Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-425/2023 07.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1986-ci il fevralın 25-də Ağdaş rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 07 avqust 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X7 tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokollarda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində polis şöbəsinin qarşısında ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozaraq, xırda xuliqanlıq etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmənin icraatına 07 avqust 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X7 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokollarda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində polis şöbəsinin qarşısında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(025)-428/2023 nömrəli qərardadı ilə 3(025)-428/2023 və 3(025)-425/2023 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş işə 3(025)-425/2023 saylı nömrə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X7 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində polis şöbəsinin qarşısında ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozaraq, xırda xuliqanlıq etmişdir. Bundan əlavə o, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində polis şöbəsinin qarşısında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Ağdaş rayonundan Qəbələ rayonuna istirahət etmək məqsədilə həyat yoldaşı, X2, övladları X8, X9, X4 ilə birlikdə ona məxsus **-FR-*** dövlət qeydiyyat nömrə nişanlı, Vaz-2102 markalı aftomobillə gələrkən Qəbələ rayonu Savalan kəndində magistral yolda yeznəsi özünün idarə etdiyi Vaz-21099 markalı aftomobillə digər yolda hərəkət edən aftomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş verdi. Əraziyə polis əməkdaşları gəldilər. Sənədləşmə aparılması məqsədilə yeznəsi və avtomobili polis şöbəsinə gətirildi. O da idarə etdiyi avtomobillə yeznəsinin arxasıyca polis şöbəsinə gəlmişdir. Avtomobilini şöbənin giriş qapısının girişində saxlamış və maşında nasazlıq yarandığına görə əl tormozunu çəkmiş, avtomobili söndürmədən avtomobildən enmişdir. Avtomobilin mühərriki qızmış, onu soyutmaq üçün su daşıyırmış. Bu zaman polis əməkdaşı ona avtomobilini giriş qapısının girişindən götürməyini bildirdi. Onunla söz mübahisəsi etmiş və aralarında sözlü mübahisə yaranmışdır. Ona dəfələrlə avtomobili giriş qapının girişindən çəkməyini, hərəkətə maneəçilik törətməyini bildirsə də, avtomobildə yaranan nasazlığa görə avtomobili götürə bilməmişdir. Daha sonra oraya digər polis əməkdaşlarıda yaxınlaşmışdır. Aralarında sözlü mübahisə davam etmiş, səs-küyə avtomobillərdə olan qohumları və ailə üzvləri yaxınlaşmışlar. Polis əməkdaşı ona barəsində tədbir görüləcəyini bildirərək, şöbənin inzibati binasına aparmaq istəyərkən etiraz etmiş, dəfələrlə bu barədə bildirsələr də, o, haqsız yerə şöbəyə aparıldığını bildirmiş və imtina etmişdir. Digər polis əməkdaşlarıda yaxınlaşmışlar və onu polis şöbəsinin inzibati binasına gətirmişlər. Həmin vaxtda polis əməkdaşlarına qarşı etdiyi hərəkətlərə görə onlardan üzür istəyir. Göstərilən halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon polis şöbəsində İ nömrəli Nəzarət-Buraxılış məntəqəsində həmin şöbənin Post-Patrul Bölüyünün polis nəfəri, polis baş serjantı X10 ilə birlikdə xidmətdə olmuşdur. Xidmətdə olarkən təxminən saat 17:30 radələrində Vaz-2102 markalı, **-FR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil şöbənin giriş qapısında dayandı. Onun içindən bir neçə nəfər qadın və kişi yerə endi. Polis baş serjantı Sadiq Məmmədov həmin nəqliyyat vasitəsini idarə edən şəxsə yaxınlaşaraq ondan polis şöbəsinə hansı məqsədlə gəldiyini soruşduqda həmin şəxs heç bir məlumat vermədən kobud şəkildə "Maşınımızı vurublar, bizdə heç bir günah yoxdur, mənim yeznəm Elçinin vaxtını alırsınız" sözlərini deyərək onunla mübahisə edib münaqişə yaratmağa çalışdı. Adı ona sonradan məlum olan Ağdaş rayon sakini Şəxs polis baş serjantı Sadiq Məmmədovla mübahisə edərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt sonradan adı onlara məlum olan özünü sonuncunun qohumu kimi təqdim edən Ağdaş rayon sakini X6 şöbənin giriş qapısına yaxınlaşaraq nalayiq ifadələr işlətməyə başladı. Həmçinin sözü gedən avtomobildən düşən adları onlara məlum olmayan qadınlar da onlarla sözlü mübahisə edərək şöbənin giriş qapısını təpikləməyə çalışırdılar. Onlar Şəxs və Əliyev Elçini dəfələrlə nizam-intizama dəvət etmişlər, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı şöbədə aidiyyəti əməkdaşlar tərəfindən araşdırma aparılaraq onlara məlumat veriləcəyi barədə söhbətlər aparmışlar. Lakin sözügedən şəxslər, yəni Şəxs və X6 qəsdən onların qanuni tələblərinə tabe olmayıb nümayişkəranə hərəkətlər edir, bununlada kənardakı şəxslərin diqqətini özlərinə cəlb edir və xidmətlərinə maneəçilik törədirdilər. Həmin şəxslərin sakitləşməyəcəyini görüb şöbənin Növbətçi Hissəsinə bu barədə məlumat vermiş və İstintaq Əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəxs və Elçin Əliyev müvafiq qaydada tərəflərindən sakitləşdirilərək şöbənin Növbətçi Hissəyə gətirərək, barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Fuad Sakit oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İşdə olan 06 avqust 2023-cü il tarixli “X15 Haqqında” protokoldan görünür ki, Şəxs 06 avqust 2023-cü il tarixdə, saat 20:00-da tutulmuşdur. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, xırda xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində polis şöbəsinin qarşısında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərəəhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində polis şöbəsinin qarşısında ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozması, xırda xuliqanlıq etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 06 avqust 2023-cü il tarixdən saat 20:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 avqust 2023-cü il saat 20:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-425/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-425/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver