Məhkəmə qərarları › İş №3(025)-424/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-424/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-424/2023 18.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi (təsisçisi) Nümayəndə1 iştirakı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci və 215.4-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə MN ******* nömrəli, 12 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş MN ******* nömrəli, 12 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 12 iyul 2023-cü il tarixdə saat 12:15-də ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus klinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət, stomatoloji, kosmetoloji, fizioterapik və sertifkatsız kosmetoloq fəaliyyət göstərmişdir. Bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi (təsisçisi) Nümayəndə1 izahatında göstərdi ki, 2021-ci ildə "xxxx" MMC müəssisəini açmışdır. 9 ay həmin klinika fəaliyyət göstərmiş, daha sonra klinika fəaliyyətini dayandırmışdır. Klinika 7 ay fəaliyyətini dayandırdıqdan sonra yerli həkimlər orada işləmək istədiklərini bildirmişlər. Lakin o, diş həkiminin fəaliyyət göstərməsi üçün lisenziya lazım olmasını bilməmişdir. Bu səbəbdən İXM-nin Məcəlləsinin tələblərini pozmuşdur. Hal-hazırda orada işləyən işçilər oradan işdən çıxmışlar və müəsissəsi artıq fəaliyyətini dayandırmışdır. Göstərilən halların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi, vəkil Nümayəndə2 məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarındaolan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 24iyun 2023-cü il tarixli, KY231933715 nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-də plan üzrə yoxlama aparılması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli “Plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə” Bildirişdən görünür ki, "xxxx" MMC fəaliyyət ünvanı Qəbələ şəhəri, Abbas Səhhət küçəsi, №31-də yerləşən obyektdə xx.xx.2023xx.xx.2023-cü il tarixlərində plan üzrə (növbəti) yoxlama keçiriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 24 iyun 2023-cü il tarixli, 784 nömrəli qərardan görünür ki, "xxxx" MMC-də planlı (növbəti) Yoxlama aparılması qərara alnmış və qərarın surəti 12 iyul 2023-cü il tarixdə Nümayəndə1 tərəfindən imza edilərək qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X1” Publik hüquqi şəxsinə daxil olmuş "xxxx" MMC-yə dair məlumatdan görünür ki, VÖEN nömrəsi ********** olan "xxxx" MMC terapevtik, kardioloji, endokrinoloji, nevropatoloiji, pediatrik və ultrasəs müayinəsi üzrə lisenziyadan keçmişir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXMin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə-vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 27.2-ci maddəsinə əsasən lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar”Sahibkarlıq sahəsində aparılan yoxlamanın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ona verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirmiş, həmçinin Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsi praktik tibb fəaliyyətinə buraxmışdır. Bu halı Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi (təsisçisi) Nümayəndə1 məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, ambulator tibbi xidmət fəaliyyəti ilə məşğul olan hüquqi şəxs "xxxx" MMC ona verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar, yəni lisensiyzasında göstərilmiş terapevtik, kardioloji, endokrinoloji, nevropatoloiji, pediatrik və ultrasəs müayinəsindən əlavə tibb fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) stomatoloji fəaliyyətə buraxmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilətəqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsiləşikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar