Məhkəmə qərarları › İş №3(025)-432/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-432/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-432/2023 11.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1995-ci il iyulun 06-da Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 avqust 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 11 avqust 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur. O mütəmadi olaraq onu narahat edir. Həmçinin evdə olmadığı müddətdə azyaşlı qızını evinə dəvət edərək “gəl sənə konfet almışam” demişdir. Bundan əsəbiləşmiş, xx.xx.2023-cü il tarixdə onun evindən çağırmış, lakin o evdə yox imiş. Orxan təxminən 10 dəqiqə sonra gəlmiş, evin qapısını bərk döyərək onu çağırmış, qapının qarşısına çıxmış, o əlində telefon ilə çəkiliş edərək “sən məni niyə çağırmısan” demişdir. Bu zaman mübahisə yaranmış, Orxan “sən evində səs küy edirsən, yata bilmirik” demiş, o isə Orxana telefonu söndür demiş, Orxan isə telefonu söndürməmişdir. Orxanın telefonunu əli ilə vurmuş, lakin telefonu yerə düşməmiş, həmin zaman evində qonaq qalan X4 da yanında imiş. Mübahisə zamanı Gülgün ilə birlikdə Orxanı itələmiş, Orxanın yaxasından tutaraq dartmış və onu itələmişdir. Daha sonra Orxan 102 xidmətinə zəng etmişdir. Hadisə zamanı Orxan, o və Gülgin orada olmuş, orada başqa heç kim olmamışdır. Hadisə zamanı Gülgün və o xəsarət almamışdır. Himayəsində 2 yetkinlik yaşına çatmamış uşağının olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh təqbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil Vəliyyədin oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs qonşusudur. O evində gecə saatlarında səs küy salaraq onları yatmağa qoymur, tanımadığı kişi və qadın cinsli şəxslər onun evinə gecə vaxtı gəlirlər. Ona bir neçə dəfə xəbərdarlıq etmiş, lakin o buna məhəl qoymamışdır. Bu barədə bir neçə dəfə polisə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində binanın həyətində olan zaman yoldaşı ona zəng edərək Nuranə ilə başqa bir qadın qapını döyüb, onu təhqir etdiyini demiş, buna görə qaldığı 4-cü mərtəbəyə çıxmış, görmüş ki, Nuranə və adı sonradan məlum olan Gülgün adlı qadın səs-küy salırlar. Buna görə telefonla çəkiliş edərək qapını niyə döydüyünü soruşmuş, o da “niyə polisə məndən şikayət etmisən deyərək” təhqiramiz sözlər işlətmiş, aralarında sözlü mübahisə yaranmışdır. İlk olaraq Nuranə onun əlindən vuraraq telefonu salmaq istəmiş, daha sonra isə boğazına əl atmış, 5-ci mərtəbəyə doğru qalxmaq istəmiş, Nuranə onun ayağına, cinsiyyət orqanına təpik ilə zərbə vurmuş, daha sonra Gülgün onun başına, qoluna sillə ilə zərbələr vurmuşdur. Onlar əl çəkmədiyinə görə pilləkənlər ilə aşağı düşmüş, həmin zaman Gülgün onu itələmiş, Nuranə köynəyinin yaxasından tutaraq cırmış, həyətə düşən zaman onlarda arxası ilə nalayiq ifadələr işlədərək düşmüş, birinci mərtəbədə dayanmış, onların hər ikisi yenə sillə və təpik ilə zərbə vurmuşlar. Buna görə həyətə çıxmış və 102 xidmətinə zəng etmişdir. Hadisə zamanı nə Nuranəni, nə də ki, Gülgünü vurmamış, itələməmişdir. Nuranənin qızına konfet verməmiş, Nuranə ona mütəmadi olaraq şər və böhtan atmış, mübahisə zamanı orada başqa heç kim olmamış, mübahisəni yoldaşı görməmişdir. Şəxs ilə barışmamış və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 344 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyunun sağ aşağı hissəsinin və sağ bazunun bayır orta 1/3-nin sıyrığı kimi xəsarətlər vardır, həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə və qeyd olunan şəraitdə törənə bilər, qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 iyul 2023cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1007 saylı, HK- 1/1009 saylı, HK-1/1011 saylı və HK-1/1012 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs və X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs himayəsində azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar