Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-433/2021 30.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1990-ci il iyulun 07-də Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru T.A.Həsənquliyevin tərtib etdiyi 30 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8741/2019 saylı, 16.12.2019-cu il tarixli və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4281/2020 saylı, 01.12.2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş 30.08.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8741/2019 saylı, 16.12.2019-cu il tarixli icra sənədinə əsasən 14.11.2019-cu il tarixdən başlayaraq Şəxs 29.07.2017-ci il təvəllüdlü X1 üçün hər ay 160 (bir yüz altmış) manat məbləğində sabit pul məbləğində müvəqqəti aliment tutularaq məhkəmə qətnaməsi qəbul edilənədək X7 ödənilməsi qət edilmişdir. Eyni zamanda Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4281/2020 saylı, 01.12.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 29 iyul 2020-ci il tarixdən başlayaraq 29 iyul 2017-ci il təvəllüdlü Cavadzadə Banu Cavid qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədlərinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədləri üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, 09.01.2020-ci il və 04.12.2020-ci il tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya göndərilmişdir. 11 yanvar 2021-ci il tarixli qərarla Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8741/2019 saylı, 16.12.2019-cu il tarixli və Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4281/2020 saylı, 01.12.2020-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Lakin borclu aliment borcunu tam ödəməmişdir. Həmçinin “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlak aşkar edilməmişdir. Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olduğu ünvana getmişlər və bu barədə akt tərtib etmişlər. Lakin tələbin yönəldə biləcəkləri əmlak aşkar olunmamışdır. Həmçinin Şəxs icra məmurunun çağırışlarına gəlmədiyindən 11 yanvar 2021-ci il tarixli “borclunun axtarılması haqqında” qərar qəbul olunmuşdur. Nəticədə Şəxs bu gün axtarışla Qəbələ rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Halhazırda isə Şəxs 3490 manat məbləğində yığılmış aliment borcu vardır. O, bu günə qədər aliment borcundan cəmi 400 manat ödəniş etmişdir. Şəxs aliment borcunu ödəməyə imkanı olmadığını bildirsə də, X10 alimet borcunun ödənilməsini tələb edir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun 3090 manat məbləğində aliment borcu vardır. Lakin imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. Belə ki, uzun müddətdir ki, işsiz olmuşdur. Hazırda isə yanğın balonlarının satışı ilə məşğul olur. Artıq 9 gündür ki işləyir və 450 manat əməkhaqqı alır. Həmçinin satış etdiyi hər balondan əlavə faiz əldə edir. Artıq işləyir və aliment borcunu hissəhissə ödəyəcəkdir. Məhkəməyə rəsmi olaraq işləməsi barədə sənəd təqdim edə bilmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs X10 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni zərərçəkmiş şəxs və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8741/2019 saylı, 16.12.2019-cu il tarixli icra sənədinə əsasən 14.11.2019-cu il tarixdən başlayaraq Şəxs 29.07.2017-ci il təvəllüdlü X1 üçün hər ay 160 (bir yüz altmış) manat məbləğində sabit pul məbləğində müvəqqəti aliment tutularaq məhkəmə qətnaməsi qəbul edilənədək X7 ödənilməsi qət edilmişdir. - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4281/2020 saylı, 01.12.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 29 iyul 2020-ci il tarixdən başlayaraq 29 iyul 2017-ci il təvəllüdlü Cavadzadə Banu Cavid qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin 09.01.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8741/2019 saylı, 16.12.2019-cu il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin 04.12.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-4281/2020 saylı, 01.12.2020-ci il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - “Elektron icra” informasiya sistemindən Çıxarışlardan görünür ki, Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, 09.01.2020-ci il tarixli və 04.12.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarların surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında işsiz olduğuna görə aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, uzun müddət işləməməsi, hal-hazırda maddi imkanının olmaması barədə Şəxs dəlilləri əsaslı deyil və qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun uzun müddət işsiz olması, hal-hazırda maddi imkanının olmaması barədə dəlili uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunmuş aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Göstərilən xüsusatlar Şəxs maddi durumunun ağır olmasına, işsiz olmasına yox, aliment öhdəliyinə səhlənkar yanaşmasına və alimenti ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Halbuki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 30.08.2021-ci il tarixdən saat 12:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 avqust 2021-ci il saat 12:30-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-433/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-433/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver