Məhkəmə qərarları › İş №3(025)-418/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-418/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-418/2022 03.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxslər Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 və Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1980-ci il oktyabrın 18-də Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla Qəbələ şəhəri, Şəhriyar küçəsində yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 329.3, 332.2 və 343.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 03 oktyabr 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində avtomobili sürücülük hüququ olmadan, işıq cihazlarından düzgün istifadə etmədən spirtli içki içərək sərxoş vəziyyətdə idarə etmiş və tibbi müayinədən imtina etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3, 332.2 və 343.4-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmənin icraatına 03 oktyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTBnin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 01:30 radələrində xidməti vəzifələrini yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)-419/2022 nömrəli qərardadı ilə 3(025)-418/2022 və 3(025)-419/2022 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş işə 3(025)-418/2022 saylı nömrə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.2 və 343.4-cü maddələri ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X4 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində avtomobili sürücülük hüququ olmadan, işıq cihazlarından düzgün istifadə etmədən spirtli içki içərək sərxoş vəziyyətdə idarə etmiş və tibbi müayinədən imtina etmişdir. Eyni zamanda həmin tarixdə onun və Vüqar İsmiyevin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3, 332.2 və 343.4-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 01:30 radələrində xidməti vəzifələrini yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə saat təxminən 01:20 radələrində Qəbələ rayonu “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı “Vaz 2106” markalı avtmobil ilə yolun kənarında dayandığı zaman Qəbələ rayon Polis şöbəsinin yol patrul bölüyünün əməkdaşları avtomobilinə yaxınlaşaraq ona avtomobildən düşməyi tələb etmişlər. Onlara avtomobilinin akumulyatorunda nasazlıq olduğunu bildirmişdir. Yol patrul xidmətinin əməkdaşları avtomobilin qapısını açaraq qolundan dartaraq çölə çıxarmışlar. Sonra digər polis patrulu ilə birlikdə onu yerə yıxmışlar və qaldırıb polislərdən biri ona yumruqla sinə nahiyyəsindən vurmuşdur. Sonra onu avtomobilinə mindirərək Qəbələ rayon Polis şöbəsinə gətirərkən polislərdən biri ona təhqiredici ifadələr işlətmiş, ona polis avtomobilində hücum edərək hər iki polis əməkdaşı onu döymüşlər. Onu mərkəzi xəstəxanaya apararaq ekspertizadan keçirmək istəmişlər, lakin onlardan aldığı xəsarətə görə tibbi yardım göstərilməsini istəmişdir. Həmin vaxtda polis əməkdaşlarına qarşı etdiyi hərəkətlərə görə onlardan üzür istəyir. Göstərilən halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, Qəbələ RPŞ-nin DYPB-nin YPXİ-də işləyir. xx.xx.2022-ci il tarixdə gecə saat 02:00 radələrində şöbənin yol patrulu xidməti inspektoru polis baş leytenantı X4 ilə Qəbələ şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman yolun hərəkət hissəsində “Vaz 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsünün işıq cihazlarından düzgün istifadə etmədiyini görüb avtomobili ilə müvafiq qaydada saxla işarə vemrişlər. Sürücü avtomobili saxlayıb yaxınlıqdakı yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Onlar həmin sürücünü yolun kənarında gözləmişlər. Sürücü yanacaq doldurduqdan sonra yenə həmin qaydada işıq cihazlarından düzgün istifadə etməyərək yolun hərəkət hissəsinə daxil olmuşdur. Bu zaman təkrar sürücüyə idarə etdiyi avtomobili saxlaması üçün saxla işarəsi vermişlər. Daha sonra Şəxs maşını yolun kənarına verib saxlamışdır. O və İbrahim Seyidov avtomobildən enib sürücüyə yaxınlaşmaq istəyərkən sürücü avtomobili bir qədər irəli sürüb yenidən saxlamışdır. Sürücüdən avtomobili idarə etmək üçün sənədlərini istəmişlər. Şəxs isə avtomobilin şüşələrini bağlayaraq içəridə kiminləsə telefonla danışmışdır. Bir neçə dəfə sürücüdən şüşəni aşağı endirib sənədlərini təqdim etməsini xahiş etsələr də, onların qanuni tələblərinə məhəl qoymamışdır. Daha sonra sürücü avtomobildən enib ona və İbrahim Seyidova nalayiq ifadələr işlətmişdir. Həmçinin sürücü həmin anda ayaq üstə dura bilməmişdir. Ondan içkiliyini yoxlamaq istəyəndə isə buna maneə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1, 329.3, 332.2 və 343.4cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1 və 343.4-cü maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 139 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol”undan görünür ki, Şəxs cihazla müayinədən imtina etmişdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİNBDYPİnin X5 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan 02 oktyabr 2022-ci il tarixli “X9 Haqqında” protokoldan görünür ki, Şəxs 02 oktyabr 2022-ci il tarixdə, saat 12:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 01:30 radələrində xidməti vəzifələrini yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1 və 343.4-cü maddələri ilə təqsirli bilinməli, İXM-nin 34.3-cü maddəsi və 31.4-1-ci maddələri nəzərə alınmaqla İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.2-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 343.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi və 31.4-1-ci maddələri nəzərə alınmaqla barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.2-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar