Məhkəmə qərarları › İş №3(025)-424/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-424/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-424/2022 06.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 327.2, 342.7 və 327.3-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis şöbəsi tərəfindən 05 oktyabr 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 19:06 radələrində özünə məxsus “Tofaş Şahin” markalı, **-OB- *** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ şəhəri, H.Aslanov küçəsində 1.3 xəttin tələbini pozub geriyə dönmüş və YPX saxlama əmrinə tabe olmayaraq, sərxoş vəziyyətdə avtomaşını idarə etmişdir. Bundan sonra Qəbələ şəhəri, H.Aslanov küçəsində nəqliyyat vasitəsini sərxoş vəziyətdə idarə edərək qəza törətmiş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X2 göstərdi ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 19:06 radələrində özünə məxsus “Tofaş Şahin”markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ şəhəri, H.Aslanov küçəsində 1.3 xəttin tələbini pozub geriyə dönmş və YPX saxlama əmrinə tabe olmayaraq, sərxoş vəziyyətdə avtomaşını idarə etmişdir. Qəbələ şəhəri, H.Aslanov küçəsində nəqliyyat vasitəsini sərxoş vəziyətdə idarə edərək qəza törətmiş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobilinə maddi ziyan dəymişdir.Hadisə vaxtı Şəxs içkili olub-olmaması alkotester vasitəsilə yoxlanılmış və onun qanında alkoqulun miqdarı 0,971 % müəyyən olunmuşdur. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3, 327.2, 342.7 və 327.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 333.3, 327.2, 342.7 və 327.3-cü maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində baş etibarnamə ilə idarə etdiyi **-OB-*** nömrə nişanlı Tofaş markalı avtomobili ilə Qəbələ şəhərində nömrə nişanlarını avtomobilin üzərindən çıxarmış və spirtli içkinin təsirində idarə etmişdir. Yol patrul xidməti əməkdaşları ona “saxla” işarəsi vermişlər. Ağır dərəcəli sərxoş olduğudan “saxla” işarəsinə məhəl qoymamış və hərəkətinə bir müddət belə davam etmişdir. Qəbələ şəhəri, Z.Əliyeva küçəsində başqa bir yol patrul xidməti avtomobili onun qarşısında ona “saxla” işarəsi vermişdir. O düşünmüşdür ki, həmin patrul avtomobilinin “saxla” işarəsinə məhəl qoymadan arxa tərəfindən keçə bilər, lakin içkinin də təsiri ilə avtomobili düzgün idarə edə bilməmiş, həmin patrul avtomobilini arxa sağ tərəfindən vurmuşdur. Polis əməkdaşları tərəfindən Qəbələ rayon Polis şöbəsinə gətirilmiş, həkim müayinəsindən keçmiş, sərxoş olduğu müəyyən edilmişdir. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Əməlindən peşmandır və bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində inzibati həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 17:40 radələrində yol vərəqəsi ilə idarə etdiyi BMW markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən, Qəbələ RPŞ-nin Növbətçi hissəsindən bir nəfər şəxsin Tofaş markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yerində olmaması ilə bağlı məlumat gəlmiş, o da bildirilmişdir ki, həmin nəqliyyat vasitəsi Z.Əliyeva küçəsində hərəkətdədir və YPX əməkdaşlarının “saxla” əmrinə tabe olmayaraq, hərəkətinə davam edir. Onlar da dərhal Z.Əliyeva küçəsinə hərəkət etmiş, deyilən nəqliyyat vasitəsinin onlara doğru gəldiyini görüb dərhal “saxla” işarəsi vermişlər. Lakin sürücü onların qanuni tələblərinə riayət etməyərək, onların xidməti BMW markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobilini arxa sağ hissəsindən vuraraq, həmin yerdən uzaqlaşmağa çalışsa da, idarə etdiyi avtomobilin qabaq sol təkərini səkiyə vurmuş və avtomobil hərəkətsiz hala gəlmişdir. Onlar dərhal avtomobilə yaxınlaşaraq, vətəndaşı avtomobildən uzaqlaşdırmışlar. Hadisə yerinin müayinəsi edilmiş, sürücü Qəbələ RPŞ-yə gətirilmiş, həkim müayinəsindən keçirilmiş, yoxlama zamanı sərxoş olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində dəymiş ziyan aradan qaldırılmamışdır. Məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:55 radələrində “Tofaş Şahin” markalı **- OB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs sərxoşluq dərəcəsinin 0,971% olduğu müəyyən edilmişdir. - İş materiallarında olan Qəbələ şəhər fərdi avtomobillərə texniki xidmət stansiyasının müdiri Çingiz Cəfərov, həmin stansiyanın tənəkçisi Rəşadət Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktda göstərilmişdir ki, “BMW” markalı **-YP-*** dövlət nömrə nişanlı minik avtomobilinə ilkin baxış keçirilmiş və avtomobilə dəymiş ziyanın ümumi miqdarı 500 manat müəyyən edilmişdir. - İş materiallarında olan xx.xx.2021-ci il tarixli AE № 041593 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X7” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. - İş materiallarında olan AF seriyalı 224333 nömrəli xx.xx.2018-ci il tarixdə verilmiş və xx.xx.2028-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. - İşdə olan ƏN-Vİİİ №267039 nömrəli etibarnamənin surətindən görünür ki, X4 tərəfindən Şəxs xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.3, 327.2, 342.7 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sərxoş vəziyyətdə faktiki olaraq sahibliyində olan “Tofaş Şahin” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək Qəbələ şəhərində idarə edərkən həmin Qanunun tələblərini pozmaqla qəza törətmiş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobilinə maddi ziyan vurmuşdur. Beliliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılığını və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 342.7 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 342.7 və 327.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar