Məhkəmə qərarları › İş №3(025)-42/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-42/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-42/2024 26.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 yanvar 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 06 yanvar 2024-cü il tarixdə Qəbələ rayonu Uludaş kəndində yerləşən yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 26 yanvar 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi polis baş leytenantı X3 izahatında göstərdi ki, Şəxs 06 yanvar 2024-cü il tarixdə Qəbələ rayon, Uludaş kəndində yerləşən yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 26 yanvar 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onunla 2005-ci il tarixdə evlənmiş, iki övladı vardır. xx.xx.2024cü il tarixdə arvadı boşanmaq üçün müraciət etmək məqsədilə Qəbələ rayon məhkəməsinə getmiş, oradan evə qayıdan zaman bu məsələyə görə mübahisə yaranmış, lakin dava-dalaş olmamışdır. xx.xx.2024-cü ıl tarixdə səhər saat 07 radələrində yoldaşını yuxudan qaldırmaq üçün çağırmış, o saat 08 radələrindən sonra yuxudan qalxmış, ona gəl belimi ovxala demiş, o isə ovxalamamış, onu təhqir etmişdir. Buna görə mübahisə yaranmış, əsəbiləşmiş, arvadının üzünə sillə ilə vurmuş, bu zaman arvadı onun sifətinə əl atmış, dodağı zədələnmiş, onun qolundan tutaraq evdən çıxartmaq istəmişdir. Evdən tikinti materialı olan ağac materialı ilə onun başına vurmuş, onun əlindən ağacı almaq istəyən zaman əli ilə qulağına xəsarət yetirmiş, sonra digər otağa keçib yeməyini yemiş, həyətdən çıxıb getmişdir. Arvadını ağac ilə vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. Onunla 2005-ci il tarixdə evlənmiş, iki övladı vardır. xx.xx.2024-cü il tarixdə boşanmaq üçün müraciət etmək məqsədilə Qəbələ rayon məhkəməsinə getmiş, ona iş günü deyil iş başlayanda gələrsiz bildirilmişlər. Belə olub evə getmiş, evə çatan zaman əri ona niyə məhkəməyə getmisən demiş belə olub aralarında mübahisə düşmüşdür. Lakin, əri onu vurmamış, xx.xx.2024-cü il tarixdə səhər saat 08:30 radələrində əri ona “gəl belimi ovxala” demiş, aralarında olan mübahisələrə görə “ovxalamıram” demiş, buna görə mübahisə yaranmış, əri onun üzərinə gələrək üz nahiyəsinə sillə ilə bır dəfə vurmuşdur. Sonra yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, daha sonra evin tikinti materialı olan ağac parçası ilə boyun nahiyəsindən bir dəfə vurmuş, sonra oğlu Zülfüqar gəlib onları ayırmış, sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Özünü müdafiə etmək məqsədilə ərini itələmişdir. Əvvəllər də bu cür hallar olmuşdur. Sonda isə Şəxs ilə barışmayacağını, ondan şikayətçi olduğunu və ona daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin MTE-nin 01 saylı tibbi rəyindən görünür ki, X1 bədəni üzərində, boyunun arxa orta hissəsinin, sol bazunun bayır orta 1/3-nin və sol kürək, nahiyyəsinin qançırı kimi xəsarətin olduğu həmin xəsarətin küt alətin (əşyaların) təsirindən xx.xx.2024-cü i tarixdə Zərərçəkmiş şəxs qeyd etdiyi şəraitdə törənə biləcəyi, qeyd olunan xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu müəyyən edilmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı toplanmış HK-1/38, 39 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 yanvar 2024-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar