx.2021-ci il tarixli cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli 20180440 saylı müqavilə üzrə 367 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 397 manat borc; xx.xx.2020ci il tarixli 20180394 saylı müqavilə üzrə 149 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 159 manat borc; xx.xx.2020-ci il tarixli 20200050 saylı müqavilə üzrə 290 manat 40 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 310 manat 40 qəpik borc; xx.xx.2020-ci il tarixli 20156881 saylı müqavilə üzrə 891 manat əsas borc, 80 manat cərimə borcu olmaqla, cəmi 971 manat borc; xx.xx.2020-ci il tarixli 20153566 saylı müqavilə üzrə 205 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 225 manat borc olmaqla ümumilikdə 2062.4 (iki min altmış iki manat qırx qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. Müxtəlif tarixdə borcluya tələbkarlara olan borc məbləğini ödəməsi üçün yenidən vaxt verilmiş və ona bu barədə dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin buna baxmayaraq heç bir nəticəsi olmamış, Qəbələ Rayon Məhkəməsinin 2(025)-449/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə qismən ödəniş edilmiş, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1472/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi isə təmin edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədləri üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, mülkiyyətində torpaq sahəsinin olduğu müəyyən edilmiş və məhkəmə qərardadına əsasən mülkiyyətində olan torpaq sahəsi üzrə həbs qoyularaq həmin torpaq sahəsi hərrəca çıxarılmışdır. Hərracda torpaq sahəsi tələbkar Zərərçəkmiş şəxs1 təklif edilsə də, o, həmin torpaq sahəsinə görə əlavə ödəniş etməyinə imkanı olmadığını bildirmiş və torpaq sahəsini almamışdır. Şəxs isə hər dəfə izahatında maddi imkanı olmadığını bildirməkdədir. Həmçinin o, çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və axtarışla şöbəyə gətirilmişdir. Tələbkarlar hal-hazırda təkidlə borcun ödənilməsini tələb edilər. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, uzun müddət işsiz olmuşdur. Bu yaxınlarda rəsmi olmayan iş tapmış və aylıq qazancı təxminən 500 manat təşkil etməkdədir. Özü Bakı şəhərində kirayədə yaşayır. Ona görə borc məbləğini bir dəfəlik ödəyə bilmir. Lakin söz verir ki, hər iki icra sənədi üzrə aylıq 150 manat ödəniş edəcəkdir. Eyni zamanda onun borcunun ödənilməsi məqsədilə mülkiyyətində olan torpaq sahəsi üzərinə həbs qoyulmuş, torpaq sahəsi hərraca çıxarılmış, lakin tələbkarlar torpaq sahəsini almamışlar. Əgər torpaq sahəsi tələbkarlar tərəfindən alınsaydı, borcu rahatlıqla bağlanardı. Belə olduğu təqdirdə maddi imkanı aşağı olduğu üçün borc məbləğini hissə-hissə qısa müddət ərzində ödəyəcəyinə söz verir. Göstərilənlərin nəzərə alınmasını və məhkəmədən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 Elşən Aydın oğlunun əməlində qərəzlilik olmadığını, maddi imkanının olduqca aşağı olduğunu, bir icra sənədi üzrə müəyyən ödənişlər etməsini və bu gündən sonra ödəniş edəcəyinə dair söz verməsinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə icra məmurunu və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Aytəkin Səlimovanın icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu X4 icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-449/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2280 (iki min iki yüz səksən) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 2310 (iki min üç yüz on) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin 2(025)-1472/2021 nömrəli, xx.xx.2021-ci il tarixli cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli 20180440 saylı müqavilə üzrə 367 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 397 manat borc; xx.xx.2020-ci il tarixli 20180394 saylı müqavilə üzrə 149 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 159 manat borc; xx.xx.2020-ci il tarixli 20200050 saylı müqavilə üzrə 290 manat 40 qəpik əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 310 manat 40 qəpik borc; xx.xx.2020-ci il tarixli 20156881 saylı müqavilə üzrə 891 manat əsas borc, 80 manat cərimə borcu olmaqla, cəmi 971 manat borc; xx.xx.2020-ci il tarixli 20153566 saylı müqavilə üzrə 205 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 225 manat borc olmaqla ümumilikdə 2062.4 (iki min altmış iki manat qırx qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - "xxxx" MMC-nin Hərracın baş tutmamasına dair 27/22 nömrəli, 28 iyul 2022-ci il tarixli “Protokol”dan görünür ki, 28 iyul 2022-ci il tarixinə saat 11:00-a təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu X4 bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclunun əmlak vəziyyəti yoxlunılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmişdir. Bu səbəblə Şəxs paylı mülkiyyətində olan torpaq sahəsinin ona aid hissəsində həbs qoyulmuş və həmin torpaq sahəsi hərraca çıxarılmışdır. Hərracda torpaq sahəsi tələbkarlara təklif edilsə də, tələbkarlar tərəfindən alınmamışdır. Göründüyü kimi, borclu tərəfindən, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi kimi qərəzli hərəkətlərə yol verilməmişdir. İkinci, borclu Qəbələ Rayon Məhkəməsinin 2(025)-449/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə müəyyən ödənişlər etmişdir ki, bu da onun əməlində qərəzlilik olmadığını göstərir. Nəhayət, məhkəməsinin qənaətincə, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)- 449/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-1472/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə olan borcunu ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, o, Qəbələ Rayon Məhkəməsinin 2(025)-449/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ödənişlər etmişdir. Həmçinin Şəxs maddi imkanı olmaması səbəbindən borcunu ödəyə bilməməsi müəyyən edilmiş, lakin məhkəmə zamanı hər ay hər iki icra sənədi üzrə 150 manat ödəniş edəcəyinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-449/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-1472/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar